Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Faciəyə gülən Azərbaycan gəncləri

252

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatrında Arif Mədətovun “Aylı gecə” əsəri əsasında xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi tamaşaya baxış oldu. Tamaşa daxilən zəngin, zahirən eybəcər rəssamın – Ayoğlanın (bu əsas obrazı teatrın gənc və isdedadlı aktyoru İbrahim Türksoy canlandırdı) nakam sevgisindən bəhs edirdi. Ayoğlanın saf sevgisinə biganə qalan Alagöz (Ruhəngiz Abdullayeva) dələduzluqla məşğul olan Səlimin (İlqar Rəhimov) yalan vədlərinə və saxta sevgisinə inanır. Səlim Alagözün hissləri ilə oynayaraq, onu aldadır və evini əlindən alaraq satır, Alagözün bacısı Sona insani hisslərinə, ürəyinin saflığına görə Ayoğlana aşiq olur. Sonda Ayoğlan Alagözü və Sonanı xilas etmək üçün Səlimi qətlə yetirir.

Əsər müəllifinin də iştirak etdiyi baxış zamanı tamaşaçıların böyük əksəriyyəti gənclər idi. Təəccüblü və təəssüf doğuran haldır ki, bu gənclərin çoxu nakam sevgidən bəhs edən faciəyə baxış zaman aktyorların səhnədəki fəryadına yersiz olaraq gülür, ucadan fit çalır, yerlərindən aktyorlara replikalar atırdılar. Bəlkə bu günkü Azərbaycan gəncinə yalnız komediya lazımdır? Ancaq komediya da yalnız gülmək üçün deyil.

YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin fəal üzvü, tarixçi Vüsal Məmmədovun fikrincə, gənclərin problemləri o qədər çoxdur ki, onlar hər epizoda gülərək öz problemlərini unutmağa çalışırlar: “Bəlkə də faciəyə gülən gənclər əslində nəyə güldüklərini dərk edə bilmirlər”.

Mingəçevir Turizm Kollecinin məzunu, rəssam Fidan Sadəddinli deyir ki, indiki Azərbaycan gənci teatr sənətinə biganədir.

TİENS şirkətinin sağlamlıq üzrə məsləhətçisi Yusif Məmmədov düşünür ki, bu gənclərin psixoloji durumu ilə bağlı ola bilıər: “Gənclərin bir çoxu tamaşa dedikdə elə başa düşür ki, bu yalnız gülüş üçündür. Yəni tamaşaya baxırıqsa, deməli gülməliyik, qeyri-adi hərəkətlər etməliyik, gözlənilməz bir söz olarsa, alqışlamalıyıq”.

“İdeal gənclər” İctimai Birliyinin sədr müavini Elmir Həsənovun qənaətinə görə, ağılları gözlərində olanlar yalnız gördüklərinə inanırlar və gördükləri hər nədirsə ona reaksiya verirlər: “Gənclərin teatr tamaşalarında az-az iştirak etmələri onlarda tamaşaçı mədəniyyətinin yaranmasına mane olur”.

“Faciəyə gülüş” yalnız bədii darm əsərlərinə baxarkən deyil hətta torpaqlarınızın işğal günlərində, 20 yanvar və Xocalı faciələrinin anma mərasimləri ilə bağlı kompazisiyaların təqdimatı zamanı da baş verir. Görəsən səhnədəki fəryada gülən gənclərimizin tarixi faciələrimizdən xəbəri varmı?

Əziz gənclər! Teatr mədəniyyətdir, teatr bizə bizi olduğumuz kimi göstərən güzgüdür. Gəlin mədəniyyətimizi qoruyaq. Gəlin milli dəyərlərimizi sevək…

Şərhlər bağlıdır.