AraşdırmaAzərbaycanMingəçevir

Gender probleminin həllində medianın rolu artırılmalıdır

Əgər qadınların hüquqlarının müdafiəsinin birinci şərti onların təhsilidirsə, ikinci şərti maliyyə müstəqilliyidir

Qərəzli xəbər qadını  qurbana çevirdi

Fəridlə Nazlı Gəncə Dövlət Universitetində təhsil alarkən bir-birini tanımışdılar, ailələrinin razılığı ilə də evlənmişdilər. Nazlı hazırlıq kursunda xarici dili tədris edirdi. Fərid də kompüter mütəxəssisi kimi müəssisələrin birində çalışırdı.

Nazlı sonradan öyrəndi ki, xalası Fəridi qızı Sona ilə evləndirmək istəyirmiş. Bu baş tutmadığından qız ondan heyf çıxmaq fikrinə düşüb.

Nazlının dediklərindən: “Novruz bayramı ərəfəsində Sona yaxın rəfiqəsi Müjganla bizə gəldi. Mən qaynanamla paxlava hazırlayırdım. Birdən qız çantasındakı qızıl boyunbağının yoxa çıxdığını və onu oğurladığımı dedi. And-aman etdim, əl çəkmədi. Ertəsi gün evimizə sahə inspektoru gəldi. Sonra Sona rəfiqəsi Müjganın köməyi ilə bir neçə xəbər portalında hadisə ilə bağlı xəbər yayaraq, məni oğru kimi qələmə verdi. Yazırdılar ki, ehtiyac üzündən Sonanın 20 qramlıq boyunbağını çantasından götürmüşəm və məni həbs gözləyir. Halbuki istintaq mənim günahkar olmadımı müəyyən etdi. Valideynlərim və yaxın çevrəm mənə inanır,  günahsiz olduğumu bilirdilər. Amma qəzet yazılarından sonra məni işdən çıxardılar”.

Üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, bugün də haqqında yayılan şayiələr, saytlarda  verilən yalan məlumatlar Nazlını rahat buraxmır.  O, “boyunbağı oğrusu” kimi yadda qalıb: “Sonanın niyyəti məni ləkələmək idi. Bu anlaşılandır. Amma bu xəbəri araşdırmadan yayan jurnalistlərin marağı nə idi? Məhkəmə qərarı olmadan mənə oğru damğası vurmağa kim onlara icazə verib? Bütün bunlar bu yaxınlarda  dünyaya gətiəcəyim uşağın həyatını illər sonra korlamayacaqmı?”

Media stereotiplərdən yaxa qurtara bilmir

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərlinin fikrincə, gender məsələsi bu gün bütün dünya üçün prioritet təşkil edir: “Əvvəllər ən yaxşı halda gender balansı 30-un 70-ə nisbətində idi. Amma son dövrlərdə balansın pozulmasında geriləmə müşahidə olunur. Indi təqribən 67-nın 33-ə civarındadır.

Media gender balansının təmin olunmasında hansı rolu oynaya bilər? Məsələyə iki istiqamətdən yanaşmaq lazımdır. Birincisi, medianın özündə gender balansının durumu nə yerdədir? Beynəlxalq Jurnalistlər Federasiyası ilə birgə apardığımız araşdırmadan sonra belə nəticəyə gəldik ki, Azərbaycan mediasında çalışanların təqribən 42-45 faizini qadın jurnalistlər təşkil edir. Əslində bu, çox yaxşı göstəricidir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 30-40 faiz civarında götürülür. Amma KİV sahibkarları və yönləndiriciləri siyahısında  qadın jurnalistlərin sayı 15 faizdən çox deyil. Bu paradoksun səbəbi nədir? Azərbaycan qanunvericiliyi,  həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar qadınlara da kişilərlə bərabər hüquqlar verir. O hüquqlar da imkan verir ki, hər iki cins istənilən sahədə bərabər şəkildə təmsil olunsun. Məlum olur ki, qadınlar özləri daha çox ev qayğılarına, ailəyə baxmağa üstünlük verirlər. Stereotiplərə görə, qadın saat 6-ya qalmış evdə olmalıdır. Rəhbər olmaq isə iş vaxtından sonra da idarədə qalıb işləməyi tələb edir. Məsələ bundadır ki, jurnalistlər cəmiyyətin öndə gedən təbəqələrindən biridirlər. Onlar öz aralarında gender balansını təmin etməklə bu problemi aradan qaldırmaqda cəmiyyətə bir örnək ola bilərlər”.

