Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Günəş doğanda da gözəldir, qürub edəndə də…

555

Bu gün məişətimizdə Yusif adı geniş yayılmışdır, obrazlı desək hökmranlıq edir. Valideynlər yeni doğulmuş övladlarını sevə-sevə Yusif adlandırırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məlumatlarında bildirilir ki, oğlan uşaqlarının adlandırılmasında Yusif birinci yerdə durur. Son 5 ildə Azərbaycanda 16 min nəfərə yaxın uşağa Yusif adı verilmişdir. Sonrakı yerləri Əli, Ömər, Məhəmməd, Tunar, Murad, Ayxan, Uğur tutur.

Yusif adı yalnız Azərbaycanda deyil, bütün dünyada populyarlıq qazanmışdır. Onu öz oğullarına həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər verirlər: Yusif, İosif, Yuzasif, Yuzef, Jozef, Ovsep, Osip, Usup, Yusup, Yusuf, Cozef, Cuzeppe, Yuzanna, Cuzanna, Juza, Cuza, Yuza və s. Bunlar Yusif adının müxtəlif xalqların məişətində rast gəlinən variantlarıdır.

Yusif adının bu qədər geniş şöhrət qazanmasının səbəbini eramızdan əvvəl IX əsrdə “Tövrat”dan başlayaraq bütün səmavi kitablarda, dünya xalqlarının şifahi və yazılı ədəbiyyatında öz əksini tapmış “Yusif və Züleyxa” əfsanəsi ilə bağlayırlar. Bu şöhrətdə son vaxtlar telekanallarda nümayiş etdirilən “Həzrət Yusif” serialı da böyük rol oynamışdır. Fikrimizcə, bu şöhrətin başında Yusifin yüz illər, min illər boyu ülvi gözəllik, mənəvi saflıq, səbr, dözüm, qüdsiyyət kimi ən böyük bəşəri keyfiyyətlərin simvolu olması, adi qul səviyyəsindən padşahlığa və peyğəmbərliyə qədər yüksəlməsi durur.

Zahiri və daxili gözəlliyinə, bu gözəlliklərin kamilliyinə görə Allah heç bir peyğəmbəri Yusif səviyyəsinə qaldırmamışdır. Heç bir ədəbi qəhrəman, heç bir poetik obraz Yusif qədər simvollar zənginliyi və gözəlliyinə sahib olmamışdır. Şərqdə istər şair, yazıçı, tarixçi, istərsə də rəvayətçilər tərəfindən Rüstəm Zal – konkret olaraq qüvvət və qüdrət; Harun – var-dövlət; Zöhhak, Firon, Şəddad, Nəmrud – zülm, haqsızlıq, qəddarlıq; Sokrat, Əflatun – tədbir, hikmət, kamal; Məryəm – qüdsiyyət, bəkarət, paklıq; Məcnun –  nakam məhəbbət; Leyli – vəfa, sədaqət; Yaqub – səbr, dözümlülük rəmzləri, poetik obrazları şəklinə düşdüyü halda Yusif bir neçə müxtəlif rəmz və poetik obraz – gözəllik, əzab, işgəncə, doğruluq, paklıq, qüdsiyyət, səxavət, xeyirxahlıq, ali məqamlılıq rəmzləri kimi işlənmişdir (1, s.29).

Yusif və Züleyxa əfsanəsi dünya ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Bu əfsanənin dünyəvi şöhrəti Yaxın və Orta Şərq xalqlarının ən sevimli mövzuları sayılan “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Şeyx Sənan”, “Vərqa və Gülşa”, “Vis və Ramin”, “Aşıq Qərib”, “Əsli və Kərəm” kimi məhəbbət dastanlarından daha genişdir (1, s.22). Yusif və Züleyxa əfsanəsi Quranın 111 ayədən ibarət 12-ci surəsində (Yusif surəsi) öz əksini tapmışdır (10, s.201-214). Yusif Quranda adları çəkilən 25 peyğəmbərdən 8-cisidir. Onun adı Yusif, Ənam, Qafir surələrində çəkilir. Yusif 110 il ömür sürmüş, Misirdə vəfat etmişdir. Məzarı Fələstin ərazisində Hablus adlanan yerdədir (13, s.349-350).

