İşsiz gənc analar maliyyə bacarıqlarını artırırlar
“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü çərçivəsində 12 günlük təlimi uğurla başa vuran 20 qadın sertifikatlarla təltif edilib
“Mingəçevirdə Valideyn Təlatümü” təşəbbüsü üzrə 2023-cü il dekabrın 7-dən başlayan psixoloji və hüquqi təlimlərin ardınca dekabrın 21-dən 24-dək iqtisadi təlim keçirilib. Nəzəri və praktik nümunələr, ev tapşırıqları və qrup işləri, işverənlərlə görüşlər, bilikləri ilkin və son qiymətləndirmə, biznes planlarını hazırlama, ən nəhayət sertifikatlarla təltif olunma bu həftəni işgüzar və yaddaqalan edib.
İqtisadçı Elnur Həsənzadə 4 gün ərzində işsiz gənc analar üçün iqtisadi resurslara, maliyyə xidmətlərinə çıxış imkanları, pulu necə qazanmaq və xərcləmək, məhsulu və ya xidməti realizə etmək yolları və mühasibatlıq barədə danışıb.
Təlimin ilk günündə hazırkı bazar mühitində peşəyə uyğun işin axtarılması metodologiyası, yeni peşə və bacarıqlar əldə etmək üçün fəaliyyətlərin qurulması, mikro-sahibkar kimi fəaliyyətə başlanması, startap layihələri, özünüməşğulluq və digər dövlət dəstək mexanizmləri haqda məlumat verilib. Sonrakı günlərdə təlimçi gəlir gətirən ənənəvi üsullar, beynəlxalq təcrübə, dayanıqlı iqtisadiyyat, hesabatlılıq, proqnozlaşdırma, məlumat toplama üçün elementar bacarıqlara diqqəti yönəldib.
“İştirakçılarla satış kanalları, onların müəyyən edilməsi, təklif edilən məhsul və ya xidmətləri təqdimetmə, bazarın öyrənilməsi, rəqabətin müəyyən edilməsi, xidmətlərə çıxış və innovasiyalardan istifadə bacarıqları barədə də biliklərimi bölüşdüm. Onlara sahibkar klubu və ya şəbəkəsinin yaradılması, elektron satış, natural satış və natural satış üsullarını izah etdim”.
Bu fikirləri Elnur Həsənzadə mi-news.az-ın müxbiri ilə söhbətində deyib. Həm də əlavə edib ki, vergi məlumatlarının və rüblük hesabatların təqdim edilməsi, vergi güzəştləri, uçotun lokal səviyyədə təşkili barədə də interaktiv müzakirələr aparılıb.
Dövlət Məşğulluq Agentliyinin məsul əməkdaşı Elməddin Səmədov Azərbaycanda məşğulluq siyasəti, özünəməşğulluq proqramı barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının Mingəçevir nümayəndəsi Vaqif Həsənov isə sahibkar olmağın yolları və dəyəri barədə fikirlərini bölüşüb.
12 gün davam edən təlimləri uğurla başa vuran 20 iştirakçı sertifikatlarla təltif edilib.
Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Mingəçevir Resurs Mərkəzi tərəfindən icra edilir.
Şərhlər bağlıdır.