“İşıqlı Gələcək” İctimai Birliyi “Region gənclərinin intellekt akademiyası”nı yaradır
Oktyabrın 21 və 22-də “İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində intellektual yarış keçirib. Mingəçevir Dövlət Universitetində təhsil alan tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq Mingəçevir Dövlət Universitetində təhsil alan region gəncləri 8 komandadan ibarət olmaqla öncə “Nə? Harada? Nə zaman?” (NHN), daha sonra isə “Xəmsə” intellektual yarışında özlərini sınayıblar.
Gərgin keçən yarışların nəticəsi olaraq universitetin 16 komandasından “İOS11”, “Qarabağ”, “Light City” və “İslam” komandaları topladıqları xallara uyğun olaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.
Layihənin növbəti turu oktyabrın 28 və 29-da Mingəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində təhsil alan tələbələr üçün, noyabrın 4-də isə müxtəlif kateqoriyalardan olan şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında təşkil ediləcək. Yarışların final mərhələsi Mingəçevir şəhərinin 69 illiyi ərəfəsində, şəhər ictimaiyyətinin iştirakı ilə keçiriləcək.
“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov bu cür intellektual yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığını vurğulayıb.
Şərhlər bağlıdır.