İqtisadiyyat Nazirliyinin məsul nümayəndəsinin fikrincə, dövlət çoxmənzilli binaların saxlanmasında bundan sonra da köməyini əsirgəməyəcək
“Dövlət fonduna məxsus olan mənzillər artıq insanların mülkiyyətinə verilib. Bu gün hər kəs başa düşməlidir ki, onlar binanın mənzilləri ilə bərabər ümumi istifadədə olan hissələrinin (lift, pilləkan qəfəsləri, dam örtüyü, zirzəmi, həyət və s.) saxlanması üçün də məsuliyyət daşıyır”.
Bu fikirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov Mingəçevirdəki N.Gəncəvi, “Türk binası” və “Şəfəq” məhələ komitələri ilə görüşləri zamanı səsləndirib. Görüşlər Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 20-21 mayda gerçəkləşdirdiyi layihə çərçivəsində baş tutub. Hökumətin mənzil mülkiyyətçiləri ilə münasibətlərinə aydınlıq gətirən F.Dadaşovun sözlərinə görə, ölkə başçısı köhnəlmiş binaların əsaslı təmiri, xüsusən dan örtüklərinin dəyişdirilməsi üçün Prezidentin ehtiyat fondundan mütəmadi olaraq vəsait ayırır. Təkcə son 2 ildə 8 milyon manat ayrılıb və bununla 160 binanın dam örtüyü dəyişdirilib: “Dövlət çoxmənzilli binaların saxlanmasında bundan sonra da köməyini əsirgəməyəcək. Ancaq mənzil mülkiyyətçiləri başa düşməlidirlər ki, onlar özəlləşdirdikləri mənzilə görə binalarının saxlanmasına cavabdehdirlər. Bunu müvafiq qanunvericilik, 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi tələb edir”
Bakıdakı Xətai-3 MMMC-nin idarə heyətinin sədri Mehman Nağıyev görüşdə öz təcrübəsi ilə bölüşüb. O, bildirib ki, MMMC-ni 4 il qabaq yaradıblar və bununla da komendant özbaşınalığından canlarını qurtarıblar: “Binanı tikən şirkət onun idarəetməsini də əlindən saxlamışdı və məqsədi heç bir xidmət göstərmədən mənzil mülkiyyətçilərindən hər ay ağlasığmaz pul toplamaq idi. Biz qanuna uyğun şəkildə yığıncağımızı keçirdik, yeni idarəetmə qurumunu yaratdıq, aramızdan Idarə heyətini və Nəzarət Təftiş komissiyasını seçdik, Bir faktı deyim ki, 18 mərtəbəli binanın lifti yarıtmaz, təhlükəli vəziyyətdə idi. MMMC adından Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Bu, 102 mənzil mülkiyyətçisinin səsinin ifadəsi idi. Və gözlədiyimiz reakiya oldu, lift dəyişdirildi. Başqa problemlərin də həllinı nail olmuşuq. Yığıncağımızın qərarı ilə tariflər müəyyənləşdirmişik və fond yaratmışıq. Həm də müxtəlif qurumlardan kömək alırıq”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev mülkiyyətçilərin mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu seçməsi, MMMC-lərin yaradılmasıyla bağlı toplantıların keçirilmə qaydasi və sənədlərin hazırlanması, MMMC-lərlə sahə mülkiyyətçiləri arasında yaranan anlaşılmazlıqlar və onların həlli proseslərinin qanunla necı tənzimləndiyini izah edib. Mingəçevir Bələdiyyəsinin komissiya sədri və layihə rəhbərinin köməkçisi Zahid Qasımlı isə çoxmənzilli binanın saxlanma xərcləri və Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin üstünlüklərindəm, yerli bələdiyyələrin mənzil fondunun idarə edilməsində məsuliyyəti və rolundan bəhs edib.
Görüşlərrdə sakinlərin çoxsaylı sualları cavablandırıb. Bundan sonra regional ARB Aran kanalında layihə ilə bağlı çəkiliş aparılıb. Müzakirədə MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Fərrux Dadaşov, Bakıdakı Xətai-3 MMMC-nin idarə heyətinin sədri Mehman Nağıyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev, Mingəçevir Bələdiyyəsinin komissiya sədri və layihə rəhbərinin köməkçisi Zahid Qasımlı, Mingəçevirdəki N.Gəncəvi məhəllə komitəsinin sədri Əbülfət Babayev, “Türk binası” məhəllə komitəsinin sədri Ağahüseyn Xəlilov, “Şəfəq” məhələ komitəsi idarə heyətinin üzvü Arif Mahmudov iştirak ediblər.
“Binamızı özümüz idarə edək” devizi ilə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi adlı 3 aylıq layihəyə aprelin 16-dan başlanıb.
Şərhlər bağlıdır.