İşinin peşəkarı və saf əqidəli insan
İnşaatçı.az onlayn qəzetinin şəhərimizin fəxri Rafiq Paşayevin 75 illik yubileyinə həsr etdiyi məqaləni oxucularımızın diqqətinə çatdırırıq.
O, bu gün respublikamızın tikinti quruculuq sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, rəhbərlik etdiyi kollektivdə də bir rəhbər kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində rəhbərlik etdiyi zavodda peşəkar, öz işinin öhdəsindən layiqincə gələn mühəndis-texniki kadr potensialı toplanmışdır.
Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.
Söhbət “Azəraqrartikinti” ASC-nin Mingəçevir Dəmir-Beton Məmulatları Filialının direktoru, tanınmış mühəndis, mart ayının 1-i tarixində 75 yaşı tamam olan Rafiq Xammət oglu Paşayevdən gedir.
Paşayev Rafiq Xammət oglu 01 mart 1945-ci ildə Qax rayonunun Qarabaldır kəndində anadan olub. 1951-1961-cı illərdə orta məktəbdə oxuyub. 1961-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub və 1962-1964-cü illərdə Xəzər Gəmiçiliyi İdarəsində matros kimi fəaliyyət göstərib.
1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almış və muhəndis-mexanik diplomu ilə təyinatla Mingəçevir Şəhər Texniki Rezin Məmulatları Zavoduna göndərilmişdir. Lakin tikintisi başa çatmayan zavodda yeni işə salınacaq sexlərin texnoloji cəhətdən işləri təmin edəcək xüsusi biliyə malik mütəxəssisləri olmadıgı üçün bu biliklərə sahiblənməsi və əsas sexlərin işə salınmasını təmin etmək məqsədilə Rafiq Paşayev 1969-1970-ci illər ərzində Rusiyanın Kursk və Sverdlovsk şəhərlərində və Belarusiyanın Moqilyov şəhərində xüsusi ixtisas kursları keçərək 1970-ci ilin sonunda geri qayıtmışdır.
Rafiq Paşayev 1970-ci ilin sonunda zavodun iqtisadi cəhətdən əsasını təşkil edən konveyer lenti sexini, sonra isə pazvari qayışlar sexini yüksək səviyyədə işə salaraq zavodun iqtisadi cəhətdən уuksəlişinə təkan vermişdir. O, bu illər ərzində 100-dən çox səmərələşdirici təklif irəli sürmüş və həyata keçirmişdir ki, nəticədə zavod çox böyük gəlir əldə etmişdir. Bu görülən işlərin nəticəsi olaraq Rafiq Paşayev 1974-cü ildə rcspublikanın əməkdar səmərələşdirici mühəndisi diplomu ilə mükafatlandırılmışdır.
1975-ci ildə onun təklifi ilə yeni Regenerat sexinin inşasına başlanılır və о, sexə rəis təyin edilir. Bu sexin əsas məqsədi respublikamızın bütün bölgələrindən istifadəsini başa vurmuş bütün növ şinlərin yıgılaraq bu sexə təhvil verilməsi və əsasən respublikada ekoloji tarazlığın qorunmasına töhfə vermək idi. Burada həmin könhə şinlər dogranaraq regenerasiya olunur və regenerat istehsal olunur ki, bu da rezin istehsalında xaricdən alınan kauçukun azaldılmasına səbəb olurdu. Yəni, util şinlərdən yeni məhsul alınırdı ki, bu da böyük iqtisadi səmərə demək idi.
1979-cu ildə zavoddakı durum Rafiq Paşayevi qane etmədiyi üçün o, Mingəçevir şəhərində inşa edilən Az.DRES-nın tikintisində aparıcı rolu olan “Hidroxüsusitikinti“ İdarəsində baş mexanik vəzifəsində fəaliyyətə başlayır. Bu idarənin əsas tikinti obyektləri Az.DRES, Sərsəng su anbarı, Arpaçay su anbarı, Viləşçay su anbarı və Az.DRES üçün su təminatını təmin edən Bozdagın altından çəkilən tunelin tikintisi idi. Bu idarədə Rafiq Paşayevin işgüzarlığı və işə münasibəti ozünü daha yaxşı göstərməyə başlayır.
Lakin 1981-ci ildə Texniki Rezin Məmulatları zavodunda işlərin yaxşı olmadığını nəzərə alaraq Mingəçevir Şəhər Partiya Komitəsi Rafiq Paşayevi partiya xətti ilə yenidən Texniki Rezin Məmulatları zavoduna qaytarmaq istəsə də, o, buna razılıq vermir, Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin 19 nömrəli Tikinti Quraşdırma İdarəsində (TQİ-19) baş mühəndis vəzifəsinə qəbul olunur.