E.ə. IX əsrdən başlayaraq eramızın XX əsrinə qədər öz zəmanəsinin görkəmli nümayəndələri sayılan yüzlərlə istedadlı şair və yazıçı bu mövzuda ərəb, fars, türk, azərbaycan, özbək, hind, puştu, kocrat, pəncab, türkmən, gürcü, alman və s. dillərdə çoxsaylı şeir, poema, epos, mənzum povest, roman, dram yazmışlar. Onların sırasında Azər Beqdeli, Əli, Əhməd Qəzalı, Firdovsi Tusi, Əbdürrəhman Cami, Durbək, Məhəmməd Səid Ordubadi, Nazim Hikmət, Tomas Mann, Xalidə Ədib, Həmdi Çələbi, Səyyad Həmzə kimi görkəmli söz ustadları vardır (1,s. 79-82). Lakin, XV əsrdə yaşayıb yaratmış dahi fars şairi Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poeması bu mövzuda yazılmış bütün poetik əsərləri kölgədə qoymuş, onlara öz dərin təsirini göstərmişdir. Caminin bu şah əsəri dünya ədəbiyyatının ölməz poetik əsərləri sırasına daxildir (1, s.5). Onu da qeyd edək ki, bu sırada “Yusif və Züleyxa” mövzusunda qədim və müasir yəhudi dilində bədii əsər yazmış şair və yazıçıya rast gəlmədik.

Elə bir klassik şair tapmaq olmaz ki, öz əsərlərində (qəzəl, qəsidə, rübai, poema, məsnəvi və s.)  Yusif adından poetik obraz kimi istifadə etməsin. Rudəki, Hafiz, Sədi, Ömər Xəyyam, Nizami, Füzuli, Xaqani, Nəsimi, Nəvai, Xətai, Şəhriyar, Vaqif, Əliağa Vahid və başqaları Yusifi dönə-dönə tərənnüm etmişlər. Dahi qəzəl ustadı Məhəmməd Füzuli yazır:

Şahisən mülki-məlahətdə, sənə qullar çox,

Biri oldur ki, varıb Misirdə sultan olmuş   (11, s.180).

Bu beytdə Füzuli öz məşuqəsinin gözəlliyini Yusifin gözəlliyi ilə qarşılaşdırır. Şairin sevdiyi gözəl məlahət mülkünün şahıdır. Onun özü kimi məlahətli qulları çoxdur. Onlardan biri misilsiz gözəlliyi ilə dünyanı sarsıdan Yusifdir ki, Misirdə sultan olmuşdur. Füzuli burada sevgilisinin gözəlliyini Yusifin gözəlliyindən üstün tutmaqla bənzərsiz bir mübaliğə işlədərək beytin bədii təsir qüvvəsini qat-qat artırmışdır. Məhəmməd Füzulinin Yusif poetik obrazına müraciəti ayrıca bir tədqiqatın mövzusudur.

Bu poetik ənənə bu gün də davam etməkdədir.

Yusif və Züleyxa əfsanəsini, bu mövzuda yazılmış bədii əsərləri, həmçinin Əbdürrəhman Caminin ölməz “Yusif və Züleyxa” poemasını dünyanın görkəmli alim və tədqiqatçılarından M.Tərbiyət, M.F.Axundov, H.Araslı, M.Sultanov, M.Mübariz, A.Quliyev-Sarovlu (azərb.), K.Çələbi, F.Köprülüzadə (türk), Ə.Xəyyampur, S.Nəfisi, M.Gilani, R.Şəfəq, M.Bahar (fars), Y.Bertels (rus), A.Krımski (ukrayna, əslən Krım türkü), İ.Hammer, H.Ete, E.Hilşer (alman), E.Braun (ingilis), A.Masse (fransız), A.Qvaxaria (gürcü), Məhəmməd Əcmal xan (hind), Məhəmməd Hüseyn Bəhruz (əfqan) və başqaları tədqiq, təhlil və təqdir edərək qiymətli fikirlər söyləmişlər.

“Yusif və Züleyxa” əhvalatının qısa məzmunu belədir: Kənanlı Yaqub peyğəmbər 12 oğlundan Yusifi daha çox istəyirdi. Buna paxıllığı tutan qardaşları Yusifi karvan yolunun üstündə bir quyuya atıb atalarına onun ölüm xəbərini gətirirlər. Yusifin həsrəti ilə ağlamaqdan Yaqubun gözləri kor olur. Quyuda böyük əzab çəkən Yusifi buradan karvanla yol ötən tacirlər çıxarır və onu Misir bazarında satırlar. Misir hökmdarının vəziri Əziz Yusifi alıb evinə gətirir. Əzizin arvadı Züleyxa yaşca özündən kiçik olan bu misilsiz gözəl qul oğlana aşiq olur, onun vüsalına çatmaq istəyir. Yusif ağasına xəyanət etməyərək Züleyxanın çağırışlarına cavab vermir, nəticədə, Züleyxa tərəfindən şərlənərək zindana salınır, 7 il həbsdə qalır. Sultanın yuxusunu yozduğuna, ağlına və bacarığına görə vəzir təyin edilir. Sonra Misirin hökmdarı olur. Züleyxanı bağışlayır və alicənablıq edərək onunla evlənir. Yusif qardaşlarını da bağışlayır, atasına qovuşur. Yusifin köynəyi qoca Yaqubun gözlərinə nur gətirir. Əhvalat xoşbəxt sonluqla tamamlanır.

