“İstedad Əngəl Tanımır” mövzusunda onlayn görüş təşkil edilib
Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir. Məqsəd Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhfə verməyə, onların istedadlarını ictimaiyyətə təqdim etməyə yönəlib.
Dünən, avqustun 30-da təşəbbüs komandasının təşkilatçılığı ilə tanınmış gənc publisist Orxan Adıgözəllə “İstedad Əngəl Tanımır” mövzusunda onlayn görüş təşkil edilib. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri Aydan Zeynalova və Səbinə Rəcəbova, mentoru isə Həmid Hüseynli idi. Tədbirə Bərdədən qatılan QHT fəalı və “Yarat, inkişaf et, töhfə ver” proqramının əməkdaşı Namaz Kərimov isə ekspert qismində iştirak edib.
Müzakirədə Orxan Adıgözəl maraqlı həyat hekayələrini və təcrübələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıb. Görüş zamanı Mingəçevir, eləcə də respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan fiziki məhdudiyyətli insanların mövqeləri və onları narahat edən məsələlər haqqında fikir mübadiləsi aparılıb, maraqlı təklif və təşəbbüslər səsləndirilib.
Təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.
Şərhlər bağlıdır.