Bizimlə həyatınız həmişə işıqlı olacaq!

FHN-in növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb

Azərbaycan, hər zaman olduğu kimi, Türkiyədə baş vermiş zəlzələ zamanında da qardaş ölkənin yanındadır.

Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.

Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb;

Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi edib: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”. Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır;

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”;

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir. Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər .

FHN Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.