Hələ 1978-ci ildə Mingəçevir şəhərində “Başkolxozsovxoztkinti” İdarəsinin Kənd Tikinti Kombinatı kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuş böyük bir Dəmir beton məmulatları zavodunun tikintisinə başlanılmış və nəzərə alınmışdı ki, bu zavodun tikintisi üçün nəzərdə tutulmuş sahədə bir poliqon yaradılsın və zavodun tikintisinə lazım olan dəmir-beton məmulatları bu poliqonda hazırlansın və zavodun tikintisi başa çatdırılsın. Ancaq 1982-ci ilə kimi zavodun tikintisi üçün lazım olan dəmir beton məmulatlarını təşkil olunmuş poliqonda istehsal edə bilmədikləri üçün zavodun tikintisi dayandırılmışdı. Rafiq Paşayevin bu işin öhdəsindən gələ biləcəyini nəzərə alan Baş idarənin rəhbərliyi onu nəzərdə tutulmuş zavoda direktor təyin etmiş və bütün işlərə rəhbərlik ona həvalə edilmişdir. Rafiq Paşayev direktor kimi fəaliyyətə başladıqdan 3 ay keçməmiş nəinki zavodun tikintisini lazım olan bütün növ dəmir beton məmulatları ilə təmin etmiş, eyni zamanda satış üçün respublikanın bütün bölgələrinə kənd təsərrüfatı yönümlü obyektlərin tikintisi üçün lazım olan dəmir beton məmulatları istehsal etmiş və bu obyektləri dəmir beton məmulatları ilə təmin etmişdir. Sonrakı illərdə isə tikilən obyektlərin təyinatına uyğun istehsal olunan məhsulların nomenklaturası genişləndirilmişdir.
Rafiq müəllim məhsul istehsalını artırmaqla kifayətlənməmiş, əsas məqsədi yeni texnologiyanı tətbiq etməklə metal sərfini 2 dəfədən çox azaltmaq və keyfiyyəti daha da yüksəltmək olmuşdur. İstehsal olunan bütün örtük plitələri, rigellər və fermalar qabaqcadan gərginləşdirilmiş polad armatur çubuqlardan və kanatlardan istifadə olunmaqla istehsal olunurdu ki, bu da dəmir beton konstruksiyaların əsasını təşkil edən metalın sərfinin 2 dəfədən çox azalmasına gətirib çıxarırdı. Bu işlər böyük məsuliyyət tələb edirdi, çünki tətbiq olunan betonun lazımi möhkəmlik həddindən aşagı olması məhsulun qəlibdən çıxarıldığı andaca dağılmasına səbəb olardı.
Qeyd etmək lazımdır ki, zavodun fəaliyyəti və istehsal etdiyi məhsulların nomenklaturası zavodun, o zamankı, tabe olduğu baş idarəni qane etdiyindən onlar zavodda daha müasir məhsulların istehsalına, yeni texnoloji xətlərin istifadəyə verilməsinə, yeni texnikadan və səmərələşdirici təkliflərdən istifadə olunmasına elə də fikir vermirdilər. Zavod rəhbərliyi bunları həyata keçirməyə cəhd göstərsə də mütəxəssis çatışmazlığına görə çətinliklərlə üzləşirdilər.
1985-ci ildə respublikada aparılan islahatlar ilə əlaqədar “Dövlətaqrosənayetikinti” Birliyi yarandı ki, bir neçə tiкinti nazirlik və baş idarələri birləşdirilərək bu quruma daxil edildi və struktur dəyişikliyi nəticəsində zavod yenidən yaradılmış 1 nömrəli “Aqrosənayetikintimaterialları” trestinin labeliyinə verildi. Bu trestin rəhbərliyi dəmir beton məmulatı istehsalı ilə uzun illər məşğul olduqları üçün və yeni yaradılmış birliyin inşa etdiyi obyektlər müxtəlif yönümlü və çoxşaxəli olduğundan Mingəçevir Dəmir Beton Məmulatları Zavodu tərəfindən istehsal olunan məhsullara dərhal dəyər verildi və zavodun istehsal sürəti daha da artırıldı və həmçinin kollektivin rəhbərliyində sabaha inam yarandı. Onlar daha məhsuldar işləməyə və yeni texnologiyanı daha çox tətbiq etməyə başladılar. Nəticədə çox miqdarda yeni məhsul növlərinin istehsalına başlanıldı. Respublika miqyaslı ən əhəmiyyətli tikinti obyektlərinin dəmir beton məmulatları ilə təminatı bu zavoda həvalə olunmağa başladı və zavodun istehsal gücü tez zamanda artaraq 100 min kub metrə yaxınlaşdı ki, o zaman belə inkişafı heç kim gözləmirdi.
Zavodun istehsal etdiyi məhsullar demək olar ki, respublikanın bütün rayonlarında inşa olunan sənaye və kənd təsərrüfatı yönümlü obyektlərin, məktəblərin, yaşayış evlərinin, xəstəxanaların və digər sosial obyektlərin tikintisinə göndərilirdi.