JuHİ sədri hesab edir ki, ikinci istiqamət medianın funksional fəaliyyəti ilə bağlıdır: “Media necə edə bilər ki, cəmiyyətdə gender bərabərsizliyi və stereotiplər aradan qalxsın. Yəni, gender balansının yaranmasını təşviq etsin. Avropa Şurasının işçi qrupu gender balansı ilə bağlı məsələləri stimullaşdırmaq üçün Azərbaycan jurnalistlərinin Peşə Davranış Qaydalarına bəzi əlavə və dəyişikliklər etmək istəyir.  Biz monitorinq apardıq. Durumu araşdırarkən bəlli oldu ki, əslində media bəzən gender bərabərsizliyinin aradan qaldırılmasına yox, stereotiplərin cəmiyyətdə yayılmasına “yardım etmiş” olur. Media səhifələrində “Dələduz qadın cinayət törətdi”, “Qadın xuliqanlıq etdi” kimi fikirlərə tez-tez rast gəlirik.  Əslində dələduzluq, xuliqanlıq qanunla qadağan olunan hallardır. Burda cins mənsubiyyəti rol oynamır. Məsələn, Daxili İşlər Nazirliyi il ərzində ölkədə baş verən yol-qəza hadisələrini qadın və ya kişilər tərəfindən törədilyinin təsnifatını aparmır. Amma media kişilərin yox, qadın sürücülərin qəza törətdiyini həvəslə yazır. Media özü bu stereotiplərə yol verməklə cəmiyyətdə gender balansına təsir etmiş olur. Xüsusi olaraq qadınların pis nümunə kimi cəmiyyətə göstərilməsini təşviq edir.  Bu cür hallara mediada yol verilməməlidir. Media insanları hadisələri törədən şəxslərin cinsinə görə təsnif etməməlidir. Əgər törədilmiş cinayət halı, qanun pozuntusu şəxsin birbaşa cinsi ilə bağlı deyilsə, jurnalist çalışmalıdır ki, onun cinsini qabartmasın. KİV gender balansının təmin olunmasıyla məşğul olan qurumların direktiv və broşürlarını yaymaqla, maarifləndirmə işi də aparılmasına, gender stereotiplərinin möhkəmlənməsinə şərait yaradan səbəblərin araşdırılıb, aradan qaldırılmasına yardım edə bilər”.

Jurnalistlərin peşəkarlığı artırılmalıdır

2001-ci ildə Azərbaycanın ratifikasiya etdiyi “Avropa İnsan Hüquqları Konvensiyası”nın 14-cü maddəsi ayrı-seçkiliyin qadağan olunmasına həsr olunub.  Sənəddə deyilir ki,  bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır,  əgər bu hallardan biri pozularsa, deməli diskriminasiya mövcuddur.

