Göyçay sakini seleksiya yolu ilə ilk dəfə Azərbaycana məxsus “Lider-55” adlı ev quşu cinsini əldə edib
Göyçay rayonunda 32 ildir ki, quşçuluqla məşğul olan sahibkar Qiyas Hacıyev bu sahədə bir yeniliyə imza atıb. Sahibkarlıqla yanaşı, 2012-ci ildən bəri elmi araşdırma fəaliyyətilə məşğul olan Azərbaycan Dövlət Aqrar Universitetinin doktorantı Qiyas Hacıyev şəxsi quşçuluq təsərrüfatında damazlıq bölməsi yaradaraq orada toyuq və xoruzların seleksiyası, yəni çarpazlaşması ilə məşğul olmağa başlayıb. Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının hamısının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Qiyas Hacıyev seleksiya yolu ilə ilk dəfə olaraq Azərbaycana məxsus “Lider-55” adlı ev quşu cinsini əldə etdiyini bildirib.
Bu yeni cinsdən olan quşlar daha az yem sərf edilməklə digər quşlardan tez yetişir. “Gümüşü ağ” və “Qırmızı yubiley” cinslərindən olan cücələr 3 kiloqram yemlə 75 günə yetişərək 1 kiloqram ətə malik olursa, “Lider-55” cinsli cücələr 3 kiloqram yemlə 52 günə yetişərək 1.5 kiloqram ətə malik olur. “Lider-55” cinsindən olan quşların dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, soyuğa, istiyə və xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur, bəslənilməsi sərfəlidir. Broyler quşlarında xromosomların sayı 72-dir, kənd toyuqlarında və “Lider-55” cinsindən olan quşlarda isə xromosomların sayı 78-dir. Sahibkar Qiyas Hacıyevin sözlərinə görə ardıcıl olaraq sereblis quşlarını ildə 3 dəfə, “Lider-55” cinsindən olan quşları isə ildə 5 dəfə yetişdirərək məhsul əldə etmək mümkündür.
“Lider-55” quşları kənd əhalisi üçün bəslənilməsi sərfəli və qazanclı olduğuna görə hazırda Azərbaycanın bütün bölgələrindən Qiyas Hacıyevə müraciət edərək bu cinsdən olan cücələri alırlar. Sahibkar, alim Qiyas Hacıyev seleksiya yolu ilə əldə etdiyi Azərbaycana məxsus “Lider-55” quş cinsini xarici bazara çıxarmaq üçün onun ilk növbədə dövlət qeydiyyatına alınması məqsədilə lazımi sənədləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etdiyini bildirib.
O, yerli şəraitə uyğun və daha məhsuldar yeni quş cinsinin əldə edilməsində ona Azərbaycan Dövlət Aqrar Universiteinin kollektinin böyük dəstəyi olduğunu qeyd edib. O, şəxsi damazlıq quşçuluq məntəqəsində növbəti 2 il ərzində Azərbaycana məxsus daha iki yeni quş cinsinin seleksiya yolu ilə əldə edilməsi üçün hazırda elmi araşdırma işləri apardığını və nəticə əldə edildikdə onların da patentini alacağını bildirib.
Şahnəzər Bəşirov
Şərhlər bağlıdır.