Gülnarə Həmzəyeva gənc azərbaycanlı qızları su yarışlarında görmək istəyir
7 yaşından olimpiya yarışlarının keçirildiyi hovuzda üzməyə başlayan Gülnarə xanım kano üzrə ölkəmizdə və xaricdə keçirilən mötəbər yarışları dəfələrlə qalib kimi tərk edib
Bakıda doğulan Gülnarə Həmzəyevanın 18 illik həyatının 15 ili Mingəçevirlə bağlıdır. 2009-cu ildə ailəsi işlə bağlı bu şəhərə köçüb. Atası Faiq müəllim o vaxtdan 2023-cü ilə qədər “Kür” Olimpiya Tədris İdman Mərkəzində texniki şöbəyə rəhbərlik edib. Atasının əlindən tutub tez-tez iş yerinə gətirdiyi Gülnarə su idman növünə həvəslənib və 7 yaşından bazanın tərkibində yerləşən üzgüçülük hovuzunda 2 il təlim keçib. 2015-ci ildən avarçəkməyə həvəs göstərib və təlimçi Aslan Abbasovla məşqlərə başlayıb. Gülnarə həmin günləri məmnunluqla xatırlayır və deyir ki, bu yolda ən böyük dəstəkçisi atasıdır: “Çoxları mənim avarçəkmə ilə məşğul olmağıma dodaq büzürdü: ”Qız hara, avarçəkmə hara” deyənlər vardı. Amma heç birinə fikir vermədim. Çünki atam hər zaman dayağım olub”.
Pandemiya başlayana qədər Gülnarə yüksələn xətt üzrə uğurlara imza atıb. 2015-cı ildən başlayaraq, cəmi 2 il ərzində 5 dəfə Azərbaycan çempionu adını qazanıb. 2018-ci ildən beynəlxalq yarışlara qatılıb, prezident kuboku və beynəlxalq yarışların qalibi olub.
2019-cu ilin may ayında Slovakiyanın Bratislava şəhərində beynəlxalq turnirdə özündən 3 yaş böyük idmançılar arasında 4-cü nəticəni göstərib. iyun-iyul aylarında Ukraynanın Xerson şəhərində 40 günlük təlim-məşq toplanışından sonra həmin ölkədə müxtəlif yarışların qalibi olub və 6 dəfə “Qızıl medal” qazanıb. 2019-cu il iyun ayında İtaliyada, Venesiya şəhərində keçirilən beynəlxalq turnirdə Azərbaycanın şərəfini qorumaq ona etibar edilib. İlk azərbaycanlı kanoeçi qadınımız Gülnarə kanoe üzrə 500 metr məsafəyə birinci, 200 metr məsafəyə isə ikinci nəticəni göstərib, qızıl və gümüş medalları ölkəyə gətirib.
Bütün dünyada pandemiyanın tüğyan elədiyi 2020 və 2021-ci illərdə Gülnarə də məşq və yarışlardan kənarda qalıb. Xeyli fasilədən sonra 2022-ci ilin may və oktyabr aylarında prezident kuboku uğrunda Mingəçevirdə və Suqovuşanda keçirilən beynəlxalq reqatalara qatılıb, kanoe üzrə 200 və 500 metr məsafədə əksəriyyətdən güclü olduğunu sübut edə bilib. Belə ki, hər iki növ üzrə hər iki yarışda ikinci olub. 2023-cü ilin may ayında keçirilən prezident kuboku yarışında 3-cü yeri qazanıb. Ona dəstək olan Azad Rəhimov (Allah rəhmət eləsin), Natiq Abbasov, Elçin Zeynalov, Aslan Abbasov, Vüqar Əhmədov, Fərid Əmirov, Ceyhun Mirzəyev, “Kür” OTİM-in kollektivinə, UGİM-in kollektivinə dərin minnətdarlığını bildirir.
Amma bu yarışdan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası qızların mövcud idman növündə iştirakına məhdudiyyət tətbiq edib. Azərbaycanlı qızlar arasında yeganə kanoeçi olan Gülnarə davamalı məşqlərinə baxmayaraq, son bir ildə daxili və xarici yarışların heç birinə cəlb olunmayıb.
Mövcud vəziyyət Gülnarəni ruhdan salmayıb. O, 10 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ağdam Sosial- İqtisadi Kollecinə fiziki tərbiyə müəllimi ixtisası üzrə daxil olub və bu ilin yayında subbakalavr diplomu alacaq: “Daha sonra təhsilimi Bakı idman Akademiyası və ya Gəncə Dövlət Universitetində davam etdirmək arzusundayam. Həm də paralel olaraq müəllim- məşqçi ixtisasında çalışmaq niyyətindəyəm.
Prezidentimiz qadınların idmana cəlb olunması üçün müxtəlif sərəncamlar imzalayıb. Bu sərəncamların məqsədi qadınların idman və fəaliyyət sahəsində daha aktiv iştirak etməsini, fiziki və ruhi bərpasını, sağlam və aktiv həyat tərzi qazanmalarını təmin etməkdir. Mən prezidentimizə dəstək olaraq istəyirəm ki, azərbaycanlı qızlarımızı üzgüçülük və avarçəkmə idman növünə cəlb edim.
Ümid edirəm ki, bu arzularımı həyata keçirməkdə İdman və Gənclər Nazirliyi, AKAF, UGİM mənə dəstək olacaqlar”.
Uğurlar, Gülnarə!
Şərhlər bağlıdır.