Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Göydən niyə üç alma düşür?

Fərqində olmaq...

96

Fərqində olmaq nədir? Yəqin ki, ətrafında baş verənləri görmək, anlamaq, ən azından anlamağa çalışmaqdır. Həm də ayıq olmaq, ya da oyaq olmaq ona görə vacib idi ki, almaları div aparmasın. Çünki div almanı aparıb yesəydi, padşahın gənc və ölümsüz olmaq arzusu həyata keçməyəcəkdi. Bəs görəsən insan niyə ölümsüz olmaq istəyirdi? Yəqin ki, daimi hökmranlıq etmək üçün, ya sərvət yığmaq üçün, ya da sərvətini itirməmək üçün. Sərvət yığan, tamahı sonsuz böyüyən insanın divdən nə fərqi var ki? Məlikməmməd bunu bilirdi, ya bilmirdi bilmirəm, amma o, oyaq qalmaq üçün hətta barmağını kəsib yarasına duz basmışdı ki, oyaq qalsın və oğrunu tutsun. Məlikməmməd oğrunu tapır və onun nəhəng bir div olduğunu görür.

Başqa bir tərəfdən, xeyirxahlığın gənc qalması həm də onun əbədi hökmran olması deməkdir və bağın sahibi olan padşah da yəqin elə xeyirxahlığın hökmranlığının daimi olmasını istəyirdi. O, divin almanı oğurlamağını istəmirdi, çünki həmin div elə pisin, xainliyin simvolu idi.  Bəzən nağılları anlamaq çox çətin olur, amma mümkündür.

Divlər vəhşidir, acgözdür, onları doydurmaq çətindir, gah suyun qarşısını kəsirdilər, gah da yolu bağlayırdılar, qurban olaraq da camaatdan gah bir gözəl qız, gah da igid oğlan tələb edib onları yeyirdilər. Bəlkə divlər həm də müharibələrdir, çünki müharibələr də igidləri yeyir. Nə qədər ki, insanlar fərqində deyil, divlər igid oğulları, gözəl qızları yeyəcəkdir.

Demək ki, oyaq olmaq, oyaq qalmaq çətin işdir, ancaq çox vacibdir və həyatımıza çox böyük təsir edir. Axşam olub qaranlıq düşüncə adamı yuxu basır, yatmaq istəyir. İndiki vaxtda adamları təkcə qaranlıqda yox, elə günün günorta çağı da yuxu basır, insanlar çox nadir hallarda oyaq olurlar…

Oyaq qalmaq demişkən, elə Cırtdanın nağılında da Cırtdan ayıq və oyaq olduğu üçün fərqinə vardı ki, div onları yeməyə hazırlaşır, ona görə də yoldaşlarını oyatdı ki, qaçmaq lazımdır. İndiki uşaqların da çoxu elə Cırtdanın yoldaşları kimidirlər, heç nəyin fərqində deyillər.

Belə məlum olur ki, divlər ancaq nağıllarda olmur, bu günün də öz divləri var.

İnsanlar ayıq deyilsə, heç nəyin fərqində də olmayacaqlar. Məsələn, hələ də bizim camaat, yəni cəmiyyət məktəbin nə olduğunu anlamır və təhsili qurban verirlər. Bəlkə elə məktəb həmin bağdır ki, orda bitən almalar, yəni elm, bilik insana əbədi həyat, ölümsüzlük verir? Divlər də o almaları oğurlayır ki, insanlar onu yeməsin və cahil qalsınlar. Nə bilmək olur, hər şey ola bilər.

Təəssüf ki, məktəb anlayışı hələ də öz əsl mənasını cəmiyyətimizə diqtə edə bilmir, çünki buna, sadəcə, məmur divlər deyil, həm də məktəbə yol tapmış div xasiyyətli müəllimlər  və eyni xasiyyətli valideynlər də mane olurlar.

Müasir olmaq, inkişaf etmək bahalı villada yaşayıb, bahalı paltar geyinib və bahalı maşın sürməklə olmur. İnkişaf etmiş  insan, zəhmətlə, səbrlə öz düşüncəsinin məhsulunu yaradan, bacarıqları ilə başaqalarına da faydalı olan, biliyini xeyirxah işlər üçün istifadə edən və mədəniyyəti ilə qəlb oxşayandır. Xeyirxahlıq edərsənsə xeyirxahlıq artar, insanların içindəki xeyirxahlıq duyğularını oyadarsan. Onsuz da pislər, paxıllar, xainlər həmişə oyaqdırlar, pusqudadırlar, oğurlamağa çalışırlar.

Nağılların sonunda çox vaxt göydən üç alma düşür və düşünürdüm ki, niyə üç? İnsan zəhmət çəkmədən, səbr etmədən bilik əldə edə bilməz, pis insan isə acgöz div qədər qorxuludur, çünki gözü həmişə başqasının qazancında və əməyində olacaq. Odur ki, istəyirəm həmin üç almaya belə bir anlam və məna verəm ki, həmin üç alma: zəhmət, səbr və bilikdir. Bunu nağılın sonunda ona görə deyirlər ki, zəhmətin də, səbrin də, biliyin də fərqində olaq və alma kimi necə şirin və faydalı olduğunu hiss edək. Bunun üçün isə ilk növbədə ayıq olmaq, hər şeyin fərqində olmaq lazımdır və mütləqdir.

Sonunda göydən üç alma düşdü, biri nağılı yazanın, biri danışanın, o biri isə qulaq asanındır.

Həm də bir məqama diqqət edək, almalar göydən düşür, ağacdan deyil, deməli bu almalar  Tanrının hədiyyəsidir. Sən çalışarsansa, zəhmətlə yaşayarsansa və hər zaman bliyinlə, bacarığınla məhsul yaradıb, istər maddi olsun, istərsə də mənəvi, çox faydalı bir ideya da ola bilər, insanlara faydalı olarsansa, Tanrı da səni hər zaman mükafatlandıracaq.

Mehparə Rəhimqızı, Mingəçevir şəhəri

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.