“Hədiyyə karvanı” Mingəçevirdə olub – FOTO
APA-nın yerli bürosunun xəbərinə görə, “Hədiyyə karvanı” Mingəçevir “ASAN Həyat” kompleksində olub, şəhərdən olan şəhidlərimizin ailələri ziyarət olunub, onların uşaqlarına hədiyyələr paylanıb. Tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov, Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqan yardımçısı Salim İsot, “ASAN Xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev çıxış edərək layihə, bu çərçivədə həyata keçirilən tədbirlərdən danışıblar.
Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə həyata keçirilir.
“Hədiyyə karvanı” layihəsi çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılır. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır. Ankara şəhərindən start götürən layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər edilir və həmin rayonlardan olan şəhidlərimizin övladlarına hədiyyələr paylanılır.
1 iyun tarixindən start götürən layihə bu günə qədər Tovuz, Ağstafa, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, İmişli, Kürdəmir şəhərində gerçəkləşdirilib. Növbəti günlərdə layihənin Şəki və Balakəndə də həyata keçirilməsi nəzərdə tutulur.
Şərhlər bağlıdır.