Mingəçevirə yeni təyin edilən İcra Hakimiyyəti başçısı İlham İsmayılov ilk olaraq şəhərin ağsaqqalları ilə görüşüb. Başçı ağsaqqalları salamlayıb, vaxt ayırıb görüşə gəldikləri üçün onlara təşəkkürlərini çatdırıb: “Məqsədim Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sizi dinləmək, şəhərdəki problemlər və həlli istiqamətində fikirlərinizi öyrənməkdir. Ən əsası isə bu günlərdə Prezidentin qəbulunda olanda onun sizlərə ünvanladığı salamlarını çatdırmaqdır. Cənab Prezident dedi ki, bu şəhərə xüsusi diqqət və qayğısı var, çünki bu şəhərə həmişə ulu öndərin diqqəti olub. Mingəçevir qurucuların, ziyalıların, energetiklərin şəhəridir. Bu şəhəri sizlər qurub yaratmısınız.Bu günə qədər şəhərdə quruculuq, abadlıq işləri geniş vüsət alıb. Bu gündən sonra da var qüvvəmlə çalışacağam ki,bu işlər daha da genişlənsin. Təbii ki, bu işlərdə sizin də dəstəyinizə ehtiyacımız olacaq”.
Daha sonra şəhərin ağsaqqalları söz alaraq, İlham İsmayılovu təbrik edib, xeyir-dualarını veriblər. Bildiriblər ki, mingəçevirlilər hər zaman dövlətçiliyə xidmət edib və prezidentin yanında olublar, bundan sonra da bu belə olacaq.
Görüşdə bir çox sahələrdə həlli vacib problemlər səsləndirilib, təkliflər verilib.
Şəhərin ekoloji durumundan danışan İcra Hakimiyyəti başçısı bildirib ki, bu, ən ümdə məsələlərdəndir: “Hər il Mingəçevirdə 10 mindən çox ağac əkilir. Təbii ki, bu ağaclar suvarılmalıdır. Suvarılma probleminin həlli ilə bağlı addımlar atılacaq, digər məsələlər də mərhələli şəkildə həllini tapacaq”.
Şərhlər bağlıdır.