Jurnalist Seymur Kazımovun dediyinə görə, xüsusi hallar istisna olmaqla, şəxsin cinsi, sosial statusu, etnik mənşəyinin  mediada işıqlandırılması yolverilməzdir: “Jurnalistikanin fokusu şəxsin cinsi və  yaxud orientasiyasi deyil, hadisə və fakt olmalıdır. Oxucuya maraqlı olan hissələr də bunlardir. Məsələn, “Qadın sürücü qəza törətdi” kimi sərlövhələrə çox rast gəlinir. Burada hadisə qəzadır, amma müəllif şəxsin cinsiyyətini bildirməklə əsas faktı arxaya atır. Belə olan halda auditoriya hadisəyə deyil, şəxsə köklənir. Ikincisi, bəzi hallarda cinsiyyətin təqdim olunmasi fakti ikinci dərəcəli məsələyə çevirməklə yanaşı, həmin cinsiyyətin mənsubları haqqında da neqativ reaksiya yaradir. Avtomobil idarə edən bütün qadınlar haqqında ümumi neqativ rəy formalaşdırılır və onların hamısı hədəf götürülür. Sanki kişilər qəza törətmir. Azərbaycan kimi mentalitet və stereotiplərin güclu olduğu bir ölkədə media nümayəndələri belə hallara yol verilməməsi üçün peşəkarlıqlarını artırmalıdırlar. Peşəkar-alternativ media qurumları ona görə çox olmalıdır ki, qeyri-peşəkarlar, “bilərəkdən səhv edənlər” onların arasında itib-batsin.”

Ağdam rayonu 62 saylı köçkün məktəbinin fizika-riyaziyyat müəllimi Mehparə Rəhimova deyir ki, ilk növbədə mediaya olan inam önəmlidir: “Qızların uşaq yaşlarda ərə verilməsi halları təəssüf ki, əvvəllər olduğu qədər indi də var, çünki ailələrdəki işsizlik səviyyəsi bunu tətikləyən əsas amildir. Eyni zamanda hüququn gücsüzlüyü, dövlət idarələrində yerində olmayan kadrların insanlara əziyyət verməsi qadınların “dilsiz” qalmağına səbəb olur. Əgər media tez-tez bu problemləri işıqlandırsa, onun düzgün həlli yollarını göstərsə və bu problemlərin həll olunmasında qadınlara kömək etsə, düşünürəm ki, medianın təsir gücü də artar və ona inam da böyük olar.”.

 

Təhsil və maliyyə müstəqilliyi vacibdir

Gender problemlərinin iqtisadi tərəfini araşdıran iqtisadçı Samir Əliyevin fikrincə, əgər qadınların hüquqlarının müdafiəsinin birinci şərti onların təhsilidirsə, ikinci şərti maliyyə müstəqilliyidir: “Rəsmi məlumatlar göstərir ki, hazırda kişi sahibkarların sayı qadın sahibkarlardan 4 dəfəyədək çoxdur. Qadın fərdi sahibkarın ümumi sahibkarlarda payı 21%-dir. Dövlət vəsaitləri hesabına güzəştli kredit alan sahibkarlar arasında qadınların payı 5%-dən çox deyil. Bir sıra amillər, o cümlədən cəmiyyətdə qadınlarla bağlı formalaşan stereotiplər, ağır məişət yükü, əlçatanlığı aşağı olan biznes mühiti qadınların sahibkar kimi formalaşmasını əngəlləyir. Qadınların sərbəst olmayan mənbələrdən asılılığı daha çoxdur və bu asılılıq getdikcə artır. Onların gəlirlərinin az olmasının səbəblərindən biri də bu istiqamətə az zaman ayırmaları, daha çox məişət qayğıları ilə yüklənmələridir. Eyni zamanda muzdla işləyən qadınların orta aylıq əmək haqqı kişilərlə müqayisədə 2 dəfə azdır. Qadınlar hətta ölkə üzrə orta aylıq əmək haqqından da aşağı maaş alırlar”.

