Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Hər bir işçinin istirahət və məzuniyyət hüququ var

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları” mövzusunda seminar keçirilib. Seminarı açan Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Könül Ələkbərov tədbirin keçirilməsinin əsas məqsədinin işçilərin öz hüquqlarını bilməsi və haqlarını mövcud strukturdan tələb etməsi barədə maarifləndirilmə olduğunu bildirdi.

8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məmməd Bayramov “İşçilərin istirahət vaxtı” mövzusu ilə çıxış etdi. O, qeyd etdi ki, Qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Eyni zamanda işəgötürən işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından istifadə olunmasını təmin etməlidir.

“İşçilərin məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda çıxış edən 8 saylı region üzrə Dövlət Əmək  Müfəttişliyinin baş əmək müfəttişi Camal Camalzadə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanıldığını, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsinin yolverilməz olduğunu, bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edildiyini vurğuladı.

Tədbirdə, həmçinin istirahət vaxtı, istirahət günləri, məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əməkhaqqı növləri, məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi barədə məlumat verilib. Bu sahələrdə, habelə məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması və s. ilə bağlı əmək qanunvericiliyinin prinsipləri diqqətə çatdırıldı.

İştirakçıların suallarına cavab verən 8 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev işəgötürənlərin məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası, əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və digər məsələlərlə bağlı sualları cavablandırdı.

Sonda “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası”  Publik Hüquqi Şəxsin direktoru Könül Ələkbərov İcbari tibbi Sığortanın tətbiqi zamanı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının nail olduğu uğurlardan danışdı və bildirdi ki, Mingəçevir səhiyyəsində tezlikllə daha bir uğura imza atılacaq. Belə ki, endoskopik, TUR, endoprotez əməliyyatlarının gercəkləşdiyi xəstəxanada yaxın günlərdə dünyada inkişaf edən son metod FAKO (Fakoemülsifkasyon) texnologiyası ilə katarakt əməliyyatını həyata keçirmək mümkün olacaq.

Şərhlər bağlıdır.