Şərq nağıl və dastanlarına, həmçinin Azərbaycan dastanı Dədə Qorquda bu əfsanə öz təsirini göstərmişdir. Oğlu Beyrəyin barmağının qanı hopmuş dəsmal ilə Baybura bəyin (8, s.70), Yusifin köynəyi vasitəsilə Yaqubun gözlərinin nur tapması epizodları arasında nə qədər yaxınlıq vardır (1, s.39)

Abbasəli Quliyev (Sarovlu) Yusif və Züleyxa əfsanəsinin sabeizmlə (islamiyyətdən əvvəl bəzi ərəb qəbilələrində Aya, ulduzlara sitayiş edilən din) əlaqədar xüsusiyyətlərinin olduğunu yazır. Qeyd edir ki, bu xüsusiyyətlər (on bir ulduzun, Ay və Günəşin Yusifə səcdə etməsi) əfsanənin yaranmasında ərəb qəbilələrinin xüsusi rol oynadığını göstərir (1, s.24). Abbasəli Quliyev (Sarovlu) bildirir ki, Tövratın xristian və islam dinlərinə böyük nüfuzu olmuşdur. İslam Tövrat əfsanə və sərgüzəştlərindən istifadə etmişdir (1, s.25). Bu, doğrudur. Axı qeyd olunan Tövrata və Qurana, digər səmavi kitablara, dünya xalqlarının folklor və ədəbiyyatına, fəlsəfəsinə, ideologiyasına maq-oğuz-azərbaycanlı Zərdüştün “dünyanın başlanğıclar kitabı” olan “AVESTA”sının təsirini də alimlər bildirmişlər. H.X.Bartolemeo, Strabon, Hegel, R.Fray, F.M.Volter, M.Boys, Plutarx, Diogen, V.İ.Abayev, T.Qloba, L.A.Lelekov, M.İ.Şaxnoviç, M.Seyidov, T.Hacıyev, S.Qaşqay, F.Nitsşe, K.Geldner, Y.V.Çəmənzəminli, D.Axundov, F.Qasımzadə və digər məşhur elm xadimləri qeyd etmişlər ki, ən qədim Şərq və Qərb ədəbi abidələrinə süjet qurmaq ənənələri, mövzular, mifik obrazlar silsiləsi “Avesta”dan keçmişdir (15, s.89). Vahid Allaha inam bəsləyən atəşpərəst maqların (zərdüştilərin) ideya təlimlərinin, Günəşə, Aya, ulduzlara səcdə etmə norma və qaydalarının bütün Yaxın və Orta Şərq xalqlarına, dünyanın digər xalqlarına ötürüldüyü də bizə məlumdur. Günəşin, Ay və ulduzların Yusifə səcdəsi, insanla qovuşması atəşpərəstliklə (15, s.89), odla, işıqla bağlı deyilmi? İrəlidə Yusif və Yaqub adlarının etimoloji təhlilində biz bunu görəcəyik.

Nədir Yusifi bu qədər sevdirən? Onun ülvi gözəlliyi, mənəvi paklığı, qüdsiyyətimi? Quyuda, zindanda, sarayda çəkdiyi sonsuz əzablarımı, bu əzablara səbrlə, mətanətlə dözümlülüyümü? Bütün bu bəlakeşliyin sonunda Allahın lütfü olaraq şahlığa və peyğəmbərliyə qədər yüksəlməsimi? Yoxsa Züleyxanın dözülməz işgəncələrinə baxmayaraq onu misilsiz bir məhəbbətlə, atəşli bir eşq ilə sevən bu qadınla evlənməyimi? Bu sualların cavabını Yusif adının mənasında, etimologiyasında axtarmaq lazımdır, Yusifin sözaçımı və mənşəyi ilə onun gözəllik simvolu olmasındakı eynilikdə və qanunauyğunluqda aramaq gərəkdir. Niyə Yusifin sevgilisinin adı məhz Züleyxa olmalıydı? Axı poeziyada Yusifin adı Züleyxadan əvvəl işlənmişdir. Nə Tövratda, nə də Quranda Züleyxa adı yoxdur. Züleyxa adına ilk rast gəlinən mənbə Bələminin “Tərcümeyi-tarixe Təbəri” əsəridir. Poeziyada isə bu adı ilk dəfə X əsr böyük fars-tacik şairi Rudəki işlətmişdir (1, s.30). Yusif və Yaqub, eləcə də Züleyxa adlarının  yaxınlığı da təsadüfi hal deyildir.

Əvvəl yozumları nəzərdən keçirək.

