AktualMi-TVVideo

Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur

Sentyabrın 27-də ermənilərin ölkəmizin sərhəd bölgələrinin  müxtəlif istiqamətlərdən silahlı hücuma məruz qalması nətisəcində dövlətimiz qurbanlar verib, mülki əhali arasında da ölənlər  və yaralananlar var. Düşmənin hər bir həmləsi zamanı Azərbaycan itkilərə məruz qalır.  Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz öz əsgər yoldaşlarının yanına qayıdacaqdır.

Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. İllərdir ki, xalqımız qələbə xəbərini gözləyirdi. Sentyabr döyüşlərində cəsur hərbçilərimizin rəşadətləri sayəsində bir sıra ərazilərimizi geri alması, qələbə  xəbəri xalqımızı ruhlandırıb, döyüşçülərimizin döyüş əzmini artırıb.

Müharibə zamanı  döyüşçülər arasında həlak olanlar, şəhidlik zirvəsinə ucalanlar  hər zaman xalqın yaddaşında yaşayırlar. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır.

Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanında olacaqdır.

Sentyabrın 30-da Aərbaycan Prezidenti İlham Əliyev və birinci vitse –prezident Mehriban xanım Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalında  müalicə olunan yaralıları ziyarət edib. Onlara hər cür qayğı göstəriləcəyi vurğulanıb.

Bu o deməkdir ki, dövlətin başçısı vətəndaşlarına xüsusi qayğı və diqqət göstərir. Bu, həmişə belə olub. Gələcəkdə də dövlət xalq birliyi  uğurlar qazanacaq. Çünki  Azərbaycan əsgəri xilaskar əsgərdir. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır.  Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır.

Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.

Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək.  Orduda, cəmiyyətdə böyük  ruh yüksəkliyi var.  Döyüşçülərimizin əzmlə mübarizə aparması, ölümün gözünə dik baxması qəhrəman Azərbaycan övladlarının haqq-ədalət uğrunda müharibədə qalib gələcəyindən soraq verir.

Səmərəsiz danışıqlar və kağız üzərində qalmış bəyanatlar. Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir.

Azərbaycan öz dostlarını tanıyır və edilən yaxşılığı unutmur. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.

Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Azərbaycan  Prezidenti hər zaman düşmən dövlətin rəhbərliyini siyasi iradəsi və tutarlı cavabları ilə susdurmağı bacarıb. Bundan güc alan Azərbaycan Milli Ordusunun şəxsi heyəti,  əsgər və zabitlərimiz döyüş bölglərində düşmənə cəsarətli cavablar verib,  zərbələr vurub. Döyüşlər davam edir, torpaqlarımızın geri qaytarılması uğrunda cəbhəyə gedən vətəndaşlar könüllü olaraq səfərbərliyə yazılmış, böyük əzmlə Vətənə xidmətə yollanırlar. Bu Azərbaycan xalqının vətənpərvərliyinin tərənnümüdür.

Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər.

Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb. Onların fədakarlığı yeni nəsil üçün gözəl  bir nümunədir.

Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.

Akif Hacıyev,

Şəhər Ağsaqqallar Şurasının sədri

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close