İtkin ailələrinə doğmalarının taleyi barədə cavab verilməsi üçün
“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda Azərbaycanda ilk beynəlxalq konfrans keçirildi
May ayının 23 və 24-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası), Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu (AEAİ) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans baş tutub.
Dövlət Komissiyasının BQXK ilə birgə işləyib hazırladığı “Münaqişə ilə bağlı itkin düşmüş şəxslərin qalıqlarının tapılması və identifikasiyası üzrə pilot layihə” multidissiplinar humanitar məhkəmə ekspertizası yanaşması olaraq, BQXK-nın texniki məsləhət və dəstəyi ilə Dövlət Komissiyasının koordinasiyası altında həyata keçirilir. Layihə çərçivəsində aidiyyəti qurumlar itkin düşmüş şəxslərin axtarılması, insan qalıqlarının götürülməsi, analizi və identifikasiyası üzərində birgə işləyərək Azərbaycan tarixində ilk olan məhkəmə arxeologiyası və məhkəmə antropologiyası yanaşmasının əsasını qoyublar.
Əldə olunan uğurlu nəticələr ölkədə məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının elmi əsaslarının qoyulması ehtiyacını üzə çıxarıb. Qeyd edilən sahələrin məhkəmə tibbi ekspertizası üçün önəmini nəzərə alan AEAİ Dövlət Komissiyası və BQXK-ya Bakıda məhkəmə arxeologiyası və məhkəmə antropologiyası üzrə ilk beynəlxalq konfransı təşkil etməyi təklif ediblər.
Konfransın məqsədi müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək həm texniki biliklərin, həm də sahə təcrübəsinin bölüşülməsi yolu ilə Azərbaycanda məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının inkişafına töhfə verməkdir. Eyni zamanda, konfrans yeni nəsil tədqiqatçıları da bu mövzudakı müzakirələrə qatılmağa təşviq edir.
“İnsan qalıqlarının identifikasiyası uzun prosesdir. Bu zaman yalnız bioloji istinad nümunələrinə arxayın olmamaq önəmlidir, o sadəcə əlavə bir informasiyadır. Bu proses zamanı multidissiplinar yanaşma çox önəmlidir və məhkəmə patologiyası, məhkəmə antropologiyası, məhkəmə stomatologiyası və genetika kimi sahələrin qarşılıqlı şəkildə əməkdaşlığını tələb edir”. BQXK-nın Məhkəmə tibbi ekspertizası departamentinin sabiq rəhbəri, Məhkəmə antropoloqu Dr. Luis Fondebrider belə deyib.
BQXK-nın Məhkəmə tibbi ekspertizası departamentinin sabiq rəhbəri, Məhkəmə antropoloqu Dr. Luis Fondebriderin, Birləşmiş Millətlər Təşkilatının Kiprdə İtkin Düşmüş Şəxslər Komitəsindəki nümayəndəsi xanım Paul-Anri Arnin, Ankara Universiteti Antropologiya departamentinin rəhbəri professor Dr. Ayla Sevim Erol, Ankara Universiteti Antropologiya departamentinin fiziki antropoloqu, professor Dr. Timur Gültəkin, BQXK-nın Məhkəmə tibbi ekspertizası sahəsində Avrasiya üzrə regional rəhbəri Dr. Metyu Vennemeyer, eləcə də digər beynəlxalq ekspert və azərbaycanlı alimlərinin qatıldığı iki günlük tədbirdə baş tutan maraqlı müzakirələr və təqdimatlar məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının AEAİ daxilində akademik fənn kimi yaranması və bu istiqamətdə gələcək mütəxəssislər yetişdirmək yönündə ciddi niyyəti ortaya qoyub.
BQXK-nın Məhkəmə tibbi ekspertizası sahəsində Avrasiya üzrə regional rəhbəri Metyu Vennemeyer ümid edir ki, konfrans itkin düşmüş şəxslərlə bağlı fəaliyyətlərə dair ehtiyaclara, toplanmış məlumatların qorunması və itkin ailələrinə onların doğmalarının taleyi barədə cavab verilməsi üçün olan tələblərə və mürəkkəb təcrübələrə diqqət yönəldəcək: “Uzun perspektivdə bu konfrans Azərbaycanda olan akademik institutların inteqrasiyası ilə birgə bacarıqların artırılması və bu sahədə qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığa töhfə verə bilər”.
İtkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində Azərbaycan Respublikasının kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Komissiyası və BQXK bu təşəbbüsə gələcəkdə də dəstək verməyə hazırdırlar.
Şərhlər bağlıdır.