Tədqiqatçı alim Abbasəli Quliyev (Sarovlu) yazır ki, Yusif sözü “Yusif rux”, yaxud “Ruxi-Yusif”, “Yusif Camal”, yaxud “Camali-Yusif” şəklində ülvi gözəllik, “pirahəni-Yusif” – vüsal müjdəsi; “Yusif del” – əzizlik, müqəddəslik, Züleyxa adı isə “Eşqi-Züleyxa” – çılğınlıq, ehtiras; “Sitəmi-Züleyxa” və “Zülmi-Züleyxa” – şər, böhtan, haqsızlıq mənalarını ifadə edən poetik obrazlar kimi formalaşmışdır (1, s.29). Daha sonra Abbasəli Quliyev (Sarovlu) Əli Seyidinin “Qamusi Osmani” lüğətinə istinadən Yusif sözünün mənasını “hüsn və camala malik olan adam” kimi izah edir. Yazır ki, qumrunun kiçik bir növünə, su üzərində uçan gözəl bir kələbəkə (kəpənəyə) də Yusifcik deyilir. Hətta “Güli-Yusif” (Yusif gülü) adlı gözəl bir gül növü də vardır (1, s.29).

“Azərbaycan şəxs adları” soraq kitabının tərtibçiləri (M.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev, ön söz Z.Budaqova) 30 il bundan əvvəl Yusifin ərəb mənşəli söz olduğunu, qədim yəhudi adı İosifdən yarandığını, “artırılmış, çoxaldılmış” mənası daşıdığını bildirmişlər (5, s.46). Tanınmış tədqiqatçı jurnalist Osman Mirzəyev də eyni fikirdə olmuş, 30 il əvvəl o da “Adlarımız” kitabında Yusif adının hərfi mənasının qədim yəhudi dilindən tərcümədə “artım, gəlir” demək olduğunu yazmışdır (12, s.116). Filoloq alimlər Aydın Paşayev və Alimə Bəşirova isə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi, hər sahədə milli özünəqayıdışın bərqərar olduğu bir dövrdə hazırladıqları “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndə yuxarıda göstərdiyimiz tədqiqatçıların fikirlərini təkrarlayaraq Yusifin qədim yəhudi İosif adının ərəb forması, mənasının “artım, çoxaldılmış, allah əlavə edər” demək olduğunu qeyd etmişlər (2, s.238). Qəribə məntiqdir, əgər bu söz-ad yəhudilərdən alınaraq ərəb formasına düşmüşdürsə, niyə mənşəyi də yəhudi olmasın? Əslində Yusif adının mənşəyinin nə yəhudiyə, nə də ərəbə aidiyyatı yoxdur.

“Azərbaycan dilinin nizahlı lüğəti”ndə (tərtibçilər Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə) Yusifin mənşəyi göstərilmir, klassik ədəbiyyatda “gözəl kişi” mənasında işlədildiyi bildirilir (3-IV, s.628).

“Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti”nin tərtibçiləri (B.Abdullayev, M.Əsgərli, H.Zərnizadə) isə Yusifi ərəb mənşəli ad hesab edir, ədəbiyyatda gözəllik rəmzi kimi işlədildiyi, “Yusifi-ruz” (günün Yusifi), məcazi mənada “günəş” anlamında olduğu qənaətinə gəlirlər (9, s.444).

N.Gəncəvi, X.Şirvani, İ.Nəsimi,Ə.Nəvai, Ə.X.Dəhləvi, M.Füzuli, S.Şirazi, Ş.İ.Xətai və s. klassiklərin əsərlərini tərtib edən alimlər Yusifi gözəllik simvolu olan misilsiz bir obraz kimi dəyərləndirmişlər.

Sözlərin etimologiyasının böyük bilicilərindən olan Əjdər Fərzəli fərqli fikirdədir. O, Yusifi Günəşin parlaq odunun timsalı adlandırır (7, s.101). Qeyd edir ki, Yusif variantlı bütün sözlər Günəşlə, onun parlaq, işıqlı, yaraşıqlı, “ən gözəl” üzü, “ən nurlu” görümü ilə bağlıdır, bu sözlər dinlərin meydana gəlməsindən min illər qabaq dünyaya gəlmişdir (7, s.158). Əjdər Fərzəlinin bu sözlərində böyük həqiqət və ədalət vardır.

Dünya şöhrəti qazanmış, bəşəri eşqin və ülvi gözəlliyin, paklığın və məsumluğun, səbr və dözümün, namus və qeyrətin, alicənablığın və əbədi şöhrətin mücəssəməsinə çevrilmiş bu söz-ad iki hissədən ibarətdir: Yu+sif. Yu – “ya”nın fonetik formasıdır, “ya”,”ay”, “ey” şəklində çağırış nidası kimi işlənir. Ahəng qanununun tələbinə uyğun olaraq “i”nin “u”dan (sif←yu; Yusif, Yunis), “ə”nin “a”dan (səf←ya; Yasəf, Yavər, Yamən) doğması zərurəti daha böyükdür. U və i qapalı, a və ə açıq saitlərdir. “Yu” (ya, ay, ey) Günəşi təmsil edir. Yaqub, Yamən, Yavər, Yasin, Yunis, Yasəf, Yafəs və s. adlarda da belədir. Azərbaycan mənşəlidir. Azı 12 min il tarixi olan “Avesta”dan gəlir. “Avesta”da ya – “kim, kimsə, siz”, “çağırış nidası” kimi mənalandırılır (6, s.276). “Avesta”nın tarixi isə “Tövrat”dan, “Zəbur”dan, “İncil”dən, “Quran”dan daha qədimdir və bu səmavi kitablara təsiri olmuşdur (15, s.89). Bu çağırış nidası “Ya Allah!”, “Ya Məhəmməd!”, “Ya Əli!” ifadələrində daha mənalıdır, cazibədardır, məhrəmdir, siqlətlidir. Çünki cövhərində, mayasında od var, atəş var. O, nurdan yaranıb, Günəşdən doğulub (15, s.76).

