“Gəncədən gətirilən 120 çinar artıq Mingəçevirdən boylanır”
Sentyabr ayından gənclər üçün biznes və sahibkarlığa hazırlıq mövzusunda başlanan təlimlər dekabrın ortalarına qədər davam edəcək.
2025-ci ilin sentyabr ayından “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi (MVA İB) ADA Məktəbində fizika müəllimi vəzifəsində çalışan Həsən Hüseynli ilə birlikdə yeni layihəsinə başlayıb. Layihə gənclərin biznes və sahibkarlığa hazırlıq mövzusunda 6 davamlı təlimi və ayrıca ərazidə 120 çinar ağacının əkilərək, damcı üsulu ilə suvarılmasını nəzərdə tuturdu.
Öncə gənclərdən ibarət 25 nəfərlik qrup toplanıb. Onların əksəriyyəti Mingəçevir Dövlət Universitetinin tələbələridir, eyni zamanda yuxarı sinifdə oxuyan 2 məktəbli də cəlb edilib. İlk iki təlimdə Kapitalbankın Gəncə filialının müdiri Vüqar Paşayev startaplar, arzudan uğura aparan addımlar barədə fikirlərini bölüşüb. Gəncə Dövlət Universitetinin müəllimi və “Təmas” İctimai Birliyinin rəhbəri Südabə Məmmədova sahibkarlıq fəaliyyətində komanda işi və liderlik fəaliyyətinin təşkili haqda danışıb. Sosial sahibkarlıq sahəsində Moldova təcrübəsi, marketinqin rolu və digər məsələlər isə MVA İB prezidentinin müavini Yeganə Nəbiyeva və Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müəllimi Nigar Ramazanovanın təlimlərinin mövzularıdır. Layihənin ən maraqlı hissəsi isə Mingəçevirdə ayrıca ərazidə 120 çinar ağacının əkilməsidir.
Həsən Hüseynlinin dediyinə görə, ilk oxşar layihəni Ağalıda həyata keçiriblər: “2022-2023-cü illərdə Zəngilan rayonunda “Qarabağın ilk “ağıllı kəndi” Ağalıda ağıllı həyat tərzi” adlı layihə çərçivəsində kənd icması üzvləri və məktəblilərlə davamlı görüşlərimiz oldu. Onlar üçün sağlam həyat tərzi və ətraf mühitin qorunması mövzularında təlimlər təşkil etdik. Paralel olaraq, Ağalı kənd məktəbinin yaxınlığındakı geniş sahədə 96 Gəncə çinarı əkdik və ərazini damcı suvarma sistemi ilə təchiz etdik. Ağacların əkilməsində könüllü olaraq iştirak edən kənd sakinlərinə isə öz həyətyanı sahələrində əkmək üçün 40-a yaxın çinar ağacı bağışladıq”.
MVA İB-nın prezidenti Fərman Nəbiyev isə bildirib ki, oxşar təcrübə bu il Mingəçevirdə həyata keçirilib: “Şəhərin İcra Hakimiyyəti başçısı İlham İsmayılovun tapşırığına əsasən yerli Yaşıllaşdırma və Təmizlik İdarəsi Mingəçevirin Şərq giriş qapısı ətrafındakı ərazini əkinə yararlı vəziyyətə gətirdi, ətrafını hasarladı və içərisində damcı suvarma sistemini qurdu. Noyabrın 1-də idarənin işçiləri, MDU-nun tələbələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağac əkmə aksiyamız baş tutdu. Gəncədən gətirilən 120 çinar artıq Mingəçevirdən boylanır. Yeni parkın salınması Zəfərimizin 5 illik yubileyinə və şəhərimizin 77 yaşına hədiyyəmiz oldu”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.