Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hökumət Mingəçevirin müdafiəsini niyə gücləndirir? – sensasion versiya

“İşıqlar şəhərində” keçirilən müşavirənin qaranlıq məqamları; SES-də keçirilən müşavirə zəlzələ, yoxsa müharibə hazırlıqları ilə bağlıdır?; türkiyəli alimlərin qorxulu zəlzələ xəbərdarlığından sonra hökumət hərəkətə keçib; müharibə başlayarsa, bu şəhər həm arxa cəbhə Bakı, həm də ön cəbhə üçün ən mühüm strateji rol oynayacaq

Azərbaycan ərazisində son zamanlar seysmsik aktivliyin artması müşahidə olunmaqdadır. Ötən həftə isə türkiyəli alimlər 2015-ci ildə dəhşətli zəlzələ proqnozları verməklə, bu mövzunu yenidən gündəmə gətirdilər. İstanbul Texniki Universitetinin professoru, tanınmış geofizik-alim Ahmet Ercan bildirib ki, 2015-ci ildə Türkiyədə və qonşu ölkələrdə çox güclü yeraltı təkanlar ola bilər.

Alim yaxın ölkələrdə də aktiv zəlzələ zonalarında gərginlik müşahidə olunduğunu desə də, beynəlxalq narazılıq yaranmasın deyə konkret ölkə adları çəkməyib. Ahmet Ercan müvafiq orqanlara məlumat verib ki, ölkə ərazisindəki tikililərin möhkəmliyi yenidən yoxlanılmalıdır. Qeyd edək ki, Türkiyə kimi Azərbaycan da aktiv zəlzələ zolağında yerləşir və alimin “adını çəkmədiyi ölkələr” sırasında var.

Bu təhlükəli xəbərdarlıqdan sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə aktiv zəlzələ ocaqlarının yerləşdiyi Mingəçevir Su Elektrik Stansiyasında (SES) müşavirə keçirməsi diqqət çəkib. Mümkündür ki, bu müşavirənin keçirilməsinin türkiyəli alimin xəbərdarlığı ilə eyni vaxta düşməsi sırf təsadüfdür. Amma nəzərə alsaq ki, Mingəçevir su anbarı da Azərbaycanın aktiv seymik zonasına düşür və yerli mütəxəssislər də dəfələrlə bu təhlükə barədə xəbərdarlıq ediblər, o halda hakimiyyətin hərəkətə keçməsi, zəlzələlərin öyrənilməsi sahəsində dünyada ciddi tərəfdaş olan yaponiyalı mütəxəssislərin də bu işə cəlb edilməsi təsadüfi ola bilməz.

Mil, Muğan, Şirvan düzlərindəki ərazilərin suvarılmasında, eyni zamanda əhalinin elektrik enerjisi ilə təminatında xüsusi rolu olan Mingəçevir su anbarı çoxdandır ki, aktiv seysmik obyekt kimi qiymətləndirilir. Belə ki, mütəxəssislər Mingəçevir hövzəsinin altında zəlzələ ocaqları yerləşdiyindən hövzədə suyun miqdarı artdıqca, onun seysmik fəallığının da artdığını vurğulayırlar. Xüsusilə Mingəçevir ərazisində zaman-zaman yeraltı təkanların olmasını nəzərə alsaq, su anbarını ciddi təhlükə mənbəyi hesab etmək olar. Ən təhlükəli məsələ odur ki, su anbarında baş verə biləcək hər hansı hadisə ölkənin böyük ərazisinin su altında qalmasına səbəb ola bilər. Mütəxəssislər iddia edir ki, əgər su anbarında su müəyyən edilmiş 86 metr həddən artıq olsa, çoxdan güclü olmayan yeraltı təkanlar Azərbaycana dəhşətli fəlakət gətirə bilər. Ələtdən Lənkəranacan böyük bir ərazi su altında qalmaq təhlükəsi ilə üzləşər…

Bəzi məlumatlara görə, 2010-cu il daşqınlarından sonra Mingəçevir su anbarında sızmalar müşahidə edilib. Bu ilin yaz və payız aylarında xüsusilə Gürcüstanda havaların yağmurlu keçməsi də Kürdə sululuğu artıra bilər ki, bunun da anbardakı suyun həcminə təsir göstərməsi mümkündür.

