Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İndoneziya səfiri: “Tanımadan sevə bilməzsən”

İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və saləhiyyətli səfiri Hildi Hamid Mingəçevirə səfər edib.

Səfir iyulun 29-da Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla görüşüb. Qonağı salamalayan başçı bildirib ki, əvvəlki səfirin vaxtında Mingəçevirlə İndoneziya arasıda yaxşı əlaqələr qurulmuşdu: “Münasibətlərimiz həmişə normal olub”.

Mingəçevirin dünəni və bu günü haqqında ətraflı məlumat verib. Deyib ki, Azərbaycanın dördüncü sənaye şəhərində sovetlər dövründə olan müəssisələr mövcud tələbata uyğun şəkildə qurulur: “Keçmiş toxuculuq kombinatının yerində yaradılan Sənaye Parkında iki iplik fabrik, “Kür” kompüter zavodunun yerində Mingəçevir Yüksək Texnologiyalar Parkı,  Yol maşınları zavodunun yerində Azneftmaş ASC fəaliyyət göstəriri.  Akkord Maşınqayırma və Mingəçevir İzolit zavodları da yenidən qurulub. Vaxtilə balıq zavodumuz vardı, indi “Caspian Fish” daha yüksək səviyyədə balıq yetişdirilməsini həyata keçirir. Sahibkarlardan biri balıq emalı zavodi tikmək üçün müraciət edib və bu məsələ ilə bağlı proseduralar həyata keçirilir”.

İ.İsmayılov Mingəçevirdə, eyni zamanda  su hövzəsi və Kür sahili boyunca böyük turizm potensialının olduğunu, şəhərdə 1 universitet və 2 kollecin, həmçinin bir sıra iri mədəniyyət ocaqlarının fəaliyyətini də diqqətə çatdırıb, 44 günlük Vətən müharibəsi zamanı İndoneziyanın ölkəmizə göstərdiyi mənəvi dəstəyə görə səfirə təşəkkürünü bildirib.

Səmimi qəbula görə minnətdarlığını ifadə edən Hildi Hamid Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi üçün çalışacağını vurğulayıb. O bildirib ki, Mingəçevirdə qaldığı otelin pəncərəsindən Kür çayı görünür və bu mənzərə ona yaşadığı şəhərdəki adaları xatırladır. Səfir deyib ki, səfərinin əsas məqsədi iqtisadi, turizm, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməkdir: “İstəyirik ki, burada İndoneziya günləri də keçirək.  Çünki məqsədimiz həm də ölkəmizi tanıtmaqdır. Bir fikir var, deyirlər, tanımadan sevə bilməzsən.”.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Qeyd edək ki, səfir gün ərzində şəhərin bir sıra sənaye müəssilərində olub. Bu gün axşam isə iş adamları ilə də görüşəcək.

Meksika Azərbaycan əlaqələri müzakirə olunub “Çin İranda 5 minə qədər hərbçi yerləşdirəcək” Ümid Partiyasının Mingəçevir Şəhər Şöbəsinin növbəti konfransı keçirilib

Şərhlər bağlıdır.