“Hər bir aktyorun səhnədə yeri görünür”
Bu yaxınlarda Mingəçevir Dövlət Dram Teatrının aktyoru Şıxı Yaqubov Əməkdar artist fəxri adına layiq görülüb. 25 yaşından həyatını səhnəyə bağlayan müsahibimiz 1951-cı ildə Ağdaş rayonunun Pirəzə kəndində doğulub. Evlidir, 3 övladı, 5 nəvəsi var.
-Səhnəyə gələn yol haralardan keçdi?
-Orta məktəbdə oxuyanda ədəbiyyat dərsini tədris edən Eyyub müəllim tədbirlərdə həmişə məndən istifadə edirdi. Mən kiçik səhnəciklərdə oynayır, şeir deyirdim. Səsimə görə həmişə məni qabağa çəkirdilər. Radio tamaşalarına qulaq asardım. Bu həvəs məndə incəsənətə maraq yaratdı.
Məktəbi bitirəndən sonra sənədlərimi İncəsənət İnstitutuna vermək istəyirdim. Lakin o ərəfədə atam dünyasını dəyişdi. Neft-Kimya Texnikumuna daxil oldum. Sonra Bakıelektroştamp zavodunda mühəndis işlədim. Amma bu iş ürəyimdən deyildi, çünki aktyor olmağı arzulayırdım. İncəsənət İnstitutuna sənəd verdim, lakin qəbul olmadım. Professor Adil İsgəndərov mənim səs imkanlarımı bəyənib dedi ki, sən səhv gəlmisən, gərək vokal şəbəsinə gedəydin. İki il yarım C.Cabbarlı adına Kinofilmdə oxudum. Ora çox böyük məktəb idi. Arada hərbi xidmətimi də çəkdim.
Həsən Məmmədov, Şahmar Ələkbərov, Elxan Qasımov kimi müəllimlərdən dərs aldım. İlk rejissorum Kamil Rüstəmbəyov oldu. Onların sayəsində sənət qanıma hopdu. Ailə vəziyyətimə görə 1975-ci ildə Mingəçevir Dövlət Dram Teatrına gəldim. Direktor Hüseyn müəllim, baş rejissor İldırım Cabbar idi. Məni kütləvi səhnəyə işə götürdülər.
-Həmin dövrdə aktyor seçimi hansı meyarlara uyğun aparılırdı?
-O vaxt aktyoru işə götürəndə onun qabiliyyəti yoxlanılırdı. Şeir, qiraət, hekayə, səhnə mədəniyyəti və başqa bacarıqları əsas götürülürdü. Halbuki elə məktəbi bitirib, elə müəllimlərdən dərs almışdım ki, məni birbaşa işə götürə bilərdilər. Amma fikrimcə, aktyorun təhsilindən asılı olmayaraq, o mütləq bədii şura tərəfindən qəbul olunmalıdır.
-Bakıdan sonra əyalət teatrına uyğunlaşmaq yəqin ki, çətin oldu. İlk rolunuz və tərəf müqabilinizi xatırlayırsınızmı?
-Heç vaxt yadımdan çıxmaz. “Şərəfin sandığı” tamaşasında Vaqif Məmmədovla dublyor idim. Bu ilk rolum olub. Zalda çox adam olduğu üçün məni səhnəyə buraxmadılar. Gənc olduğum üçün etibar etmədilər. Amma sonralar gördülər ki, məndə aktyor bacarığı var və mən 500-600 tamaşaçı qarşısında oynaya bilərəm. Rejissorun etimadını qazanandan sonra böyük rollar tapşırdılar. Hətta elə vaxtlar oldu ki, aktyor xəstələnəndə bir-iki günə onun rolunu oyrənib tamaşada oynadım.
-Aktyorun formalaşmasında rejissorun rolu danılmazdı.
-Təbii ki. Burda ilk rejissorum Zülfüqar Abbasov olub. İldırım Cabbarla, Füzuli Sərkərovla, Bakıdan dəvət olunan rejissorlarla işləmişəm.
-Hansı rolları daha çox sevmisiniz?