Mingəçevir SES-in təhlükəsizliyi prezidentin 2011-ci ilin fevralda imzaladığı fərmana əsasən FHN-in nəzdində yaradılmış Su Ehtiyatları Dövlət Agentliyinə tapşırılıb. Su Ehtiyatları Dövlət Agentliyinə digər dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsini təmin etmək, ölkədə qurğuların texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, yerüstü, yeraltı su ehtiyatlarının, su obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqlərini aparmaq da həvalə edilib.

Məlumata görə, nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub, Yaponiyanın “OYO” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirə haqda bilgili mənbə deyib ki, nazir şəhərdə Mingəçevir İcra Hakimiyyətinə SES-ə təhlükə törədə biləcək karxanaların fəaliyyəti haqda da ciddi xəbərdarlıq edib. Mütəxəssislər iddia edir ki, şəhərətrafı karxanaların fəaliyyəti Mingəçevirin torpaq qatlarının boşaldılmasına rəvac verib ki, bu da mümkün zəlzələlər zamanı çox təhlükəli fəsadlar törədə bilər.

Qeyd edək ki, Yaponiyanın \”OYO\” şirkəti Azərbaycanda təkcə seysmoloji vəziyyəti deyil, palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində hökumətlə əməkdaşlıq edir.

***
Hökumətin Mingəçevir SES-lə bağlı narahatlığının başqa bir səbəbi isə Ermənistan rəhbərliyinin təhdidləri ola bilər. Bu ilin avqust-sentyabr aylarında cəbhə xəttində gərginlik artanda Ermənistanın müdafiə naziri hökumətinin iclası zamanı demişdi ki, Azərbaycan tərəfi ermənilərin Mingəçevir SES-ə hücum etməyindən çox qorxur. Əslində bu, erməni rəsmilərinin Mingəçevir SES-lə bağlı ilk belə təhdidi deyil. Bundan qabaq da düşmən ölkə Azərbaycanı SES-i partlatmaqla hədələyib. Azərbaycan Müdafiə Nazirliyi bu təhdidə “raketlərimiz İrəvan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazırdır” kimi bəyanatla cavab versə də, hökumət təhlükəsizlik tədbirlərini daha da gücləndirib. Mingəçevir SES-in təhlükəsizliyinin kənar müdaxilələrdən qorunması üçün mükəmməl təhlükəsizlik sistemi qurulub. Bu təhlükəsizlik sistemi stansiyanın perimetrini, su bəndini və xüsusi əhəmiyyətli üç mühəndis qurğusunu kənar müdaxilələrdən qoruyur. Stansiyaya mükəmməl təhlükəsizlik cihazlarına malik dörd nəzarət-buraxılış məntəqəsindən girmək mümkündür. Bütün postlar və nəzarət binası texnologiyanın son nailiyyətləri olan təhlükəsizlik sistemləri ilə təchiz edilib.

SES-in perimetri boyunca 4350 metr xəbəredici və 3950 metr əsas elektron qoruyucu çəpər çəkilib. Çəpər boyunca hər 50 metrdən bir qurulan dayaqlarda 240 statik videokamera vasitəsilə perimetrə nəzarət olunur. Həmin dayaqlarda 55 səsləndirmə sisteminin səsucaldanları quraşdırılmışdır ki, bunların köməyi ilə əraziyə xəbərdarlıq və ya həyəcan anonsları verilir.

Məlumatlara görə, SES-ə ermənilərin yer hücumu təşkil etməsi qeyri-mümkündür. Çünki obyekt çox böyükdür və buna diversiya etmək texniki baxımdan da ermənilərin gücündə deyil. Amma bu ilin dövlət büdcəsində müdafiə xərclərinin ötən iki illə müqayisədə yenidən artırılmasını Azərbaycanın müharibə hazırlıqları kimi izah edənlər də var. Aydındır ki, müharibə başlayarsa, düşmən ölkə ilk növbədə Azərbaycanın strateji obyektlərini hədəf ala bilər ki, bu sırada Mingəçevir SES əsas hədəflər arasındadır. İkinci tərəfdən, Mingəçevir Tərtər istiqamətindən cəbhə bölgəsinə çox yaxındır. Əgər müharibə başlayarsa, bu şəhər (hazırda ölkə enerjisinin təxminən 70 faizini bu SES təmin edir) həm arxa cəbhə Bakı, həm də ön cəbhə üçün ən mühüm strateji rol oynayacaq. Bu baxımdan da həm SES-in, həm də şəhərin təhlükəsizliyinin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir. İstisna deyil ki, SES-də bu cür müşavirənin keçirilməsi də müharibə hazırlıqları çərçivəsində aparılır.

musavat.com

Şərhlər bağlıdır.