Qabil Yusifovla müsahibə
Qabil ilk öncə səni tanıyaq: Erkən yaşlardan parlayan istedadınız barədə eşitmişik. Bilirik ki, 5 yaşınızda artıq iki dildə – Azərbaycan və rus dillərində oxuyub-yazırdınız. Bu qədər erkən formalaşan maraq və istedad sizə gələcək təhsilinizi necə asanlaşdırdı?
Uşaqlıqdan iki dildə yazıb-oxuma bacarığına sahib olmaq düşüncələrimin, söz ehtiyatımın daha geniş formalaşmasına kömək etdi. Bu, məni daha tez öyrənməyə, araşdırmağa və biliklərimi dərinləşdirməyə həvəsləndirdi. İbtidai və orta məktəb illərində fərqli fənlər üzrə materialları rahat şəkildə mənimsəyir, yeni bilikləri sürətlə qavrayırdım. Bu erkən qazanılmış bacarıqlar sonrakı təhsil mərhələlərində mənim üçün böyük üstünlük oldu.
Ali təhsilinizi Mingəçevir Dövlət Universitetində “Turizm və otelçiliyin təşkili” ixtisası üzrə aldınız, hazırda isə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura səviyyəsinə yüksəlmisiniz. Akademik fəaliyyətinizdə aktivliyinizi, universitet tədbirlərində liderlik keyfiyyətlərinizi necə formalaşdırdınız?
Universitet mühiti mənə təkcə akademik biliklər qazandırmadı, eyni zamanda şəxsi keyfiyyətlərimin inkişafında böyük rol oynadı. Tədbirlərə qoşulmaq, tələbə təşkilatlarında fəaliyyət göstərmək, müxtəlif layihələrdə iştirak etmək mənim liderlik bacarıqlarımı təkmilləşdirdi. Universitet rəhbərliyinin, xüsusən də hörmətli rektor Şahin Bayramovun dəstəyi və təqdim etdiyi imkanlar sayəsində fəal iştirakım dəyərləndirildi, bir neçə dəfə fəxri fərmanlara layiq görüldüm. Bu da mənə əlavə motivasiya verdi.
Siz yalnız təhsildə deyil, idmanda, incəsənətdə və sosial fəaliyyətlərdə də uğur qazanırsınız. Gənclərin Yay Vətənpərvərlik düşərgələrində, könüllü layihələrdə iştirakınız sizə nələr öyrətdi?
Bu fəaliyyətlər mənə müxtəlif yönlərdən təsir etdi. Gənclərin Yay Vətənpərvərlik düşərgələrində iştirak edərək komanda işi, liderlik, vətənpərvərlik duyğularım daha da möhkəmləndi. Könüllü olaraq Mingəçevir Uşaq və Ailəyə Dəstək Mərkəzi ilə əməkdaşlıq isə məni sosial məsuliyyət daşımağa, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və gənclərə dəstək olmağa sövq etdi. Bu təcrübələr yalnız mənim üçün deyil, cəmiyyət üçün də faydalıdır.
Bildiyimizə görə, siz yaradıcılıq bacarıqlarınızı müxtəlif istiqamətlərdə sınayırsınız – aktyorluq, aparıcılıq, rəqqaslıq, bədii qiraət, rəsm, foto və videomaterialların hazırlanması. Xüsusilə fotoqrafiya ilə maraqlanırsınız. Daha çox hansı janrda şəkillər çəkməyi sevirsiniz və bu sizə nə verir?
Fotoqrafiya mənim üçün ətraf aləmi daha fərqli prizmadan görmək imkanı yaradır. Xüsusilə natura fotolar çəkməyə üstünlük verirəm – təbiətin füsunkar mənzərələri, günün fərqli saatlarında dəyişən işıq və kölgə oyunları, səmimiyyəti əks etdirən anlar mənə ilham verir. Bu cür şəkillər insanı sakitləşdirir, sanki dünyaya fərqli rakursdan baxmağa vadar edir. Fotoqrafiya sayəsində həm incəsənət duyumumu inkişaf etdirir, həm də mənəvi rahatlıq tapıram.
Eşitdiyimizə görə modellik sahəsində də fəaliyyət göstərirsiniz. Modellik sizin üçün hansı mənaları daşıyır? Öz şəxsiyyətinizi bu sahədə necə ifadə edirsiniz?
Modellik mənə özümü fərqli vizual formalarla ifadə etmək imkanı verir. Kamera qarşısında durmaq, geyim, poza, işıq kimi amillərlə işləmək yaradıcılığın başqa bir istiqamətidir. Bu sahədə mən özünüifadə, inamlı duruş, estetik görüntü yaratmaq bacarığımı təkmilləşdirirəm. Beləliklə, modellik də mənim üçün incəsənətin bir formasıdır, öz şəxsiyyətimi, enerjimi və individual stilimi göstərməyin maraqlı bir yoludur.
Gələcək planlarınız nədən ibarətdir? Həm akademik, həm də yaradıcılıq istiqamətində hədəfləriniz hansılardır?
Akademik planda hazırda magistr təhsilimi uğurla başa çatdırmaq və ixtisasım üzrə peşəkar karyera formalaşdırmaq istəyirəm. Eyni zamanda, yaradıcılıq fəaliyyətlərim – fotoqrafiya, modelllik, incəsənətlə bağlı digər sahələrdə də irəliləməyi düşünürəm. İş həyatında qazandığım bilik və təcrübəni yaradıcılıqla birləşdirərək, gələcəkdə innovativ layihələr həyata keçirməyi, fərqli konsepsiyalarla həm biznes, həm incəsənət sahələrində öz izimi qoymağı arzulayıram.
Son olaraq, sizə ilham mənbəyinizin nə olduğu barədə sual vermək istərdik. Sizi bu qədər çoxşaxəli fəaliyyətlərə həvəsləndirən əsas amil nədir?
Məni ən çox həvəsləndirən, stimul verən şey ətrafımdakı insanların dəstəyi, Allahın mənə bəxş etdiyi istedad və anama, müəllimlərimə, dostlarıma olan borcluluq hissidir. Onların dəstəyi və inamı mənə güc verir. Bu motivasiya sayəsində mən daim daha yaxşı olmağa, yeni zirvələrə çatmağa çalışıram. Ümid edirəm ki, nailiyyətlərimlə onlara, eləcə də bütün gənclərə ilham qaynağı ola bilərəm.
Təşəkkür edirik, Qabil bəy. Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar, yaradıcılıq dolu günlər və peşəkar karyeranızda daha böyük nailiyyətlər arzulayırıq.
Mən təşəkkür edirəm. Ümid edirəm, bu söhbət digər gənclərə də ruhlandırıcı təsir edəcək. Uğurlar hamımıza!
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.