“Yu” komponentində “u” (ü) isti səsdir. Günəşin doğmasını, qalxmasını, uzanmasını, süzülməsini, yeni günün başlanmasını bildirir. Gün, Hun, Nuh, Yum, Şum, Qu və s. sözlərdə də belədir (7, s.123-125). Deməli, “yu” “ya”nın fonetik dəyişikliyə uğramış forması olsa da, eyni zamanda “yeni” sözünün təmsilçisidir, yeniliyi, ilkinliyi, başlanmanı bildirir. “Ya Allah!” və bu kimi müraciətlərdə də “ya” – “ey ulu, böyük, birinci, ilkin, yeni” mənalarını ifadə edir.

“Yusif”in ikinci komponenti “sif” də Azərbaycan mənşəlidir. “Avesta”dakı “saf” (sof, səf, suf, sif) sözünün fonetik variantıdır. Bu tərkibli sözlər çoxdur: saf, səfa, Sofi, Yusif, sufi, sufizm, filosof, Səfurə, Səfəvi,Şəfa, Şəfəq və s. Çox təəssüflər olsun ki, tədqiqatçı alimlərimiz bu sözləri də ərəb və yunan, hətta fransız (“sofa” divan adını) mənşəli sözlər kimi təqdim edirlər (3-IV, s.132; 15, s.63).

Saf (sof, suf, sif) qədim və müasir türk dillərində işlənir. “Avesta”nın “Qatlar” hissəsində bu söz “sava” şəklində ifadə olunur, mənası “saf ağ, yaxşı, təmiz işıq”dır (6, s.286).

Təmiz işığın, Günəş şüalarının təmsilçisi kimi dünyaya gəlmiş bu sözdən (saf) yaranmış, yuxarıda misal gətirdiyimiz ad və terminlər müxtəlif mənaların daşıyıcılarıdır (zahid, dindar, yun, hikmət, aydın, şəffaf, cərgə, zövq, dəli, alim və s.). Bütün bu mənaların kökündə Günəş işığının, Günəş şüalarının ən saf, təmiz, gözəl, seçilən rəngi, əlaməti durur. Zahidlər də, yun geyimlilər də, hikmət sahibləri də, səfə (cərgəyə) duranlar da, alimlər də, dəli və axmaqlar (səfehlər) də başqalarından seçilmirlərmi? Bir kökdən (“saf”dan) ayrılan müxtəlif ölçülü, müxtəlif görünüşlü budaqlar deyilmi?

“Saf” (sof, səf, suf, sif) “Avesta”ilə bağlı ən qədim dini-fəlsəfi cərəyan olan kabbalizmdən gəlir, kabbalistlərin allahı “Ensof”dan gəlir. Ensof isə şüa axınıdır, işıq mənbəyidir (6, s.41-44). Buradakı “en”i də biz sonsuzluq bildirən latın, yunan mənşəli hərf hesab etmirəm. “Ensof”– ən saf deməkdir. “Ən” ədatı isə Azərbaycan dilində yaranmışdır, konkret ölçüsü olmayan çoxluğu,bolluğu bildirir (15, s.64).

Islam tarixində təsəvvüf adı ilə tanınmış ən böyük fikir cərəyanlarından olan sufilik də öz adını və ideya başlanğıcını məhz atəşpərəstlikdən, “Avesta”dan, “saf ağ”dan almışdır. Xalqların, dillərin və mədəniyyətlərin tarixi, sözlərin əsil etimoloji təhlili sübut edir ki, “sufizm” və “təsəvvüf” terminlərinin mənşəyini və mənasını ərəblərdə, yaxud yunanlarda axtarmaq cəfəngiyyatdan başqa bir şey deyildir.

Bu araşdırmalarımızdan aydın olur ki, Yusif Azərbaycan mənşəli söz olub, Günəş kimi, Günəşin şüaları kimi saf, təmiz, işıqlı və gözəl anlamlarını daşıyır. Günəş şəfəqlərinin ən gözəl, ən saf çağı isə səhər doğanda baş verir. Yusif –  “doğan Günəş kimi gözəl” deməkdir. Bunu yuxarıda nəzər yetirdiyimiz müxtəlif mənbələrin yozumlarından (ülvi gözəllik simvolu, gözəl kişi, günəş, artım, çoxaldılmış) doğan məntiqi nəticə də təsdiqləyir.

