Fransa səfirinin başçılıq etdiyi nümayəndə heyəti Mingəçevirdə
Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun başçılıq etdiyi nümayəndə heyəti Mingəçevirə 2 günlük səfərə gəlib. Qonaqları qəbul edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin təhsil, mədəniyyət və sənaye potensialı barədə məlumat verib, tarixi barədə danışıb: “Mingəçevir gənc şəhərdir, 11 noyabr 1948-ci ildə şəhər statusu alıb. Lakin bu ərazi qədim yaşayış məskənidir. Arxeloji qazıntılardan göründüyü kimi, burada yaşayış 4-5 min il əvvələ gedib çıxır. Eksponatların böyük hissəsi şəhərin tarix muzeyində saxlanılır”.
2015-ci ildən Mingəçevirdə Yüksək Texnologiyalar Parkının fəaliyyət göstərdiyini diqqətə çatdıran başçı şəhərin turizm potensialı, xüsusən “Kür” OTİM-in fəaliyyəti haqda söhbət açıb və vurğulayıb ki, iki tərəfli əməkdaşlıq üçün Mingəçevirin geniş imkanları var: “Fransız iş adamları Mingəçevirə diqqət göstərə, investisiya yönəldə bilərlər. Mingəçevirdə sənaye və turizmin inkişafı üçün artıq dövlət səviyyəsində layihələr hazirlanır və yaxşı olar ki, fransız iş adamları da bu layihələrdə iştirak etsinlər”.
Səfir Zakari Qros səmimi görüşə görə minnətdarlıq edib və Mingəçeviri təmizlik və yaşıllığına, sakit bir şəhər olmasına görə çox bəyəndiyini deyib. Onu da bildirib ki, iki gün ərzində Mingəçevirlə yaxından tanış olacaq, Azərbaycanda fəaliyyət göstərən fransız şirkətlərinin nümayəndələri və müşavirləri ilə görüşəcək, burda səslənən fikirləri onların nəzərinə çatdıracaq.
Şərhlər bağlıdır.