General-leytenant Arzu Rəhimov Mingəçevirdə 40-a yaxın vətəndaşı qəbul edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov yanvarın 18-də Mingəçevir şəhərində bölgə vətəndaşlarını qəbul edib.
Xidmətin Mingəçevir şəhər şöbəsinin inzibati binasında keçirilən qəbulda Gəncə və Mingəçevir şəhərlərinin, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri əsasən xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılması məqsədilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbulda ümumilikdə 40-a yaxın vətəndaş iştirak edib.
Şərhlər bağlıdır.