-“Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasında Ayaz Turan (Bu tamaşanı Azərbaycan Akademik Dram Teatrının səhnəsində də oynamışıq), Anarın “Şəhərin yay günləri”ndə Namiq rolunu üç nəfərə versələr də mən oynadım. Uzun müddətdir bu tamaşa oynanılmır. Əgər onu yenidən səhnəmizə gətirsələr, iki məşqə o rolu oynayaram. Çünki çox sevirəm o obrazı.
-Mingəçevir Teatrı həmişə güclü aktyorları ilə seçilib.
-Bizim teatrda Azərbaycanın məşhur sənət adamları ilə müqayisə olunacaq Qasım Qasımov, Neptun Tağıyev, Gəray Gərayev, Şirəli İlyasov kimi aktyorlarımız var idi. Onların həyat yolu bir məktəb idi.
Hər bir aktyorun səhnədə yeri görünür. Mən belə başa düşürəm ki, aktyor qocalsa da, sağlamlığı imkan verirsə, iş qabiliyyətini itməyibsə, o, işləməlidir. Ona yaş məhdudiyyəti qoyulmamalıdır. Təəssüf ki, İsa Əlimovla Nisə Rzayevanı da yaş səbəbindən səhnədən uzaqlaşdırdılar.
-Əvvəllər tamaşaçının zövqünü formalaşdırmaq üçün repertuar seçiminə ciddi yanaşılırdı. Dramatik, psixoloji, düşündürücü əsərlər seçilirdi. Niyə bugün nisbətən yüngül tamaşalar hazırlanır?
-Ola bilsin ki, gücümüzdən asılıdır. Bəlkə rejissor fikirləşir ki, bu teatrda mən o tamaşanı hazırlaya bilmərəm. Yəni rejissor aktyorların gücü nəyə çatırsa, ona uyğun tamaşa hazırlayır.
Bizim respublikada aktyorların hamısı Cəfər Cabbarlının əsərlərində yetişib. Gənc nəsli də belə yetişdirmək olar. Zülfüqar Abbasovun səhnələşdirdiyi “Eşq və intiqam” əsərini biz o zaman da oynamışıq. Təvəkkül Əhmədovla birgə qacaqları oynayırdıq. Gəlişimiz həmişə alqışlanırdı.
Teatrımıza yeni təyin olunmuş rejissor Xəzər Gəncəli Qoqolun “Müfəttiş” əsərinə müraciət edib. Biz onu əvvəllər də oynamışıq. Məşqləri gedir, gücümüzü o tamaşada sınayacağıq.
-Sizin səs diapazonunuza qayıdaq. Sovet dönəmində keçirilən nümayişlərdə sizin söylədiyiniz şüarlar hələ də qulaqlarımdadı. Siz “Yaşasın 1 May!” deyəndə insanlarda coşğu, sevinc yaranırdı. Bu səs həyatda sizə nədəsə mane oldumu?
-20 ilə yaxın mən dövlət tədbirlərinin aparıcısı olmuşam. Zənnimcə, əgər Allah bu səsi veribsə, o istifadə olunmalıdır. Mən o vaxtlar toya müğənni kimi gedəndə Mədəniyyət Nazirliyindən gələn nümayəndə demişdi ki, aktyor toya gedərsə, o ev növbəsindən çıxarılmalıdır. Mən də ev növbəsində idim. Fikrimcə, aktyor toya da, dublyaja da getməli, kinoya da çəkilməlidir. Bunlar ehtiyacdan da ola bilər. Amma aktyor qəlbən və ruhən teatra bağlıdır.
– Aktyora mikrofon lazımdırmı?
-Tədbirlərdə texniki qüsur üzündən mikrofon işləməyə bilər. Bu zaman aparıcı səsinin gücü hesabına vəziyyətdən çıxmalıdır. Aktyorun səsi axırıncı cərgədə oturanlara aydın çatmalıdır. Əgər ona mikrofon lazımdırsa deməli o, aktyor deyil.
– Sənət adamları bir az qısqanc, bir az da dəymə-düşər olurlar. Bəlkə buna görə deyirlər ki, teatr intriqalar məkanıdır.
-Yox, mən belə düşünmürəm. İstənilən ailədə söz-söhbət olur. Amma onun böyüməsi və ailədən kənara çıxması başqa insanların marağının nəticəsində olur.
