Günəş ağlamağa buludları göndərdi
Günəş ağlamağa buludları göndərdiBir gün 20 yanvar günü yağış yağmayacaq. Bütün Azərbaycana günəş şəfəq saçacaq. İşğalda olan torpaqlarımızı azad etdiyimiz gün…
Şəhidlərin ildönümünə bir gün qalmış hava da dəyişdi. Bu təsadüf idi, yoxsa göylərin bizimlə bu dərdi paylaşması? Elə bil göy də ağlayırdı. Elə bil deyəndə ki, elə ağlayırdı. Bir gün əvvəl “yaz nə tez gəldi?” düşünürdük. Zamanında yağmayan, amma elə zamanında yağan yağış… Ola bilməzdi ki, biz ağlayarkən, o ağlamasın. Axı həmişəkindən nə dəyişib ki?
Göylər də hər “20 yanvar”da bizimlə yas tutur, bizə təsəlli verir.
Ümid damlaları yağır yerə… Belə igidlərin, ərlərin torpağı darda qalmaz deyə. Yəqin ki, bu yağış damlaları sonuncu təsəlli damlalarıdır. Gələn il şəhid qəbirlərinə göz aydınlığı yağacaq bu damlalarda. Bütün məzarlar sevinəcək, üstlərindəki süni güllər də çiçəkləyəcək. Ruhları şadyanalıq edəcək: “Ziyarət etməsəniz də olar daha bizi. O torpaqlardan xəbər varmı?- deyə gözlədik. Artıq gəlməyə bilərsiniz. Gözümüz yollardan yığıldı daha”.
…Bir el qəbristanlığında bir şəhid məzarı da islandı bu yağışdan (Ağdam rayonunun Qızıllı kəndində üç məzar yanyanadır. Solda ata, aralarında oğulları Təhmasib, sağda ana). Bağışla məni, qardaş, bu il də səni ziyarət edə bilmədim. Şəhid olub torpağında qaldığın o yurd, hələ də məndən çox uzaqdır, elə məzarın kimi. Sabah şəklin mənimlə Şəhidlər Xiyabanına ziyarətə gedəcək. O gözəl çöhrən yenə sakit baxışlarla gələnləri seyr edəcək…
İndi səhərdir. 19-20 yanvar yox, 21 yanvar səhəri. Artıq günəş çıxıb. Öz şəfəqlərini yenə insanlara paylayır. Amma dünən gizlənmişdi. Əvəzinə ağlaya bilən yağışı göndərmişdi. Axı özü ağlaya bilmir.
…Dünən Şəhidlər Xiyabanı yenə insan selinə qərq olmuşdu. Yenə həmin məzarlar, məzarlara söykənmiş ağsaçlı analar, beli indidən bükülmüş xanımlar-şəhidlərin həyat yoldaşları.
Həmsöhbətim Təranə Hüseynovadır. O, yoldaşı Elbrus Hüseynovu 18 il bundan əvvəl Qarabağ döyüşlərində itirib. Qızı Ləman artıq Bakı Dövlət Universitetinin son kursunda oxuyur.
18 ildir hər il Təranə bu daşa söykənib gözlərini baş daşının üzərindəki şəklə dikir. Ürəklərində söhbət edirlər. Deyirəm Təranə, bir az aralı dur, soyuqlayarsan. Amma bizə buz kimi soyuq görünən o soyuq daşlar onun ən isti söykənəcəyidir: “Yox, söykənməsəm, dura bilmirəm”.
…Beləcə, bir 20 yanvar gününü də yola saldıq. Amma o yenə gələcək. 22 il bundan əvvəl 90-cı ilin 20 yanvar günü Bakı bir qaranlıq, şaxtalı-boranlı gecədən al-qırmızı oyandı. Elə bil bir gecədə Bakı qərənfil açmışdı. Gecə yazmı gəlmişdi? Yox. İnsanlar tank tırtıllarının vəhşi izlərini, qan gölməçələrini qərənfillə örtmüşdülər. Özlərindənmi gizləyirdilər bu vəhşiliyi, yoxsa inanmırdılar bu faciəyə?
Bir gün 20 yanvar günü yağış yağmayacaq. Bütün Azərbaycana günəş şəfəq saçacaq. İşğalda olan torpaqlarımızı azad etdiyimiz gün. Nəinki 1988-ci ildə, hətta lap əvvəllər, 1918-20-ci illərdə və sonralar itirdiklərimizi geri alacağıq. Minor notları majorla bitirmək xətrinə yazsam da, bu axırıncı sətirləri yazdığıma özüm də inanmaq və çatmaq istəyirəm.
Mehparə Təhmasib,
Mingəçevir Tibb Kollecinin rus dili müəllimi
Şərhlər bağlıdır.