S.Əliyev bu vəziyyətin yaranmasının müəyyən obyektiv səbəblərini də açıqlayır: “Bir qayda olaraq qadınlar peşə-ixtisas seçimində gələcəkdə yüksək əmək haqqı vəd edən texniki, texnoloji inkişafa və menecmentə bağlı istiqamətləri deyil, daha çox humanitar istiqamətlərə üstünlük verirlər. Məsələn, Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata görə, bütün dövlət universitetləri üzrə təhsil, mədəniyyət və incəsənətlə bağlı ixtisaslarda qadınların payı 70% təşkil edir. Qadınların gəlirlərinin az olmasının digər səbəbi onların tutduğu vəzifə ilə bağlıdır. Bu gün Milli Məclisdə seçilmiş millət vəkillərinin 16,1%-i, yerli özünüidarə qurumlarında fəaliyyət göstərən 15 min bələdiyyə üzvünün 35%-i qadınların, 65%-i kişilərin payına düşüb. Hazırda nazir müavini vəzifəsində 3, komitə sədri və sədr müavini vəzifələrində 2 qadın çalışır. Mərkəzi hakimiyyət orqanlarının rəhbər vəzifələrində çalışan qadınların payı 5%-dən çox deyil. Yerli icra hakimiyyəti başçısılarının 1%-i, yerli icra hakimiyyəti başçıları müavinlərinin 31%-i qadındır”.

İqtisadçı ekspert bu yaxınlarda media qurumlarında kişi və qadınların vəzifə bölgüsünü müəyyənləşdirmək üçün apardıqları sorğunun nəticəsindən də danışdı: “30 mətbuat orqanının iştirak etdiyi sorğunun nəticəsi olaraq müəyyənləşdirdik ki, mətbuatda işləyən qadınların sayı çox olsa da onların yalnız 28%-i rəhbər vəzifədə çalışır. Azərbaycanda maliyyə xidmətlərinə əlçatanlıq məsələsi son illərin əsas çağırışlarından biridir. Ölkədə əhalinin, o cümlədən qadınların maliyyə xidmətlərinə əlçatanlılıq səviyyəsi paytaxtda yüksək olsa da regionlarda, xüsusilə də kənd yerlərində aşağıdır. Global Findex məlumatlarına əsasən, 2014-cü ildə Azərbaycanda bank hesabı olan qadınların payı 25,9% olub ki, bu da dünya üzrə orta göstəricidən aşağıdır. Maliyyə institutlarında borclanmaya gedən qadınların payı 15%, vəsait yerləşdirənlərin payı isə 3% təşkil edib. İqtisadiyyat üzrə ümumi işsizlərin yarısından daha çoxu – 57.5%-i qadınlardır. Kənd təsərrüfatında çalışanların 55.8%-i, ticarət sektorunda 60%-i, informasiya və rabitədə 56.4%-i, təhsildə 71.7%-i, səhiyyə və sosial xidmətlərdə 75.4%-i qadınlardır. Kişi işçi qüvvəsinin məşğulluq baxımından böyük üstünlük təşkil etdiyi sektorlar nəqliyyat (90%), tikinti (89%), dövlət idarəetməsi (84%), mədənçıxarma sənayesi (82%) kimi sahələrdir”.

Döymək cinayət deyil, inzibati pozuntudur

 

BDU-nun  İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının dosent əvəzi Gülnaz Ələsgərova deyir ki,  beynəlxalq səviyyədə əsas 2 konvensiya qadınların ayrı-seçkiliyə məruz qalmamasına həsr olunub:”CEDAW Konvensiyasi 1979-cu ildə BMT çərçivəsində qəbul olunub. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyası (2011-ci il İstanbul Konvensiyası). Azərbaycan hələ ki, İstanbul konvensiyasını nə imzalayıb, nə də ki, ratifikasiya edib. Azərbaycanda  yalnız 2006-cı ildə qəbul olunan Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun var. Qanunun 3-cü maddəsinə görə, qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar ayrı-seçkilik hesab olunmur.  Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Düzdür, bu müddəa qadınlara qarşı pozitiv tədbir kimi yanaşılsa da, bütün qadınlarınkateqoriya kimi bir çətir altına alınması ayrı-seçkiliyə gətirib çıxarır. Bu müddəa hamilə qadınlara və ya azyaşlı uşağı olan qadınlara şamil olunsa, qanuni məqsəd daşıyar”.

