İqlim dəyişikliyinin fəsadları və alternativ enerji mənbələri barəsində ictimai məlumatlandırma təşəbbüsünün icrasına başlanıb
Təşəbbüs çərçivəsində qadınlar üçün sığınacaq günəş enerjisini elektrik enerjisinə çevirən günəş panelləri ilə təchiz olunacaq
“İnnovativ İnkişaf” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 noyabr 2023-cü ildən “Gəncə-Qazax regionunda iqlim dəyişikliyinin fəsadları ilə bağlı geniş ictimaiyyətin məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi” təşəbbüsünün icrasına başlanıb. Bu təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir.
Təşəbbüs Gəncə-Qazax regionunda geniş ictimaiyyət arasında iqlim dəyişikliyinin fəsadları ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi, elektrik təchizatının bərpa olunan enerji mənbələri hesabına təmin olunması, elektrik enerjisinə qənaət vasitəsilə ətraf mühitin çirklənməsinin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlib.
Təşəbbüs çərçivəsində Şəmkir, Samux və Göygöl rayon ictimaiyyəti, həmçinin Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün məlumatlandırma sessiyaları təşkil ediləcək, eyni zamanda tərtib olunacaq bukletlərin paylanması və yerli TV-də sosial reklam çarxının yayımlanması nəticəsində geniş ictimaiyyət arasında ekoloji mövzulara daha həssas münasibətin göstərilməsinin vacibliyi aşılanacaq.
Həmçinin “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində (Gəncə şəhərində) fəaliyyət göstərən ailə və məişət zorakılığına məruz qalmış qadınlar üçün sığınacaq günəş enerjisini elektrik enerjisinə çevirən günəş panelləri ilə təchiz olunacaq. Bunun nəticəsində istehsal olunan elektrik enerjisi vasitəsilə sığınacağın işıqlandırılması üçün enerjiyə olan tələbat tam olaraq təmin ediləcək.
Gəncə-Qazax regionunda alternativ və bərpa olunan enerjidən geniş istifadəni və bu sahədə dövlət, bələdiyyə, özəl sektor və vətəndaş cəmiyyəti təsisatlarının əməkdaşlığını təşviq etmək məqsədilə dəyirmi masa müzakirələri və Avropa İttifaqının “Merlərin Razılaşması-Şərq” proqramında region bələdiyyələrinin iştirak imkanları ilə bağlı seminarlar da təşkil ediləcək.
Bu təşəbbüs “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə (5-ci bənd “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”), “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (“Regionlarda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi” vəzifəsi), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” 10 dekabr 2002-ci il Azərbaycan Respublikası Qanununa, Avropa İttifaqının enerji təchizatının etibarlılığının artırılması, enerjinin səmərəliliyinin təşviqi və bərpa olunan enerji mənbələrindən istifadə vasitəsilə enerjinin əlverişli, etibarlı və dayanıqlı olması məqsədilə həyata keçirdiyi EU4 Energy təşəbbüsünə və BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM: 5, 7, 11, 13.) və hədəflərinə (Hədəf: 5.1, 7.1, 11b, 13.1, 13.3) uyğundur.
Mehman XƏLILOV,
“İnnovativ İnkişaf” MMC-nin direktoru
Şərhlər bağlıdır.