Həyatın, varlığın əsasında duran 4 ünsürdən, yəni OD, SU, HAVA  TORPAQ-dan birincisini (odu) KİŞİ-ƏR-ATA, ikincisini (suyu) QADIN-ANA təmsil edir. Od (Günəş ali od, işıq və istilik mənbəyidir) və SU yoxdursa həyat da yoxdur. Kişi-ərdən (Atadan) və qadından (Anadan) biri yoxdursa, bəşəriyyət də mövcud ola bilməz.

OD və SU həyatın ilkin başlanğıcıdır. TORPAQ (Yer) OD-dan (Günəşdən) yaranmışdır. HAVA (aba, ava, Ayva, Həvva) OD-la SU-yun törəməsidir, onların qovuşmasından meydana gəlmişdir. İlk bəşər övladı ADƏM (od-mən, odam) OD-dur, HƏVVA SU-dur. Əski maq-oğuz-azərbaycanlıların HƏYATIN OD və SU başlanğıcı haqqında inamı, bu çevrədə yaratdıqları əfsanə və rəvayətlər qədim şumerlərin mifologiyasında yer almış, onlardan akkadlara, misirlilərə, daha sonra yəhudilərə, yunanlara və digər müsəlman və xristian ölkələrinə ötürülmüşdür (7, s.13-17).

Mənim tədqiqatımda YUSİF – OD (Adəm), ZÜLEYXA – SU (Həvva) başlanğıcıdır. Yusif adı əvvəl, Züleyxa adı ondan sonra yaranmışdır. Bu adlanma yaranış qanunlarına uyğundur. “Oddan su törəyər” məsəlini yada salaq. Züleyxa adı təsadüfi seçimdirmi? Yox! Adın etimologiyasına nəzər yetirək.

Tədqiqatçılar Züleyxanı ərəb mənşəli söz hesab edib hərfi mənasının “su pərisi, su pərisi kimi gözəl, lətafətli” demək olduğunu bildirmişlər (2, s.336; 5, s.64; 12, s.98). Osman Mirzəyev Züleyxanı Zalxanın əzizləmə, kiçiltmə forması olub ərəb dilindən “su pəriciyi” kimi tərcümə edildiyini yazır (12, s.98).

        Züleyxa sözünün kökündə “su” durur. Süleyman, Salman, Suliddin, Sülhiyyə şəxs adları, salam, sülh sözləri də bu qəbildəndir. Mənbələr bu sözlərin “barış, sakitlik, sülh, sağlamlıq, əmin-amanlıq, salamatlıq” mənaları daşıdığını bildirir, mənşəyini isə Züleyxada olduğu kimi yanlış olaraq ərəblərə aid edirlər (9, s.304; 5, s.53; 3-IV, s.25; 12, s.193). “Su” azərbaycan mənşəli sözdür. “Su” dinclikdir, sülhdür. Göl-cöl-söl-sul (h)- sül(h), “h” səsi burada havanı təmsil edir. Sülh –yəni həyat olan, sulu, dinc yer. Sulu, havalı, dinc və rahat həyat şəraiti. “Salam” da su ilə bağlıdır, “sağlam olasan” mənasındadır (7, s.34).

Züleyxa Zalxadan yaranıb. Zalxa iki komponentə ayrılır: zal+xa. Zal – su sözünün fonetik dəyişikliyə uğramış formasıdır: zal-sal-sul-su. Xa – “h” səsini bildirir: xa-ha-h. Zalxa (zal+xa, sul+ha, su(l)+h(a) – suyu və havası bol olan yer,su və hava kimi həyati, gözəl məkan, burada su və hava kimi saf, təmiz, işıqlı, gözəl insan (qadın) deməkdir. Zalxanın əzizləmə forması olan Züleyxa isə üç hissədən ibarətdir: zül+ey+xa. Bu tərkibdəki “ey” güney, quzey sözlərində olduğu kimi mənsubiyyət bildirir. Züleyxa – suya aid olan, sudan və havadan yaranmış, su bə hava kimi gözəl, təravətli, lətafətli qız (qadın) deməkdir. Su pərisi də vücudu sudan yaranmış gözəl məxluqdur.

Göründüyü kimi, tədqiqatçılar Züleyxa adının, yuxarıda qeyd etdiyimiz digər söz-adların leksik mənalarını düzgün açıqlamışlar. Amma heç kəs deməmişdir ki, bu sözlərin kökündə Azərbaycan mənşəli “su” (3-IV, s.156) sözü durur. Su ərəb, yaxud yəhudi sözü deyil. Bu sözdən yaranmış Süleyman, Sülhiyyə, Züleyxa, Səlam//Salam, sulh, salam da ərəb mənşəli ola bilməz. Olsa-olsa ərəb qəlibinə girmiş Azərbaycan mənşəli söz ola bilər.