Teatr balaca bir yerdir, qapalı bir məkandır, kollektivi də azdır. Aktyorlar həmişə göz qabağındadılar. Keçmiş baş rejissorumuz deyirdi ki, sən istənilən rolu oyamağı bacarırsan, heç vaxt da tələb etmirsən ki, mənə mütləq bu rolu ver. Amma aktyor olub ki, rolun böyüyünü istəyib. Aktyor var ki, balaca sözlə özünü gözəl ifadə edib. Aktyor da var ki, böyük bir obrazı oynayıb, amma sözünü deyə bilməyib.
– Bugün təhsilsiz gənclərin səhnəyə çıxmasına necə baxırsınız?
İncəsənət Universitetindən bizə heç kim gəlmir. Birinci səbəb məvacibin azlığıdır. Teatrımızda Zülfüqar Abbasov və Ella Yaqubovanın təşkil etdiyi dərnəkdə həvəsi olan gənclərə dərslər keçilirdi. Sonra seçim aparılırdı. Onlardan bir neçəsi hazırda teatrda işləyir.
Teatrın yükünü çəkmək cətindir. Sənət adamı mədəniyyəti, səviyyəsi və davranışıyla fərqlənməlidir. Bəzən bunu gənclərdə görmürəm. Mən mərhum aktyorumuz Həsən Məmmədovun kimləsə uca səslə danışdığını görməmişdim. Bu insan böyük mədəniyyət sahibi idi. Aktyor teatrda işləyirsə, öz üzərində çalışmalıdır. Teatr məbədgahdı.
Səhnəyə çıxanda hər şey gözümdə qapanır. Məsuliyyətim artır və mən bir neçə saniyə zalda heç kimi görmürəm. O aktyor məsuliyyətsizdir ki, səhnəyə çıxanda həyəcanlanmır. Tamaşaçının gözü tərəzidir. Yaxşı tamaşaçı, pis tamaşaçı var. Amma biz yaxşı məhsul çıxartmalıyıq ki, tamaşaya baxan insanın burda ruhu dincəlsin.
-Yaxşı bir məqama gəldiniz. Sənətkara titul lazımdırmı?
-Yox. Bəzi aktyorlar hələ də gözümün qarşısındadı. Onlar fəxri ad üçün dava-dalaş edə-edə dünyalarını dəyişiblər. İndiyədək heç kimə müsahibə verməmişəm, istəməmişəm. Fikrimcə, adam reklam olunduqca gözdən düşür. Respublika səviyyəsində tanınmasam da bu şəhərdə hamı məni tanıyır. O adı qazanmaq lazımdı.
Bizim teatrda Zülfüqar Abbasov Xalq artisti, Ella Yaqubova və Akif Mirabov Əməkdar artist adlarını alandan sonra xeyli fasilə yaranmışdi. Zəng çalıb mənə deyəndə ki, sənə respublikanın Əməkdar artisti fəxri adı verilib, o qədər də sevinmədim. Amma hər halda sevindirici bir haldır, əməyimə verilən qiymətdir.
-Arzusunda olduğunuz obraz varmı?
-Mən hansı rolu oynamaq istəyirəmsə, Allah onu mənə qismət edir. Bu yaxınlarda Bəhram Osmanovun səhnələşdirdiyi “Son reportaj” tamaşasında oynadığım rol elə bil mənim öz taleyimdir. Elə bir rol oynamaq istəmişəm həmişə. Fikirləşirəm ki, bəlkə də elə o tamaşaya görə mənə ad verdilər.
-Yuxularınız nə rəngdədir?
-Mən yuxu görmürəm, qorxuram yuxu görməkdən. Yuxularım çin çıxır. Həmişə yaxşı şey haqqında fikirləşirəm, gördüyüm yuxular həmişə yaxşı olsun. Amma təəssüf ki, bəzən əksinə olur. Mən Allahı sevən, ona sığınan insanam.
Ulu tanrım, kəsmə kömək əlini,
Özün ol hər yerdə dayağım mənim.
Sənə güvənirəm, sənə sığınıram çətində-darda,
Bəlkə də onunçün büdrəmir ayağım mənim.
Şərhlər bağlıdır.