Goranboyun yanan suyu
Goranboyun Qızılhacılı qəsəbəsində yerdən qalxan buğ, alov görənləri heyrətləndirir. Məkana yaxınlaşdıqca isə yerin altından çıxan suyun yandığını görürsən. Kənd sakinləri bildirirlər ki, əvvəllər neft məqsədi ilə aparılan qazıntılar zamanı quyudan müalicəvi su çıxıb. Sakinlər qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər.
Sakinlərdən Rauf Məmmədov, Fərhad Əliyev onu da deyirlər ki, 3 min metrdən artıq dərinliyə malik olan quyudan çıxan maye qaz və kükürdlə qarışıq olduğundan bu su yanır: “İllər öncə daha gur sulu olan buruğun qarşısında böyük traktor belə tab gətirə bilməyib. Yerin altından çıxan maye duzlu olduğundan təsərrüfatda istifadə edilmir”.
Sakinlər onu da bildirdilər ki, sudan ayrılan qazdan istixananın qızdırılmasında və tikinti materialı hazırlanmasında istifadə edilir. Kənd sakini Nizami Əliyev milli sərvətimiz sayılan müalicəvi suyun çıxdığı ərazinin ətrafının abadlaşdırılmasını, turizm məqsədi ilə istifadə olunmasını məqsədəuyğun sayır: “Bizim Goranboyun Boluslu, Ballıqaya, Qazanbulaq kəndlərində də belə müalicəvi sular çıxır”.
Şərhlər bağlıdır.