Şəhərimizin 70 illiyi şərəfinə keçirilən poeziya gecəsi “Bənövşə” jurnalının “bəy tərifinə” çevrildi
Poeziya gecəsində poeziyadan çox çıxışlar səsləndi
Mingəçevirin 70 illik yubileyi münasibəti ilə şəhərimizdə silsilə tədbirlər keçirilir. Noyabrın 6-da Mingəçevir Dövlət Dram Teatrında poeziya gecəsinə dəvət alanda düşündüm ki, şəhərimizin yazarları öz sənət boxçalarındakı sərvətlərini bizimlə paylaşacaq, mənalı, düşündürücü şeirlərindən nümunələr səsləndirərək, tamaşaçıların ruhunu qidalandıracaqlar. Tədbirə toplaşanların arasında Mingəçevir üçün həyatı boyu töhfələrini verən yazarlar, şəhərin qurucuları, media nümayəndələri, universitet və kollec tələbələri toplaşmışdılar.
Tədbirin təşkilatçısı və aparıcısi, AYB Mingəçevir filialının sədri İsmayıl İmanzadə Mingəçevirin 70 ildə minlərlə insanın əməyi nəticəsində ərsəyə gəldiyindən, şəhərimizin gözəlləşməsindən danışdı. İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən birinci müavin İlham İsmayılov bu illər ərzində Mingəçevirin keçdiyi keşməkeşli yolu, qazandığı uğurları, görülmüş və görüləcək işləri xatırlatdı. O, zalda əyləşənləri noyabrın 11-də Mingəçevirin şəhər statusu alması münasibətilə keçiriləcək şəhər tədbirinə dəvət etdi.
Bələdiyyə üzvü Zahid Qasımlı Mingəçevir sevgisindən, ondan ayrı yaşaya bilməməsindən, hamının şəhərimizə qayğı göstərməsini arzuladığından danışdı. Mirsədi Daşdəmirov redaktoru olduğu “Mingəçevir” qəzetində yazarlara yer ayrıldığını desə də, onun 13 yaşlı qəzetini aparıcının 70 yaşlı qəzet kimi təqdim etməsinə düzəliş vermədi. İcra Hakimiyyətinin nümayəndəsi Rizvan Mikayıllı daha çox İ.İmanzadənin nəşr etdirdiyi “Bənövşə” jurnalının (əvvəllər “Mingəçevir leysanı” idi) 10 illiyindən danışdı.
AYB Mingəçevir filialının üzvləri Zümrüd Rəhimova, Elşən Əzim, gənclərdən Ruslan, Aişə, Rəna, Gəncə və Agdaşdan gələn qonaqlar-Xəzəngül Hüseynova, Fəxrəddin Əsəd, Namiq Zaman və Səxavətin ifasında bir neçə şeirin oxunması ilə poeziya gecəsi sona çatdı. Mingəçevirin yazarlarına isə söz verilmədi. (Nəsib Bayramoğlu, Pənah Qurbanzadə və digər söz ustalarına, yazarlara söz verilməməsi təəccüb və təəssüf doğurdu. Belə bir fikir yarandı ki, AYB Mingəçevir filialının üzvləri bir neçə məcburi köçkündən ibarətdir. Belə qənaətə gəlmək olar ki, şəhər yazarları ordakı mühitdən narazı olduqları üçün filialla əməkdaşlıq etmirlər. Yarandığı gündən daxilindəki intriqalara, ciddi yazarlara qarşı mənfi münasibət göstərdiyinə görə Mingəçevirin qələm əhli ondan üz döndərib). Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin yeni işə qəbul olunmuş və hələ auditoriya qarşısında çıxış etməmiş müəllimlərinin keyfiyyətsiz ifaları isə ümumiyyətlə bəyənilmədi.
Bir saatdan sonra tamaşaçıların yarıdan çoxu artıq zalı tərk etdi. İsmayıl İmanzadə digər tamaşaçılardan səbr etmələrini, tədbirin sonuna kimi oturmalarını xahiş etdi. Bəlkə də tədbir teatrın 300-400 nəfərlik tamaşa salonunda deyil, elə filialın 25-30 nəfərlik otağında keçirilsəydi, onun “quş qoymaq” üçün təşkil olunmasından əksəriyyət xəbəri tutmazdı. İndi sözə, sənətə qiymət verən mingəçevirliləri, o cümlədən gəncləri gəl inandır ki, bu zövq korlayan tədbirin teatra aidiyyatı yoxdur. Amma belə hal tamaşaçıların teatrdan soyuda bilər.
İndi keçək əsas mətləbə
Zaman-zaman Mingəçevir şəhər kimi formalaşıb, inkişaf etdikcə burda ədəbi mühit yaranıb. Müxtəlif ədəbi məclislər, dram dərnəkləri fəaliyyət göstərib. Hələ Mingəçevir şəhər statusu almamışdan əvvəl “Mingəçevir işıqları” qəzeti fəaliyyətə başlayıb və şəhərdə ədəbi mühitin yaranmasına böyük töhfələr verib. 1965-ci ildən etibarən qəzetin nəzdində yaranan “Kür” ədəbi birliyi bir məktəb rolunu oynayıb. Bu birlikdə o zamanın söz xirdarları-şair, nasir və həvəskar yazarları cəmləşib. Onlar mütəmadi yığışaraq fikir mübadiləsi edir, poeziya gecələri keçirirdilər. Bu birliyə şair Aydın Babayev, fəlsəfə doktoru Mayıl İsmayılov, daha sonralar isə jurnalist Yusif Ələkbərov rəhbərlik edib.
Məclisin toplantıları ayda bir, ya iki dəfə keçirilərdi. Redaksiyanın iş otaqlarına sığışmayan yazarlar M.P.Vaqif adına mərkəzi kitabxananın oxu zalına toplaşırdılar. Məclis səhər saat 10-dan başlayar, hətta axşamadək davam edirdi. 30-40 nəfərin şeir və hekayələri oxunar, təhlil olunardı. Məhz məclisin rəyindən sonra yazılar “Mingəçevir işıqları” qəzetinə göndərilərdi. İl ərzində ortaya çıxan üç minə yaxın bədii yazıdan 500-ə yaxını qəzetdə çap olunardı. Eyni zamanda ədəbi tənqidə daim yer ayrılar, püxtələşmiş şair və nasirlərin gənclərə məsləhətləri verilərdi.
Məlum Qarabağ hadisələri zamanı fəaliyyətini dayandıran “Kür” ədəbi birliyinin əhəmiyyəti, gənc nəslin tərbiyəsindəki rolu və cəmiyyətə təsir gücü indiki AYB Mİngəçevir filialı ilə müqayisədə qat-qat çox idi. Amma o dövdə insanlar İsmayıl İmanzadə kimi demirdilər ki, Mingəçevirdə ona qədər ədəbiyyat olmayıb və sonra da olmayacaq.
Mövzunu davam etdirəcəyik.
Şərhlər bağlıdır.