Həyat harada yaranır, harada coşub çağlayır? O yerdə ki, orada bol Günəş işığı və su var. Bunlar varsa, hava da var. Həyatın OD və SU başlanğıcı budur, Yusifdir, Züleyxadır. Biri doğan GÜNƏŞ kimi gözəldir, digəri azar SU kimi şirin, lətafətli, həyati. Yusifin adı da, özü də OD-dur, İŞIQ-dır,GÜNƏŞ-dir, Züleyxanın adı da, özü də SU-dur.

Yusif və Züleyxa haqqında məhəbbət macərasının əsas qəhrəmanlarından biri Yaqubdur. O, Yusifin atasıdır. Oğlunu itirdikdən sonra dörd yol ayrıcında “Beytülhəzən” (hüzn evi) tikdirən Yaqub burada illərlə Yusifi gözləmiş, ağlamaqdan gözləri kor olmuşdur.

Klassik ədəbiyyatımızda, Nizami, Nəsimi, Füzuli, Xətai, Nəvai, Sədi, Hafiz, Rudəki, Cami poeziyasında Yaqub oğul həsrəti çəkən kədərli ata kimi təsvir olunur. Şah İsmayıl Xətai yazır:

Xətaiyə han gəldi,

Mürdə cismə can gəldi.

Yaqubi-zar olmuşam,

Yusifi-Kənan gəldi (14, s.39).

Bu, həmən ağlar Yaqubdur. Quranda adı çəkilən 25 peyğəmbərdən yeddincisidir, İshaq peyğəmbərin oğlu, Yusif peyğəmbərin atasıdır. Quranda Yaqubun adı Baqara, Ali-İmran, Nisə, Ənam, Ənbiya, Ənkəbut, Hud, Yusif, Məryəm surələrində çəkilir. Yaqub 147 il ömür sürmüş, Misirdə vəfat etmiş, Fələstində dəfn olunmuşdur (13, s.349-350).

Osman Mirzəyev yazır ki, Yaqub adı məişətimizə ərəblər vasitəsilə qədim yəhudilərdən gəlib. İlkin forması İakovdur. İakov qədim yəhudi dilindən hərfi tərcümədə “daban”, “dabanbasdı” deməkdir. Qədim yəhudilər adətən əkiz uşaqdan ikincisinə, dalca gələnə, dabanbasdı doğulana bu adı verərdilər. Yaqub da İshaq peyğşmbərin əkiz doğulan iki oğlundan (Eysu və Yaqub) ikincisidir. Zaman keçdikcə bu ad-məna (dabanbasdı)  unudulmuş, biz Yaqubu ancaq “vəfalı ata” kimi qəbul etmişk (12, s.111).

Azərbaycan dilçiliyində ən mükəmməl antroponimlər lüğəti hesab edilən “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndə də Yaqub qədim yəhudi Yakov adının ərəb forması hesab edilib leksik mənasının “ardıyca, iziylə gedən”, “dabanbasdı” demək olduğu bildirilir (2, s.235).

“Azərbaycan şəxs adları” soraq kitabının tərtibçiləri isə Yaqubu İaqov kimi qeyd edirlər. Bu mənbədə də Yaqub ərəb mənşəlidir, yəhudilərdən götürülmədir, “ardınca gedən” deməkdir (5, s.45)

Çox qəribədir. Yaqub milliyətcə yəhudi, yaxud ərəb ola bilər. Ad isə onların deyil. Bu adı ərəblər yəhudilərdən götürübsə, niyə ərəb mənşəli olmalıdır? Bu ad Tövrat rəvayətlərindən (İakov kimi alınıb) islam hədislərinə, Qurana (Yəqub kimi) daxil olmuşsa (12, s.111), bəs Tövrat onu haradan götürmüşdür?

Yaqub sözünün mənşəyi çox uzaq tarixlə bağlıdır. Yaqub – “od, işıq, Günəş” anlamlı maq-oğuz-Azərbaycan sözüdür. Yəhudilər və digər xalqlar onu öz danışıq tərzlərinə uyğun olaraq İakov, Yakov, Yaqo, Yəqub kimi tələffüz etmiş və yazmışlar.

Yaqub da iki hissədən ibarət sözdür: Ya+qub. Burada “ya” – Yusif adında izah etdiyimiz kimi, çağırış nidasıdır, Günəşi təmsil edir, “Avesta”dan gəlir.

Yaqubun ikinci komponenti “qub” – qab, qobu, qəbir, qubar, qürub, qürbət, Qubad (şəxs adı) kimi sözlərlə eyni mənşədən olub Günəşin batan zaman aldığı forma, görünüş, dairə ilə bağlıdır. Yaqub – “yenicə batmağa başlayan, qürub edən Günəş kimi parlaq, işıqlı və gözəl” deməkdir (15, s.76). Axı Günəş doğanda da gözəldir, batanda, qürub edəndə də. Yaqubun “ardınca gedən, dabanbasdı” adlandırılmasındakı məntiq də buradan yaranır.