G.Ələsgərovaya görə, 2006-cı ildə qəbul olunan Qanunda ayrı-seçkiliyin bütün növlərinin detallı anlayışı verilmir: “Müsbət haldır ki, cinsi qısnama orada göstərilib,  lakin birbaşa və dolayı ayrı-seçkiliklə bağlı konkret fərqləndirmə yoxdur.  Yeri gəlmişkən, Məişət zorakılığının qarşısının alınması üzrə 2010-cu il qanunu genderə spesifik deyil. Yəni gender neytral qanundur. Bir tərəfdən bu yaxşıdır ki, hər bir vətəndaş cinsindən, yaşından asılı olmayaraq məişət zorakılığından müdafiə oluna bilər. Bu anlamda İstanbul Konvensiyası da tələb edir ki, hər bir vətəndaş məişət zorakılığından müdafiə oluna bilsin. Lakin statistik rəqəmlərə nəzər saldıqda görə bilərik ki, qurbanların  yarıdan çoxu qadınlardır. Misal üçün, həmin qanunun 6.3 maddəsinə görə, əgər əməldə cinayət tərkibi yoxdursa,  araşdırma yalnız qurbanın razılığı ilə aparılmalıdır.  Lakin 2012-ci ildə döymə əməli Cinayət Məcəlləsindən çıxarılıb və inzibati pozuntu kimi müəyyən olunub.  Yəni döyülən qadın yazılı razılıq verməlidir ki, ərinə qarşı İnizbati Xətalar Məcəlləsi çərçivəsində araşdırma başlanılsın. Bir çox hallarda isə qadınlar qorxur və ya ərizəni geri götürür. Qanunun bu müddəası dolayı olaraq ayrı-seçkiliyə və zorakılığa təkrar məruz qalma riski yaradır”.

Media gücünü göstərməlidir

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı gender bərabərliyi ilə media azadlığının bir-birini tamamlayan fundamental insan hüquqları olduğunu deyir: “Ombudsmanın həyata keçirdiyi lobbiçilik fəaliyyəti nəticəsində Məişət zorakılğı haqqında qanun qəbul olundu. Lakin onun icrasına vətəndaşların kifayət qədər dəstəyi hiss olunmur. İnsanlar bəzən adət normalarını hüquq normalarından üstün tuturlar. Mühafizə orderləri ilə bağlı müraciətlər azdır. Əgər qadın həyat yoldaşı tərəfindən məruz qaldığı zorakiliğı normal hal kimi qəbul edirsə, o ailə ilə iş aparılmalı, zorakılığın yolverilməzliyi, uşaqların gələcək psixikasına mənfi təsir göstərəcəyi izah edilməlidir. Məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdiddir”.

KİV haqqında qanuna yeni müddəa gətirilməlidir

 

Avropada yaşayan və Qadınların Avrointeqrasiya Mərkəzinə rəhbərlik edən Nəzakət Zeynallı deyir ki, alman medisında gender münasibətlərini tənzimləyən xüsusi vasitə yoxdur: “1973-cü ildə qəbul edilmiş və bir neçə dəfə əlavələr olunmuş Etik Kodeks var, lakin bu, sadəcə alətdir və onun qanuni hökmü yoxdur. Jurnalist və redaktorların təmsil olunduğu Mətbuat Şurası isə mediaya yanlış davranışa görə xəbərdarlıq edə bilər. Bu xəbərdarlığın neqativ yönü sadəcə imicə mənfi təsirdən ibarətdir. Gender məsələlərinə gəlincə, “BILD” qəzeti seksist və aşağılayıcı təsvir üslubuna görə dəfələrlə şikayətlər alıb, lakin bu şikayətlər onları çox da narahat etmir. Bəzi KİV-lər öz qaydalarını dəyişərək, genderə neytral dildən istifadəyə cəhd göstərirlər. Ümumilikdə isə, KİV-lər mövcud kişi güc strukturlarını dəstək tendensiyasına sahibdirlər. Çatışmazlıqlar hər iki cinsə təsir etsə də, qadınlara daha çox ziyan vurur. Seçici reportajlarda  kişilər siyasətçi, alim, rəssam, idmançı qismində daha tez-tez təmsil olunurlar. Ən gözə çarpan ayrı-seçkilik müəyyən vəzifələrdə qadınların heç təmsil olunmaması, ya da aşağı kvalifikasiyalarda təmsil olunmasıdır. Kişilər ictimaiyyətə açıq və pozitiv, qadınlar isə stereotipləri olan ictimai fiqur kimi təqdim olunurlar”.

