Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İcra başçıları gözdən əlili aldadıblar

19 il öncə mənzil növbəsinə dayanan birinci qrup əlilə hələ 17 il qabaq hökumət adından rəsmən bildirmişdilər ki, növbəti bölgü zamanı növbəlilik əsasında mənzillə təmin olunacaq

Beş-altı aya şad xəbər gözləyirdi…

Tofiq dayı uzun illərdir ki, görmə qabiliyyətini itirib. Birinci qrup əlildir. Dar mənzilinin içində addımlarını ölçə-ölçə və əli ilə toxuna-toxuna axtardığını rahatlıqla tapa bilir. Özünə təskinlik verir ki, yaxşı ki, görə bilmir: “Pis, yalançı adamların sifətini görməkdənsə görməməyim yaxşıdır”.
On doqquz il qabaq mənzil şəraitini yaxşılaşdırmaq üçün ev növbəsinə dayananda elə güman edirdi ki, beş-altı aya, uzağı bir ilə şad xəbər alacaq: “Əlillərin növbədənkənar mənzillə təmin olunması barədə qərardan xəbərim vardı. Üstəlik həyat yoldaşım da ikinci qrup əlildir. Hər dəfə İcra Hakimiyyətinə gedəndə mənə deyirdilər ki, arxayın ol, növbəti bölgüdə sənə də mənzil ayrılacaq”.

Bəkir Bəxtiyarovun naməsi

Şifahi cavablardan bir nəticə hasil olmadığını görən Tofiq dayı məsələni rəsmiləşdirməyə qərar verdi. Amma 25 iyul 1995-ci ildə İH-dən gələn məktub da qanını qaraltdı:
“Sizin şəhər İcra Hakimiyyətində qeydə alınmış 13.07.1995-ci il tarixli 2777 nömrəli ərizənizə cavab olaraq bildirirəm ki, vətəndaşlar mənzil sahəsi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, növbəlilik əsasında təmin olunurlar. Siz mənzil şəraitinizi yaxşılaşdırmaq üçün 13.01.1993-cü il tarixdən işlədiyiniz 6 N-li TRES-də mənzil növbəsinə durmuşsununz. Birinci qrup əlil kimi 4-cü sayla qeydə alınmısınız. Sizdən əvvəl aşağıdakılar həmin siyahı üzrə uçotdadırlar:
1.Rəsulov Qoşqar Səfi oğlu-II qrup Qarabağ müharibəsi əlili, 02.09.1990-cı il.
2.Qasımov İlham Səfər oğlu-II qrup Çernobıl əlili, 13.02.1991-ci il.
3.İsgəndərov Xəqani Mənsur oğlu-II qrup Qarabağ müharibəsi əlili, 18.09.1991-ci il.
4.Mustafayev Tofiq Məmmədrəhim oğlu-I qrup əlil, 13.01.1993-cü il.
Növbəti bölgü zamanı növbəlilik əsasında mənzillə təmin olunacaqsınız.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı B.R.Bəxtiyarov”

“Başçı məsləhət biləndən sonra mən kiməm ki…”

Aradan illər keçəndən sonra Tofiq Mustafayev bu qənaətə gəldi ki, həm Bəkir Bəxtiyarov, həm də digər İcra hakimiyyəti başçıları məsələni həll etmək əvəzinə yalan danışmaqla özlərini təmizə çıxarmaq istəyirlər (məsələ bundadır ki, həmin illərdə və sonralar İH tərəfindən hətta imtiyazı olmayan şəxslərə də mənzil verilib və bu barədə aidiyyatı şöbəyə iradlar bildiriləndə yeganə cavab bu olurdu ki: “Mən kiməm ki, başçı məsləhət biləndən sonra”).
“Gərək gedib Qarabağda gözlərimi itirəydim…”

Tofiq kişinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciətləri də fayda verməyib

Təəccüblü burasıdır ki, müxtəlif vaxtlarda T.Mustafayevin ünvanına göndərilən cavablarda tarix və nömrədən başqa heç nə dəyişməyib: “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, Nazirliyin sifarişi ilə Mingəçevir şəhərində inşa olunan mənzillər yaşayış yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulmuşdur. Siz ümumi səbəbdən (gözdən) I qrup əlil olduğunuz üçün Sizə mənzil probleminizlə bağlı aidiyyatı üzrə qeydiyyatda olduğunuz Mingəçevir şəhər icra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur.
Nəzərə almağınızı xahiş edirik.
Hörmətlə,
Əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri Azad Tağızadə”.
“Gərək gedib Qarabağda gözlərimi itirəydim. Onda bu get-gəllər olmazdı”-T.Mustafayev belə deyir.

“İctimai mənzil tikintisi aparılarsa…”

Azad müəllimin cavablarından sonra Tofiq dayı, Mingəçevir İcra Hakimiyyətinə inanmasa da, yenidən yerli hökumətə üz tutub. Və 22 fevral 2011-ci ildə 225 saylı məktubu imzalayan M.A.Ağayevin (şəhərin eks İcra Hakimiyyəti başçısı) imzası ilə alıb: “…qüvvədə olan mənzil qanunvericiliyinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış sahələri ilə müvafiq mənzil növbəliliyi əsasında və dövlət mənzil fondunda boş mənzillər olduqda təmin edilirlər. Son on beş ildə şəhər ərazisində ictimai mənzillər tikilmədiyindən dövlət mənzil fondunda boş mənzillər yoxdur, bu səbəbdən də mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan iki mindən çox vətəndaşın, o cümlədən də Sizin yaşayış sahəsi ilə təmin olunmağınızda ciddi çətinliklər yaranmışdır. Gələcəkdə şəhər ərazisində ictimai mənzil tikintisi aparılarsa, vətəndaşlar növbəlilik əsasında mənzillərlə təmin ediləcəklər. Xahiş edirik nəzərə alasınız”.

Yeni qanunun geriyə qüvvəsi yoxdur

İlk baxışda belə fikir yaranır ki, Tofiq kişinin yenə də “nəzərə almaqdan” və şəhərdə ictimai mənzil tikintisini gözləməkdən başqa çarəsi yoxdur. Amma məsələnin məğzinə varanda xoruzun quyruğu görünür. Çünki vəzifəli şəxslər hər vəchlə dünya işığına həsrət olan insanı aldatmağa çalışırlar. Onlar tez-tez “mövcud qanunvericiliyi” xatırladaraq, tələbin hazırda mümkünsüzlüyünü sübuta yetirməyə çalışırlar. Amma unudurlar ki, Tofiq Mustafayev 19 il qabaq mənzil növbəsinə dayananda məmurların indi əldə rəhbər tutduğu normativ aktlar yox idi. Bu halda tələb 08 iyul 1982-ci il tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən həll olunmalıdır. Yeni qanunun geriyə qüvvəsi olmadığından vətəndaşın vəziyyətini pisləşdirən təzə qanunu əsas götürmək qanunvericiliyin özünə ziddir. Ümid edirik ki, köhnə başçıların buraxdıqları səhvləri 15 aprel 2012-ci ildən şəhərə rəhbərliyinə irəli çəkilən Niyazi Bayramov aradan qaldıracaqdır.

Şərhlər bağlıdır.