Bu araşdırmalardan aydın olur ki, Yusif doğan, Yaqub isə batan, qürub edən Günəşin gözəlliyini təmsil edir. Od (Günəş) olan yerdə Su da var. Suyun təmsilçisi isə Züleyxadır. Bu adların maq-oğuz-Azərbaycan mənşəli olması dilin mənşəyi haqqında monogenezis nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəyə görə dünya dilləri bir dil ağacından törəmişdir. Ulu dil mövcud olmuşdur. Bu dilə ən yaxını protoazərbaycan dilidir (6, s.6; 7, s.150; 7, s.156-157).

       Xülasə

Yusif adı bütün dünyada populyarlıq qazanmışdır. Son illərdə Azərbaycanda yeni doğulan oğlan uşaqlarına ən çox Yusif adı verilmişdir. Yusifin bu qədər böyük şöhrət qazanmasının səbəbi onun yüz illər, min illər boyu ülvi gözəllik, mənəvi saflıq, səbr, dözüm, qüdsiyyət kimi ən böyük bəşəri keyfiyyətlərin simvolu olması, adi qul səviyyəsindən padşahlığa və peyğəmbərliyə qədər yüksəlməsidir.

Səmavi kitablarda öz əksini tapmış Yusif əfsanəsinin, “Yusif və Züleyxa” əhvalatının, çoxsaylı şeir, poema, roman, dram və s. bədii əsərlərin qəhrəmanı olan Yusifin, eləcə də Züleyxanın və Yaqubun adlarını tədqiqatçılar, antropoloq alimlər ərəb, yaxud yəhudi mənşəli hesab etmişlər. Yusifin “artım, gəlir”, “gözəl kişi”, “gözəllik simvolu”, Zuleyxanın “su pəriciyi”, Yaqubun isə “daban, dabanbasdı, ardınca gedən” mənaları daşıdığını bildirmişlər.

Antropoloq alimlərin bu rəy və yozumlarını yanlış hesab edirəm. Sözlərin düzgün etimoloji prinsip əsasında təhlili, məntiqi təfəkkür, dillərin müqayisəli şəkildə öyrənilməsi, dillərə müqayisəli tarixi baxış, dilin mənşəyi haqqında monogenezis nəzəriyyəsi mənə deməyə əsas verir ki, Yusif, Züleyxa və Yaqub maq-oğuz-Azərbaycan mənşəli sözlərdir, “Avesta” köklüdür, atəşpərəstliklə bağlıdır. Bu adların hərfi tərcüməsi də, leksik mənası da Od və Sudur. Yusif – doğan Günəş kimi gözəl, Yaqub – batan Günəş kimi gözəl, Züleyxa isə – su və hava kimi gözəl, təravətli, lətafətli və həyati deməkdir.

Ədəbiyyat

  1. Abbasəli Quliyev (Sarovlu), “Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poeması”, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1969.
  2. Aydın Paşayev, Alimə Bəşirova, “Azərbaycan şəxs adlarının izahlı lüğəti”, Bakı, “Mütərcim” nəşriyyatı, 2011.
  3. Azərbaycan dilinin izahlı lüğəti, II və IV cildlər, Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2006.
  4. Azərbaycan klassik ədəbiyyatında işlədilən adların şərhi (tərtib edəni A.M.Babayev), Bakı, “Maarif” nəşriyyatı, 1974.
  5. Azərbaycan şəxs adları (soraq kitabı), Bakı, “İşıq” nəşriyyatı, 1974.
  6. Baloğlan Şəfizadə, “Zərdüşt, Avesta, Azərbaycan… (Maq sivilizasiyası), Bakı, “Elm” nəşriyyatı, 1996.
  7. Əjdər Fərzəli, “Dədə Qorqud yurdu”, Bakı, Azərnəşr, 1989.
  8. Kitabi-Dədə Qorqud, Bakı, “Gənclik” nəşriyyatı, 1977.
  9. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti, II cild, Bakı, “Şərq-Qərb” məşriyyatı, 2005.
  10. Qurani-Kərim, Bakı, Azərnəşr, 1992.
  11. Məhəmməd Füzuli, əsərləri, I cild, Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1958.
  12. Osman Mirzəyev, “Adlarımız”, Bakı, Azərnəşr, 1986.
  13. Sədrəddin Bəlaği, “Quran qissələri”, Bakı, Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzi, 1992.
  14. Şah İsmayıl Xətai, əsərləri, I cild, Bakı, Azərnəşr, 1976.
  15. Yusif Rzayev, “Oğuzda Avestanın izləri”, Mingəçevir, “Mingəçevir işıqları” qəzetinin redaksiyası, 2010.

Yusif RZAYEV

Şərhlər bağlıdır.