Media eksperti Ələsgər Məmmədli də Azərbaycan mediasında gender problemləri ilə bağlı sistemli şəkildə pozuntuların baş verməsindən narahatlığı gizlətmir.  Onun fikrincə, bunlar daha çox stereotiplərdən doğan pozuntulardır ki, bir çox halda bilməyərəkdən baş verir: “Yəni hansısa hadisə baş verən zaman hadisəni törədən şəxsin cinsiyyəti önə çıxarılır. Bu, cinsi ayrı-seçkilikdir. Konstitusiyamızın 25-ci maddəsi cinsi ayrı-seçkiliyi yolverilməz  hesab edir.  Cinslər arası bərabərliyin pozulması qadınların istər idarəetmədə, istər digər sferalarda təmsilçiliklərində problem yaradır.  Medianın özündə də bu problem var. İşıqlandırmada daha çox diqqətimizi çəkən də budur. Xüsusilə qadınlarla eyni cinslərarası bərabərlik prinsipi gözlənmir.  Qadınları daha çox zərərə uğratmaq kimi durum var. Məsələn, hansısa qadın  bu və ya digər formada istismara məruz qalanda çox vaxt istismara məruz qalma hadisəsi bir kənara buraxılır, qadının özəl həyatı, onun əxlaqı və s. müzakirə edilir. Bu da özəl həyata müdaxilədir. Konstitusiyamızın 32-ci maddəsi də özəl həyatı qoruyur.

Ə.Məmmədli ümumi olaraq mediada hüquqi tənzimləmə baxımından da problemlərin olduğunu vurğuladı: “KİV haqqında Qanunda KİV-dən süi-istifadənin yolverilməzliyi  barədə müddəalarda ayri-seçkiliyin müxtəlif formaları sayılsa da, cinsi ayri-seçkilik sayılmayıb. Bu da özlüyündə təbii ki, problem yaradır. Çünki hüquqi məsuliyyət həm də hüquqi prosedurların tətbiqi zamanı ortaya çıxır.  Deməli, konkret norma birbaşa KİV haqqında Qanunda yoxdursa,  bu zaman jurnalistlər bu pozuntulara yol verməkdə özlərini daha rahat hiss edirlər. Bu baxımdan KİV haqqında Qanuna müəyyən müddəaların gətirilməsi lazımdır. Xüsusilə cinsi ayri-seçkiliyin yolverilməməzliyi ilə bağlı müddəa düşünürəm ki, vacibdir”.

BMT-nin 2015-ci ildə qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərində gender məsələsi prioritet kimi Gündəliyə daxil edilib. 2030-cu ilədək bütün dünyada yoxsulluğu azaltmaq, ərzaq təhlükəsizliyinə, sağlam yaşayışa, ayrı-seçkiliyə yol vermədən bərabər və keyfiyyətli təhsilə  nail olmaq və digər həyati məsələləri həll etmək nəzərdə tutulur. Ən başlıcası, gender bərabərliyinə nail olmaq, bütün qadınların, qızların səlahiyyətlərini genişləndirmək, dövlət və özəl sahələrdə qadınların diskriminasiyasına, erkən və məcburi nikaha, cinsi zəmində alçaldılmasına son qoymaq nəzərdə tutulub. Bu məsələlərin təşviqində isə media gücünü göstərməlidir.

Tag
Daha çox

Oxşar yazılar

Bu xəbəri oxumusunuz?

Close
Close