İqtisadi inkişafa innovativ yanaşma zərurəti. MDU-nun İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, i.f.d., dosent Məmmədli Vüqar Əhməd oğlu ilə müsahibə
Sual: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nələri qeyd edə bilərsiniz?
Cavab: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı şura yaradılmış və mərkəzə üzvlər seçilmişdir. Üzvlər universitetimizin iqtisadi istiqamətli kafedralarının tədqiqatçılarından və universitetimizlə əməkdaşlıq edən elmi-tədqiqat müəssisələrinin əməkdaşlarından seçilmişdir. Tədqiqatçıların mərkəzə üzv olaraq dəvət edilməsində iqtisadiyyatın müxtəlif sahələrinin araşdırmaçıları olmalarına xüsusi diqqət yetirilmişdir.
Sual: 2025-ci ildə Mərkəz tərəfindən görülmüş işlər barədə məlumat verə bilərsinizmi?
Cavab: İlk növbədə 2025-ci il üçün İqtisadi Tədqiqatlar Mərkəzinin iş planı üzvlərlə birgə hazırlanmış və bu günlərdə müzakirə edilərək təsdiq edilməsi nəzərdə tutulur. Təsdiq olunduqdan sonra universitetin veb saytında yerləşdiriləcəkdir. Növbəti ay universitetimizdə magistrantların konfransının keçirilməsi nəzərdə tutulduğu üçün onların əldə etdikləri nəticələrin tezis halına gətirilməsinə dair ciddi izahat işləri aparılır. Eyni zamanda ölkə xaricində keçirilən beynəlxalq konfranslara tezis göndərmək istəyən magistrantlara nəticə yönümlü istiqamət verilir. Növbəti illər üçün iqtisadi ixtisaslar üzrə aktual və praktiki dissertasiya mövzularını seçərək müvafiq kafedralara təqdim etməyi nəzərdə tuturuq. Mütəmadi olaraq magistrantlarla dəyirmi masalar təşkil edilərək, iqtisadi və sosial tədqiqatın üsullarını şərh etməyi planlaşdırırıq.
Sual: Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verə bilərsinizmi?
Cavab: Mərkəzin fəaliyyəti müxtəlif layihələr hazırlayaraq dövlət və özəl sektor qarşısında çıxış etmək, yəni bazara müxtəlif iqtisadi təhlil və təkliflərlə çıxmaq olsa da, əsas fəaliyyət istiqaməti iqtisadi sahələr üzrə elmi-tədqiqat aparmaq olmalıdır. Bunun üçün üzvlərlə birgə regionun iqtisadi inkişaf problemlərini dərindən araşdıraraq, bu problemlərin həlli üçün elmi əsaslara dayanan təkliflər və konkret həll yolları təqdim etməyi nəzərdə tuturuq. Universitetimizi regionun konkret inkişaf problemlərinin həllinə töhfə verən “beyin mərkəzi”nə çevirmək əsas hədəfimizdir. Lazım gələrsə bu istiqamətdə yeni tədqiqatçıların da üzv olaraq dəvət edilməsi nəzərdə tutulur.
Sual: Mərkəzin fəaliyyətindən magistrantların eyni zamanda bazar subyektlərinin nə dərəcədə faydalana biləcəklərini qeyd etdiniz, bəs tələbələrlə işi necə quracaqsınız?
Cavab: Qeyd edim ki, bu gün elmi fəaliyyətə istiqamətlənmə artıq orta məktəbdən başlamalıdır. Yəni tədqiqatçı olmaq bir peşəyə çevrilməlidir. Hələ bir neçə il əvvəl universitetimizin alimləri şəhərimizin ümumtəhsil məktəblərinə təhkim edilərək “Sabahın alimləri” layihəsinə rəhbərlik etmişlər. Tələbələrin hər bir fənn üzrə sərbəst işlərinin yazılmasına geniş yer verilməsi onları araşdırmaya kökləyir. “Mingəçevir Dövlət Universiteti 2030 – İnkişaf strategiyası”nın hədəflərindən biri “Tədqiqatçı tələbə” konsepsiyasını inkişaf etdirərək tələbələrin tədqiqat fəaliyyətində aktivliyini artırmaqdır. Bunun üçün Tələbə Elmi Cəmiyyətinin tədbirlərində davamlı olaraq tədqiqatçı tələbələrin aktivliyini artırmaq, elmi fəaliyyətlərə cəlb etmək istiqamətində işlər görmək nəzərdə tutulur.
Müsahibəni apardı: Nazim Niftəliyev
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.