İlahiyyatçı Cavid Ələmdarın fikrincə, Xocalının, Qarabağın azadlığı Kərbəladan keçir
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Mingəçevirdə Xocalı soyqırımının qurbanları yad edilib. Mingəçevir Heydər Məscidinin nəzdində Quran kursunun müəllimi Pünhan Hüseynov tədbir iştirakçılarını Çingiz Mustafayevin lentə aldığı kadrları izləməyə dəvət edib. Xocalı faciəsinin dəhşətlərini əks etdirən filmə baxışdan sonra şəhər ziyalıları və hadisənin canlı şahidləri gənclər qarşısında çıxış edərək, fikirlərini bölüşüblər. Şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.
Mingəçevir Bələdiyyəsinin komissiya sədri Zahid Qasımlı deyib ki, bu tarix Azərbaycanın yaddaşına qanla yazılıb: “Bizim millət tarix boyu çox sayda belə müsibətəri yaşayıb. Türkün qanına susamış düşmənlər fürsət düşən kimi bizə arxadan zərbə yetiriblər. Onlar mülki şəxslərimizi girova deyil, əsirə çeviriblər, onlara işgəncələr ediblər. Halbuki beynəlxalq qanunvericiliyin tələblərinə görə, girovlara qarşı belə hərəkətlərə yol verilə bilməz. Bizdə düşmənlərimizin cinayətkar əməllərini ifşa edəcək ciddi faktlar var. Təəssüf ki, biz onları dünya ictimaiyyətinə yetərincə çatdıra bilməmişik. Əgər hər birimiz öz sahəmizdə ciddi çalışsaq, əlimizdə olan məlumatları bölüşsək, dünyanı xeyrimizə dəyişə bilərik. Xüsusən gününün çox hissəsini sosial şəbəkələrdə keçirən gənclərimizə üz tuturam: çalışın, dünyanın müxtəlif guşələrindən çoxlu dostlar qazanın və bilgilərinizi dostcasına onlara ötürün”.
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev 25 il əvvəl Xocalıya səfər etdiyini yada salıb: “O zaman Bakı, Gəncə, Sumqayıt və Mingəçevirin tikinti təşkilatları orada böyük inşaat işləri görürdülər. Biz Əsgərandan zirehli maşınların müşayiəti ilə keçdik. Xocalıda insanlar gileylənirdilər ki, adi siqaret almaq üçün həyatlarını risqə qoyub Ağdama getməyə məcburdurlar. Onlar deyirdilər ki, hər an təhlükə gözləyirlər, Bakıdan gələn hökumət nümayəndələrinin bundan xəbəri var, amma qabaqlayıcı tədbirlər həyata keçirilmir. O vaxt biraxılan səhvlər acı sonluqla nəticələndi. Biz artıq dostumuzu və düşmənimizi tanımalıyıq. İndiki günlərdə, türk-rus qarşıdurmasının artdığı, insanlığın qənimi olan terrorun tüğyan elədiyi bir zamanda biz daha ayıq-sayıq və mübariz, düşmənlərimizə qarşı barışmaz olmalıyıq, qisasımızı almalıyıq. Qanımız yerdə qalmamalıdır”.
Mingəçevir Dövlət Universitetinin pedaqoq-psixoloqu İlhamə İsmayılova deyib ki, Xocalı faciəsinin yaraları uzun illər sağalası deyil: “Hələ də faciənin fəsadlarını yaşayırıq. Nə qədər uşaq valideynsiz qaldı, təhsildən uzaq düşdü. Xocalıdan başını götürüb çıxanlar köçkünlük həyatının məhrumiyyətləri ilə üzləşdilər. Bizi ağır günə salanlar isə bu barədə laqeydcəsinə susurlar. Vaxtilə rus şovinizminin nümayəndələr ilə Moskvada görüşən Vaqif Səmədoğlu yazırdı ki, biz müsəlman olduğumuza görə ruslar Xocalı faciəsindən danışmaq istəmirdilər. Əslində Xocalı faciəsi Kərbəla faciəsini xatırladır. Baxın, ləkələr şəhid qanı ilə təmizlənir. Vaxtilə Kirovun böyük heykəlinin ucaldıldığı xiyabanda 26 ildir ki, şəhidlərimiz uyuyur”.
Bakı İslam Universitetinin məzunu, ilahiyyatçı Cavid Ələmdar qeyd edib ki, Qurani-Kərimdə 200-dən artıq ayə şəhidlərlə bağlıdır: “İnsan bir çox vacib dini şərtlərə (oruc tutmağa, namaz qılmağa, həccə getməyə, zəkat verməyə və s.) borcludur. Bununla belə İslam dini təvəlla və təbərra dinidir. Yəni insan Allahın dostlarına dost olmağı, düşmənlərinə nifrət etməyi bacarmalıdır. Tarixdə var ki, Uxudda 70 kişini qətlə yetirəndən sonra onların cənazələri ilə hörmətsizcəsinə davranıblar. Xocalıda isə nəinki kişilərə, hətta qadınlara və uşaqlara da bu zülmü ediblər. Nə qədər cavan toy görməmiş şəhid oldu. Buna görə də biz tariximizi, Kərbla müsibətini, Xocalı faciəsini dərindən öyrənməliyik. Unutmayaq ki, Xocalının, Qarabağın azadlığı Kərbəladan keçir. Buna görə də bu tarixi ilin yalnız bir günü deyil, həmişə xatırlamalıyıq”.
Xocalı sakini Baloğlan Allahyarov gözləri qarşısında əzizlərinin süngüyə keçirildiyini və bu qisasın alınacağı günü səbirsizliklə gözlədiyini deyib. Səfər Səfərov da eyni hissləri keçirdiyindən danışıb.
Şərhlər bağlıdır.