Müəyyən vaxta qədər doğruluğundan əmin olduğum məlumatlardan bir müddət sonra əmin ola bilmirəm. Bu, sadəcə, olanlara baxış bucağımın, ya da baxış məsafəmin dəyişməsi ilə bağlı deyildir, həm də həmin məlumatların tamlığına, obyektivliyinə məndə şübhə yaranması ilə bağlı olur. Əslində bu halı zaman-zaman yaşayırıq. Məsələn, 7-8 yaşında bir uşaq bildiyi bir şeyin doğruluğuna o qədər əmin olur ki, onu fikrindən daşındırmaq mümkün olmur. Çünki həmin yaşda, həmin məqamda öz baxış bucağından, baxış məsafəsindən məhz o qədərini görür və anladıqları ilə də özünü haqlı sayır və bu məqamda da çox haqlıdır, hətta inandığı nədirsə, doğru olmasa da. Lakin müəyyən vaxtdan sonra onun da fikirləri dəyişir. Məgər hər birimiz hər məqamda, hər yaşda belə deyilik?
Zamanla bildiklərimizin tam olmadığını anlayırıq, daha çox məlumata, sübutlara ehtiyacımız olur və bunun üçün də baxış bucağımızı, baxış məsafəmizi dəyişmək zərurəti yaranır.
Bir-birimizi anlamaq da belədir, kiminsə haqqında fikir yürütməzdən öncə, düşünmək lazımdırmı ki, o adam haqqında yetərli qədər məlumatım varmı, mənim baxış bucağımdan o adam olduğu kimi görünürmü?
Hadisələrə yanaşma tərzimiz də belə olmalıdır, anlamaq üçün, həm də doğru anlamaq üçün yetərli biliyə sahib olmaqda fayda var. Hadisələri təhlil edərkən informasiyanın xassələrini yada salmaq lazımdır, görəsən mənə çatan informasiya tamdırmı, etibarlıdırmı, obyektivdirmi, yəni qərəzli deyil ki? Sonra da həmin informasiyanı-məlumatı ötürərkən bu xassələrə əməl edirəmmi, yəni informasiyanı tam, qərəzsiz, ədəbli şəkildə, etik çərçivədə ötürə bilirəmmi? Birinin üstünə beşini qoyub, mənə sərf edəcək şəkildə danışmıram ki…
İnformasiyanın başqa vacib xassələri də vardır: gərəkliyi, aktuallığı-indi vacibdirmi, anlaşıqlığı. İnsan hər yaşda nələrisə bilir, bildiyinə inanır, bəzən inandığında israr edir, amma bir qədər sonra bildiklərimizin yetərli olmadığını anlayırıq, odur ki, daha çox şey öyrənməyə çalışmalıyıq. Lakin, mən hər şeyi bilirəm və mən bildiyim doğrudur, düşüncəsindən bir qədər uzaq olmaqda fayda var, məncə.
Onu da deyim ki, İnformasiya və onun xassələri haqqında məktəbdə İnformatika dərslərində keçilir, lakin valideynlərin “üç fənn” yanaşması uşaqları da bu vacib fənndən, onun öyrətdiklərindən, düşündürmək imkanlarından uzaq salıb.
Yəni, biz nə biliriksə bilək, bildiklərimiz heç də həmişə tam, vacib, doğru, etibarlı, anlaşıqlı, obyektiv olmur, odur ki, hər zaman öyrənmək və öyrənib bildiklərimizlə düşünmək lazımdır. Çünki elmi biliklər daha etibarlı olur, elmin işığında isə hər şey daha aydın görünür.
Təəssüf ki, bu gün hamı üçün aktual olan ikicə məsələ var, biri qiymətlərin tez-tez artmağı, digəri isə havanın necə olacağı, vəssalam. Birinci məsələdə hamı müşahidəçidir, çünki əlimizdən bir şey gəlmir, sadəcə, qorxuruq ki, durmadan artan bu qiymətlərə maaşımız yetməyəcək. İkincidə isə həm müşahidəçi, həm də iştirakçıyıq, çünki hərdən islanırıq, ona görə də yağışdan qorxmuruq. Necə deyərlər, islanmışın yağışdan nə qorxusu…
Nə isə, bu da keçər, sonrası Allah kərimdir.
10.09.2025
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.