Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham Əliyev Avstriyanın Federal Prezidenti ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen ilə görüşü olub.

 AZƏRTAC xəbər verir ki, Federal Prezident Aleksander Van der Bellen Prezident İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyev və Federal Prezident Aleksander Van der Bellen birgə foto çəkdiriblər.

Avstriyaya səfirindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı qonaqpərvərliyə və Ermənistanın baş naziri ilə görüşə ev sahibliyi etdiyinə görə Avstriya tərəfinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Azərbaycanın Avstriya ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Federal Prezident Aleksander Van der Bellen Azərbaycan ilə Avstriya arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu qeyd edərək bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmli olduğunu deyib.

Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün Birgə Əməkdaşlıq Şurasının təsis olunduğunu və onun Vyanada ilk iclasının keçirildiyini deyərək bu formatda əməkdaşlığın ticarət dövriyyəsinin artırılmasına və Avstriya şirkətlərinin Azərbaycanda daha da fəal çalışmalarına imkan yaradacağına ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Avstriyanın Federal Prezidentinə ölkəmizin təşəbbüsü ilə regionda reallaşdırılan nəqliyyat layihələri barədə məlumat verərək Avstriya şirkətlərinin də bu nəqliyyat infrastrukturu imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Источник: oxu.az

Şərhlər bağlıdır.