İqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolu artır
“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Azərbaycanda yerli iqlim fəaliyyəti imkanları barədə maarifləndirici tədbir təşkil edilib
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Merlər Razılaşması – Şərq Tərəfdaşlığı (CoM East) Azərbaycanda, yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən birinə qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanları haqqında maarifləndirici tədbirlər təşkil edib.
Tədbir 10 fevral tarixində Bakıda keçirilib və bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsini bir araya gətirib. Görüş Avropa İttifaqının məlumatlı yerli iqlim və enerji öhdəliklərinin dəstəklənməsinə yönəlmiş daha geniş səyləri çərçivəsində, yerli enerji səmərəliliyini, iqlimə davamlılığı və dayanıqlı inkişafı gücləndirmək istəyən şəhərləri bir araya toplayıb.
Görüşün əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarət idi. Merlər Razılaşması – Şərq Tərəfdaşlığı komandası təşəbbüsün haqqında məlumatı və şəhərlər üçün mövcud olan konkret dəstək mexanizmlərini təqdim edib. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxildir.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyyarə Musayeva, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov və Moldovanın Ceadir-Lunqa şəhərinin meri Anatolii Topal Merlər Razılaşması təşəbbüsünə qoşulma üzrə öz təcrübələrini bölüşüblər.
Azərbaycanda Merlər Razılaşmasında iştirak artıq konkret nəticələr verib. Mingəçevir ölkədə Merlər Razılaşması – Şərq Tərəfdaşlığı tərəfindən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanması üçün dəstək alan ilk şəhər olub və bu, yerli iqlim və enerji planlaşdırması üçün zəmin yaradıb. Həm Mingəçevir, həm də Şəki üçün təşəbbüs bələdiyyə obyektlərində enerji auditlərinin aparılmasına dəstək göstərib və hazırda şəhərlərə maliyyələşmə mənbələrinin tapılması istiqamətində kömək edir. Şəkidə bu dəstək həmçinin Mounting Adapt proqramı çərçivəsində konkret layihə üçün maliyyənin cəlb olunmasına imkan yaradıb. Bundan əlavə, Merlər Razılaşması – Şərq Tərəfdaşlığı yerli maraqlı tərəflərin cəlb olunmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verən Enerji Günlərinin təşkili prosesini də dəstəkləyib.
Tədbiri açılış nitqi ilə başlayan Aİ-nin Azərbaycandakı səfiri Marijana Kunjundzic iqlim və enerji sahəsində konkret nəticələrin əldə olunmasında şəhərlərin rolunu vurğulayıb və bələdiyyələri təşəbbüsə qoşulmağa dəvət edib.
“Azərbaycanın daha çox bələdiyyəsini iqlim dəyişikliyi ilə mübarizə aparan və vətəndaşları üçün daha yaxşı gələcək təmin etməyə çalışan Avropanın ən böyük yerli hökumətlər hərəkatına qoşulmağa dəvət etməkdən məmnunam. Artıq təxminən 12 000 yerli hakimiyyət orqanı Aİ-nin iqlim baxımından neytral, dayanıqlı və hər kəs üçün ədalətli gələcək vizyonuna uyğun olaraq enerji və iqlim sahəsində könüllü öhdəliklər götürüb. Həmçinin qürur duyuram ki, Aİ Azərbaycanın qoşulmuş bələdiyyələrini təlimlər və metodoloji dəstək, xüsusi texniki yardım, qabaqcıl təcrübələr, eləcə də təcrübə mübadiləsi, şəbəkələşmə və məlumatlılığın artırılması vasitəsilə dəstəkləyir”, – deyə səfir Marijana Kunjundzic bildirib.
Azərbaycanın dayanıqlı inkişaf gündəliyində enerji səmərəliliyinin əsas istiqamətlərdən biri olduğunu və bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynadığını vurğulayan Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdiri Cavid Mikayılov bildirib: “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı təşəbbüsü enerji səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmləri təqdim edən mühüm platformadır. Energetika Nazirliyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünüidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək.”
Merlər Razılaşması – Şərq Tərəfdaşlığı təşəbbüsünün komanda rəhbəri Christophe Frering qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün zəruri biliklərlə təmin etməkdir.
“Azərbaycandan marağın artdığını müşahidə edirik. Bizim rolumuz bələdiyyələrin təşəbbüsə qoşulub-qoşulmamaq və bunu hansı şəkildə etmək barədə qərar vermələri üçün aydın məlumat, praktiki alətlər və real nümunələr təqdim etməkdir”, – deyə cənab Frering vurğulayıb.
Merlər Razılaşması – Şərq Tərəfdaşlığı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təşəbbüsdür və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yerli və regional özünüidarəetmə orqanlarına dayanıqlı enerji və iqlim siyasətlərinin hazırlanması və icrasında dəstək göstərir.
Azərbaycanda təşəbbüsə ilk qoşulan bələdiyyə 2012-ci ildə İçərişəhər bələdiyyəsi olub. Daha sonra ölkədə Gəncə, Quzanlı, Horadiz, Xırdalan, Mingəçevir, Şamaxı, Şəki və Yevlax bələdiyyələri də Merlər Razılaşması – Şərq Tərəfdaşlığı təşəbbüsənə qoşularaq fəal üzvlərə çevirildilər. Ölkə üzrə milli koordinatoru Azərbaycan Respublikasının Energetika Nazirliyidir.
Merlər Razılaşması – Şərq Tərəfdaşlığı, Qlobal Merlər Razılaşması ailəsinin tərkib hissəsidir. Bu qlobal təşəbbüs şəhərlərin iqlim liderliyi üzrə dünyanın ən böyük alyansıdır və 13 500-dən çox şəhər və yerli hakimiyyət orqanının öhdəlikləri üzərində qurulub. Bu şəhərlər 6 qitə və 147 ölkəni təmsil edir və ümumilikdə 1,2 milyarddan çox əhalini əhatə edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.