Günəş şüalarının yarada biləcəyi təhlükələrdən xəbərdarsınızmı?
Günəş şüalarının yandırıcı təsiri nəticəsində bu günə kimi bir çox insan həyatını itirib.
İstilər ən çox körpələrə, hamilə qadınlara, açıq sahədə çalışan insanlara, şəkər, ürək-damar, qara ciyər, böyrək xəstəliyi olan, davamlı dərman qəbul edən insanlara pis təsir edir. Həddindən artıq istilər nəticəsində insanlar özlərində bəzi narahatlıqlar hiss edirlər.
Günəş şüaları gün vurmasına gətirib çıxara bilər. Bu isə təcili müalicə olunmazsa, ölümə də gətirib çıxarar. Günəş vurmuş insanın istiliyi 39-40 dərəcəyə qədər qalxır. Dəri quru olur, tərləmə baş vermir. Ürəkbulanma, qusma, baş gicəllənməsi kimi hallar özünü göstərir. Bu zaman həmin şəxs su içməli və ən yaxın xəstəxanaya aparılmalıdır. Bu cür hadisələr hər kəsin başına gələ bilər. Belə istilərdən hər kəs qorunmalıdır. Bu cür istilərdən qorunmaq üçünsə bəzi tədbirlərdən xəbərdar olmalıyıq:
-Günün ən isti saatlarında məcbur qalmadıqca çölə çıxılmamalıdır.
-Vacib görüləsi bir iş olduğu halda çölə çıxılmalıdır. Bu zaman da günəş şüalarından qorunmaq üçün papaq geyinilməli və sərin, kölgə olan yerlərdə dayanılmalıdır.
-İnsanlar tez-tez su içməli və yuyunmalıdırlar. Ən azı əl, üz, ayaqlar tez-tez yuyulmalıdır.
-İsti havalarda spirtli içkilərdən də uzaq durmaq lazımdır. Çünki bu cür içkilər bədəndən maye itkisinə gətirib çıxarır.
-İnsanlar nə yeyəcəklərinə də fikir verməlidirlər. Daha çox yüngül yeməklər yeyilməlidir. Meyvə-tərəvəzə üstünlük verilməlidir.
Günvurmanın əlamətləri:
– üzün və bədənin qızarması;
– gözün qaralması;
– başgicəllənmə və güclü baş ağrıları;
– ürəkbulanma;
– hava çatışmazlığı hissi;
– halsızlıq;
– bədən hərarətinin yüksəlməsi;
– təngnəfəslik.
Daha ağır hallarda qıcolma, huşun itməsi, ürək döyüntülərinin azalması da müşahidə edilə bilər.
Yuxarıdakı əlamətlər müşahidə olunarsa, təcili tibbi yardım çağırılmalı və zərərçəkmiş dərhal kölgəyə və ya sərin yerə aparılmalıdır. Onu arxası üstə uzandırmaq, ayaqlarını bir qədər qaldırmaq, boynunu və döş qəfəsini sıxan paltarlardan azad etmək, boynuna, sinəsinə, qoltuqaltına, dizaltına soyuq kompres qoymaq, su içirtmək lazımdır. Eyni zamanda, zərərçəkmişin paltarsız bədənini soyuq suda isladılmış mələfəyə bükmək olar.
Təcili tibbi yardım gələnə qədər zərərçəkmişin tənəffüsü və nəbzi nəzarətdə saxlanılmalıdır. Ehtiyac olarsa, ona ürəyin qapalı masajı edilməli və süni tənəffüs verilməlidir.
FHN Aran Regional Mərkəzinin
Maarifləndirmə sektoru
Şərhlər bağlıdır.