Həmkarlar təşkilatı bir illik fəaliyyəti barədə hesabat verdi
Aprelin 28-də Dövlət İdarələri və İçtimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Komitəsinin hesabat yığıncağı keçirilib. Komitənin sədri Ülviyyə Vəliyeva təşkilatın son bir ildəki fəaliyyəti barədə məlumat verib, Şəhər Komitəsinin işinə kömək göstərən İcra Hakimiyyəti başçısı Niyazi Bayramova və ilk təşkilatların rəhbərlərinə təşəkkürünü bildirib.
Komitə sədri vurğulayıb ki, təşkilat ulu öndər Heydər Əliyevin vaxtilə qarşıya qoyduğu vəzifələri yerinə yetirərək, əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilib, onların iş şəraitinin yaxşılaşdırılması, əməyinin təşkili, iqtisadi hüquqlarının qorunması, sosial müdafiə problemlərinin həll edilməsi yolunda böyük əzmlə çalışıb: “Son illərdə Azərbaycanın regionlarında böyük quruculuq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla həyata keçirilir. Şəhərimiz də bu prosesdən geri qalmamışdır. Təməltökmə mərasimində Prezidenti İlham Əliyevin iştirak etdiyi Sənaye Parkının, eyni zamanda “Asan həyat”ın ilin sonuna qədər işə salınması nəzərdə tutulub. Bütün bunlar isə şəhərimizdə işsizliyin aradan qaldırılmasına öz töhfəsini verəcəkdir”.
Həmkarların üzvlərindən Rizvan Mikayıllı, Rza İsmayılov, Ceyhun İsmayılov, Mingəçevir İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov təşkilatın il ərzində gördüyü işlərdən danışıblar. Komitənin fəliyyəti qənaətbəxş hesab edilib. Bundan sonra DİİXİ Hİ Respublika Komitəsinin VI qurultayına nümayəndələr seçilib.
Hesabatda DİİXHİ Respublika Komitəsinin məsul işçisi Rahila Babayeva iştirak edib.
Şərhlər bağlıdır.