“Gənclər, ailə yükünün altına girməyə tələsməyin”
Mingəçevir Qeydiyyat söbəsinin rəisi Sevinc Hüseynova müəyyən mövzularla bağlı təhsil ocaqlarında görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib: “Bu görüşlər orta məktəblərdə və məhəllələrdə keçirilib. Erkən nikah və onun fəsadlar ən ciddi problemlərdəndir. Ötən il Heydər Əliyev Mərkəzində Goranboy, Ağdaş, Göyçay və Yevlax rayonlarının Qeydiyyat şöbələri rəislərinin iştirak etdiyi tədbirdə bütün məktəblərin 10 və 11-ci sinif şagirdləri, onların valideyn və müəllimləri arasında söhbətlər aparılıb. Bu layihə bizim tərəfimizdən irəli sürülmüşdü. Bu il isə İcra Hakimiyyətinin dəstəyilə bu işi davam etdiririk. Hər ay həftədə iki gün şagird və tələbələrlə görüşməyi planlaşdırırıq”.
Azərbaycanın ailə qanunvericiliyinə əsasən, qadın və kişilər üçün nikah üçün 18 yaş həddi nəzərdə tututlub: “Bu yaş həddini istisna hallarda, yalnız İcra Hakimiyyətinin sərəncamı əsasında bir il azaltmağa icazə verilir. Ailə qurarkən kişi və qadın arasında hüquq bərabərliyi yaranır. Erkən nikahlar isə 15, 16 yaşda olur. Bu nikahlar etibarsız sayılır, rəsmi qeydiyyata alınmır, sadəcə tərəflər arasında bir ittifaq olur. Burda heç bir hüquq bərabərliyindən söhbət gedə bilməz. Bu zaman qadın nədən məhrum olur? Ola bilər ki, övlad olanda ata öz soyadını verməsin, qadın imtiyazlardan məhrum olsun. Bir çox bölgələrimizdən fərqli olaraq, Mingəçevirdə valideynlər övladlarının təhsil almasında maraqlıdırlar”.
2015-ci il yanvar ayının 1-dən qanunvericilikdə dəyişikliyə əsasən, iyun ayının 1-dən 18 yaşı bitən gənclər nikaha daxil olarkən tibbi müayinədən keçməli və sağlamlıq arayışları ilə təminat almalıdırlar: “Burda yaş məhdudiyyəti qoyulmur. Nikaha daxil olanın təkrar evliliyi ola bilər. Nikaha daxil olanın evdə bir neçə övladı da ola bilər. Onlar ilk öncə şəhər, rayon xəstəxanalarında qan banklarına müraciət edirlər. Analiz verib sağlamlıq durumlarını yoxlatdırırlar. Nikaha daxil olan cütlüyün sağlamlığında problem varsa, bu barədə həmin gənclərə məlumat verilir. Seçim vətəndaşların öz ixtiyarındadır, onların qərarı həlledicidir. Bu gün evlilik üçün ərizələrdən imtina edən cütlüklər az deyil. Onlar bu qərarları düşünülmüş şəkildə verirlər. Bəzən valideynlər iqtisadi cətinlik üzündən övladlarını erkən evləndirirlər. Bizdə ailə quranların 90 faizi 22-26 yaş həddinə kimidir. Bu yaşda qurulan ailələr uğurlu ailələr sayıla bilər”.
Mərkəzi xəstəxananın Doğum şöbəsinin mama-ginekoloqu Arzu Seyidova erkən nikanın tibbi-fizioloji aspektləri haqqında məlumat verib: “18 yaşa kimi qadın orqanizmi anatomik və fizioloji cəhətdən yetkin olmur. Yəni hələ inkişaf etməkdə olur. Buna görə bu yaşqa ailə quran qadın hamilə qalırsa, həm hamiləlik dövründə, həm də sonra bir sıra problemlərlə (sonsuzluq, erkən-gec düşüklər, vaxtından qabaq doğuşlar, qüsurlu, ölü uşaq doğma və ən qorxulusu ana ölümü) üzləşir. Erkən nikaha daxil olan qızların zahılıq dövrü də problemsiz ötüşmür. Bu dövrdə psixoz, depressiya, özünə qəsd halları daha çox olur. Erkən yaşda ana olmaq ginekoloji xəstəliklərə də yol açır, cinsiyyət yollarının irinli iltihabi xəstəlikləri, xərçəng yönlü və onkoloji xəstəliklər riskini artırmış olur. Psixoloqlar ailə qurmaq üçün 30 yaşı optimal hesab edirlər. Həkimlər isə 19-29 yaşı ailə qurmaq üçün münasib sayırlar. Çünki 30 yaşdan sonra ana olmaq risklərlə üzləşə bilər”.
Nikaha girən gənclərin hər ikisi daşıyıcıdırsa, onlardan doğulan uşaqların 50 faizi xəstə olur. “Onlar doğulacaq uşaqların xəstə olacağını bilə-bilə ailə qurmağa israrlıdırsa, onda cütlüyə heç kim mane olmur”.
“Mingəçevir işıqları” qəzetinin şöbə müdiri Yeganə Nəbiyeva yetkinlik yaşına çatmayan qızların ailə qurmasında valideynlərin təhsilsiz olmalarını səbəb kimi göstərib: “Təbii ki, iş yeri olmayan və iqtisadı cəhətdən ərindən asılı olan qadın qızını məktəbdən uzaqlaşdırır. Onu ərə verməklə bir növ öz vəzifəsini yerinə yetirmiş olur. İnternet də yeniyetmələrin tərbiyəsində önəmli rol oynayır. Onlar informasiya almaq, üzərlərində işləmək əvəzinə yaşıdları ilə çatlaşır və erkən nikaha meyilli olurlar”.
Mingəçevir İH-nin baş məsləhətçisi Firəngiz Həsənova başqa müsəlman ölkələrinə baxanda erkən nikahlarla bağlı Azərbaycanda vəziyyətin o qədər də acınacaqlı olmadığını vurğulayıb: “Bəzən bu bizim mental dəyərlərimizə söykənir. Yəni oğlanlar düşünürlər ki, onlar yaşı az və təcrübəsiz olan qızlarla ailə qursalar, daha rahat olar. Amma həm oğlan, həm də qızların düşüncə tərzi dəyişməlidir. Tövsiyə edərdim ki, həyatınızı mərhələli şəkildə qurasınız. Gənclər, orta və ali məktəbi bitirməmiş ailə yükünün altına girməyə tələsməyin. O çətinliyi özünüzə rəva bilməyin. Qadın olmağın çətinliyini və məsuliyyətini qadınlar bilir. Psixoloji və fiziki cəhətdən ailə quran xanım buna hazır deyilsə, sağlam və normal ailədən söhbət gedə bilməz. Özü uşaq olan və uşaq doğan qadın cəmiyyətə yararlı övlad yetişdirə bilməz. Uşağıyla böyüyən analar var. Özü də uşağıyla yetkinlik yaşa dolurlar. Hər şey vaxtında olsa yaxşıdır”.
Şərhlər bağlıdır.