Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Gözü yaşlı ata və ana

Şəhidlər Xiyabanında oğul məzarının başında bir ana və ata ağlayırdı. Onlar Milli Qəhrəman Ruslan Muradovun  valideyinləridirlər. Ana qeyri millətdən olsa da azəri dilində oğluna dil deyib məzar üstünə göz yaşları tökürdü. Onların dərdinə şərik olmaq üçün oğullarına Allahdan rəhmət dilədik. Elə Şəhidlər Xiyabanında bu ata və ana ilə həmsöhbət olduq. Atanı qəhər boğdu, gözləri yaş içində bircə onu dedi ki, qismətimizdə  övlad dağı da görmək var imiş.

Valentina xanım Mingəçevirə Belarusdan gəlin köçüb. 50 ildir ki, Azərbaycanda yaşayır: “Bura artıq mənim vətənimdir.  3 oğul, bir qızımız oldu. Ruslan ortancıl oğlumuz idi. Hələ 15 yaşı olanda elə hey deyirdi ki, qəhrəman olacam. O zaman bunu ciddi qəbul etmirdik. Yeri gəlmişkən, atam Böyük Vətən  Müharibəsində kəşfiyatçı olub. O, nəvələrinə həmişə döyüş illərindən, vətənpərvərlikdən danışardı. Ruslan ona elə maraqla qulaq asırdı ki…”

Ruslan Muradov 1973-cü ildə Mingəçevirdə anadan olub. 1990 cı ildə  15 saylı məktəbin (indiki Texniki lisey) rus bölməsini bitirib, Vitebsk şəhərində ali məktəbə daxil olub. Lakin təhsilini yarımçıq qoyub, Mingəçevirə qayıdıb. 1991-ci ilin dekabırında  Daxili Qoşunlarda hərbi  xidmətə çağırılıb. Kəşfiyyatçı olub.

Hələ  əsgəri xidməti zamanı bir neçə yoldaşı ilə döyüş bölgəsində olub. Döyüşlərin qızğın vaxtı -1992-ci ilin aprelində  Ağdamın Papravənd kəndinə göndərilir. Orada həyata keçirilən kəşfiyyatın uğurla həyata keçirilməsində Ruslanın müstəsna rolu olur. O zaman Azərbaycan Silahlı Qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. Bir neçə yoldaşı ilə xilas etmə əməliyyatına yollanan Ruslan mühasirəyə  düşür. O və yoldaşları igidcəsinə mühasirəni yararaq, təyyarəçiləri azad edirlər. Amma dörd ay sonra- 1992 ci ilin avqustun 22 də Ağdam rayonunun  Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşdə Ruslan qəhrəmancasına həlak olur.

“Bir ata kimi oğlumla bağlı arzularım vardı. İstəyirdim ki, o da hamı kimi oxuyub ali savad alsın. Amma oğlum daha yüksək ad aldı. Milli Qəhrəman adı. Belə bir oğul atası olmağımla fəxr edirəm. İndi məzarının başında durub,  qürbətdə yaşayan   bacı və qardaşlarının salamlarını ona çatdırıram. Bizim övladlarımız Belarusda yaşayırlar. Mən və həyat yoldaşım isə  ora getmək istəmədik .Axı Ruslan burda təkdir. Onu qoyub necə gedə bilərik?”.

Şəhid atası Həmid kişi belə deyir. Valentina xanım isə şəhid analarına ismarıcını göndərir: “Hamınıza səbr arzulayıram. Qarabağ məsələsi birdəfəlik həllini tapsa, yaxşı olar, yazıqdır cavanlarımız, neçə illərdir şəhid veririk, nə qədər ana-ata gözü yaşlı qalır. Sanki oğul yolu gözləyirik. Nə vaxtsa gülə-gülə əsgəri xidmətə yola saldığımız balalarımız geri dönəcək. Bir də onu demək istərdim ki,  şəhidlərimizi ildə bir dəfə yox, ilin bütün aylarında yada salaq. Soyuq məzarları qoy  həmişə  anılsın. Müəllimlərimiz məktəblilərə, gənclərə şəhid övladlarımızın igidliyindən, qorxmazlığından danışsınlar. Biz şəhid anaları da bundan təsəlli tapaq”.

Qeyd edək ki,Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı Fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Oxuduğu Mingəçevir Texniki Liseyi şəhidin adını daşıyır.

Şərhlər bağlıdır.