Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İnkişaf düşərgəsi – 2” start götürüb

Gənclər Paytaxtının fəal gənclərinin şəbəkələşməsi, onların bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən düşərgə ilk öncə seçilmiş iştirakçıların bir-biri ilə tanışlığı və şəbəkələşməsinə istiqamətlənmiş hərəkətli oyunları ilə başladı. Ardınca gənclər üçün aktual məsələlərdən biri olan təhsil, xüsusilə də xaricdə təhsil və beynəlxalq əlaqələr haqqında müzakirələr aparıldı. Düşərgənin rəsmi açılış mərasimi günün ikinci yarısı baş tutub. Açılış mərasimində ilk öncə düşərgə rəhbəri Samrin Xanlayev düşərgənin məqsədi və proqram haqqında ümumi məlumat verib. Daha sonra Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov gəncləri salamlayıb, düşərgə müddətində və növbəti prosesdə onlara uğurlar arzulayıb. Düşərgələrin gənclərin həyatında xüsusi rolundan danışan Azad Gözəlov Mingəçevir gənclərinin bu proseslərdə daim aktiv olduğunu vurğulayıb. Daha sonra İdarəinin rəis müavini Kamal Nəcəfli çıxış edərək bildirib ki, məhz düşərgə xarakterli fəaliyyətlər gənclərin bilik və bacarıqlarının qeyri-formal mühitdə inkişafı üçün ən əlverişli mühitdir. Bu mənada iştirakçıları digər gəncləri də bu prosesə cəlb etməkdə təşəbbüs göstərməyə təşviq edib.

Sonda çıxış edən düşərgənin əsas təşkilatçılarından biri olan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov qonaqlara təşəkkür etməklə bərabər növbəti proseslərdə bu tipli düşərgələrin əməkdaşlıq çərçivəsində daha geniş rakusda davam etdirilməsinin mümkün faydalarından danışıb. İştirakçı gənclərin cəmiyyətin aktiv üzvü olduğunu vurğulayan Tural Kərimov bildirib ki, bu son deyil, növbəti mərhələdə gənclər üçün görüləcək işlərin miqyası daha da artacaq.

Rəsmi açılış mərasimindən sonra iştirakçılar komanda quruculuğu mövzusunu müzakirə edib, mövzu üzrə komanda oyunları oynayıblar.

Günün ikinci yarısında təlimçi Orxan Əliyev iştirakçılara “Komfort zona” haqqında danışıb. Təlim prosesində iştirakçılara komfort zonadan çıxmağın insanın şəxsi inkişafına faydaları izah olunub.

Daha sonra iştirakçılar zamanlama oyunları oynayaraq zamanı düzgün idarə etməklə qalib gəlməyə çalışıblar.

Düşərgənin ilk günü sona doğru musiqili proqramla davam edib.

Düşərgənin növbəti günlərində gənclərin şəxsi inkişafı, bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlimlər, müxtəlif əyləncəli və mövzulara yönəlik oyunlar, ayrı-ayrı qonaqlarla panel görüşlər və əyləncəli proqramların həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “İnkişaf düşərgəsi – 2” layihəsi 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə  Gənclər Paytaxtı – 2023 çərçivəsində Mingəçevir Gənclər Evi ilə Kür Olimpiya Tədris İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 11-13 avqust 2023-cü il tarixlərində Kür Olimpiya Tədris İdman Mərkəzinin ərazisində keçirilir.

Şərhlər bağlıdır.