1989-cu ildə “Aqrosənayetikinti” Birliyi parçalandı və zavod yeni yaradılmış “Azəraqrartikinti” Dövlət Şirkətinin tabeliyinə verildi. Bu şirkətin inşa etdiyi obyektlərə müvafiq zavodun fəaliyyətində dəmir beton məmulatlarının istehsalı azaldı. Ancaq Mingəçevir şəhərində inşa edilən hər hansı obyektin dəmir-beton məmulatı ilə təmin edilməsi bu zavodun təminat planına daxil edilməsə də, zavodun bu şəhərdə yerləşdiyi nəzərə alınaraq 1983-cü ildən bu şəhərdə inşa edilən bütün obyektlər, məktəblər, xəstəxanalar və başqa tikinti obyektlərini tam mənasında bu zavod dəmir beton məmulatları ilə təmin etmişdir.
Çox təəssüflər olsun ki, 90-cı illərdə şəhərdəki müəssisələrin əksəriyyəti dağıdılaraq məhv edildi. Əksər zavod rəhbərləri bilə-bilə ki, həmin zavodların istehsal etdiyi məhsullar gələcəkdə xaricdən alınacaq, ancaq bu hallara göz yumdular. Lakin Rafiq Paşayev zavodu tam gücü ilə qoruyub saxlamağa nail oldu.
Hazırkı vaxtda isə zavod “Azəraqrartikinti” ASC-nin Mingəçevir Dəmir-Beton Məmulatları Filialı kimi fəaliyyətini davam etdirir. Son 15 ildən çox bir dövrdə Rafiq müəllim filialı dövlət sifarişi ilə bərabər şəxsi sifarişlər hesabına saxlaya bilir.
Rafiq Paşayev Qarabag ugrunda gedən müharibə zamanı həmişə əsgərlərimizin yanında olmuş, onların ailələrinin təminatında yardımçı olmuşdur. Bu muharibə zamanı zavod 7 şəhid verib və Rafiq müəllim bütün şəhid ailələrini zavodun daxili imkanları hesabına evlə təmin edib və bu gün bununla fəxr edir. Çünki heç bir şəhid ailəsi heç vaxt köməksiz qalmadı.
Qarabag müharibəsi zamanı Kəlbəcər və Ağdam rayonunun işgalından sonra bu rayonlardan 70 ailə, yəni 300-dən çox qaçqın bu zavodun inzibati binasında yerləşdirilib və bu gunə kimi bu inzibati binada yaşamaqda davam edirlər. Rafiq müəllim sifarişlərin azaldığı indiki zamanda çətin də olsa bu qədər qaçqının yaşama şəraitinə köməklik göstərir.
Tikinti ona həyatda hər şey verib, tikinti ictimaiyyəti arasında nüfuz, hörmət və gözəl dostlar qazandırıb. Və şübhəsiz ki, normal yaşayış tərzini, gün-güzəranını da bu sənətlə qurub. Bu sənətdə özünü tapıb.
Rafiq müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan və inşaat mühəndisi kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.
Onun əməyi hər zaman rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, ölkənin tikinti quruculuq yönümündəki çoxillik səmərəli fəaliyyətinə və qazandığı nailiyyətlərə görə çalışdığı baş idarələrdə dəfələrlə “Fəxri Fərmanı”larla, pul mükafatları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Rafiq müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır.
Bu gün cəsarətlə demək olar ki, Rafiq Paşayev adı bacarıqlı tikinti müətəxəssisi və rəhbəri kimi Azərbaycanın tikinti-quruculuq tarixinə yazılmış mühəndislərdəndir. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.
Rafiq müəllim bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir.
Bu gün ölkəmiz yenidən qurulur, respublikamızın hər guşəsində nəhəng tikinti-quruculuq işləri aparılır. Cənab Prezidentimiz, möhtərəm İlham Əliyevin rəhbərliyi altında paytaxtımızda və bölgələrimizdə möhtəşəm tikinti-quruculuq işləri yerinə yetirilir. Gözlərimizin qarşısında yeni bir möhtəşəm Azərbaycan yaranır və inkişaf edir. Və… bu gün müstəqil Azərbaycanımızı tikib ucaldan inşaatçılar və inşaat kollektivləri arasında Rafiq Paşayev və onun kollektivi də var.
Sonda Rafiq Paşayevi anadan olmasının 75 illik yubileyi münasibəti ilə “İnşaatçı” qəzetinin yaradıcı kollektivi, çoxsaylı oxucularımız və Rafiq müəllimi tanıyan tikinti ictimaiyyəti nümayəndələri adından səmimiyyətlə təbrik edir, ona gələcək iş fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, uzun və mənalı ömür illəri arzulayırıq.
Əminik ki, hələ uzun illər Rafiq Paşayev mühəndisliyi bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadi yüksəlişinə daha böyük töhfələr verəcəkdir.
75 yaşın mübarək, gözəl insan, böyük inşaatçı!
Zərbalı MİRZƏ
Rafiq müəllimin başçılıq etdiyi zavodun istehsal etdiyi məhsullarla inşa edilən binalardan bir neçəsi:
Şərhlər bağlıdır.