Fırtına, qasırğa, burağan zamanı həyatını necə qorumaq olar?
FHN bu kimi fövqəladə hallarla bağlı davranış qaydalarını əhalinin nəzərinə çatdırır
Külək – havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru Yer səthi üzərində üfüqi istiqamətdə hərəkətinə deyilir.
Fırtına – dənizdə iri dalğaların əmələ gəlməsinə, quruda dağıntılara səbəb olan saatda 75-117 kilometr sürətli güclü küləkdir.
Qasırğa – sürəti saatda 118 kilometr və daha artıq olan güclü (dağıdıcı) küləkdir.
Burağan – havanın sütun və ya qıf formasında burulğanlı hərəkətidir. Burağanda hava orta hesabla saatda 300 kilometr sürətlə 1000-1500 metr hündürlükdə hərəkət edir.
Güclü küləklər dağıntı və tələfata səbəb olduğundan aşağıdakı qaydalara əməl edilməlidir.
Bu təbiət hadisələri ilə bağlı davranış qaydaları:
-qapı və pəncərələri bərkidin, kağız zolaqlar yapışdırmaqla pəncərənin küləyin təzyiqinə davamlılığını artırın;
-evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin;
-içəri otaqlardan birini daldalanmaq üçün hazırlayın, bütün ehtiyat ləvazimatlarını oraya yığın.
Güclü qasırğa və burağan zamanı:
-qasırğa vaxtı evdəsinizsə, soba və elektrik cihazlarını söndürün, qazı bağlayın;
-əvvəlcədən hazırlanmış içəri otağa və ya dəhlizdə pəncərəsi olmayan bir yerə keçin;
-fəlakət barədə rəsmi orqanların ən son məlumatlarını izləyib tövsiyələrə əməl edin;
-qasırğa sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı tikili, körpü, estakada, sənaye müəssisəsi, çay və dəniz sahilinə yaxınlaşmayın, elektrik dirəyi və məftilləri, hündür ağacların altında dayanmayın;
-dərhal yaxınlıqdakı binaların zirzəmilərində, möhkəm tikililərdə daldalanmağa çalışın;
-üzünüzü küləyin ətrafa atdığı daş və şüşə parçalarından faner, karton və ya digər bərk əşya ilə, ağız-burnunuzu isə tozdan yaylıq və ya şərflə qoruyun;
-burağan zamanı evdəsinizsə, dərhal zirzəmiyə keçin. Çöllükdəsinizsə, yaxınlıqdakı çökək və ya xəndəkdə uzanıb dibə sıxılın;
-maşındasınızsa, onu saxlayın, salondan çıxıb yaxınlıqdakı çökək və ya xəndəkdə daldalanın.
FHN Aran Regional Mərkəzi
Maarifləndirmə sektoru
Şərhlər bağlıdır.