Fərman Nəbiyev: “Xəbər də tort kimidir, kimin əlinə düşsə, əvvəl üstündəki şokoladı yeyir”
Dekabrın 28-də Mingəçevir Media Mərkəzində gerçəkləşən dördüncü məşğələnin iştirakçıları mətni xammaldan hazır məhsula çevirməyə çalışıblar. Proqramın rəhbəri və təlimçisi, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bu qənaətdədir. Onun dediyinə görə, dörd məşğələdən sonra qızlar artıq bilirlər ki, xəbər konteynerinə lid, əsas hissə, kontekst və uzaq kontekst necə yığılır: “Onlara izah etdim ki, xəbər də tort kimidir, kimin əlinə düşsə, əvvəl üstündəki şokoladı yeyir. Çünki şokolad tortun canıdır. Və biz xəbərin hissələrini konteynerə daşıyanda çevrilmiş piramidanın üst hissəsini “şokolada” ayırırıq”.
F.Nəbiyev əlavə edib ki, təlim zamanı mətnin qaralama variantının hazırlanması və səliqəyə salınması, faktların tamamlanması, başlığın və yarımbaşlığın hazırlanması ilə bağlı müzakirələr aparılıb. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi İdarə Heyətinin üzvü və proqramın təlimçisi Yeganə Nəbiyevanın köməyilə gənclər gələn həftə gender məsələləri ilə bağlı araşdıracaqları mövzuları da müəyyənləşdiriblər.
Xəbər verdiyimiz kimi, dekabrın 15-dən Mingəçevirdə “Tələbə qızların xəbər dünyası” 6 həftəlik təlim proqramına başlanıb. Proqram Avropa Birliyi və BMT İnkişaf Proqramının Azərbaycan ofisinin birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin gender aspektini nəzərə almaqla icrasında vətəndaş cəmiyyətinin rolunun təşviqi” adlı layihəsi üzrə DataHub MMC və Avrasiya Əməkdaşlıq Fondu ekspertlərinin icra etdiyi “Qadınların Səsinin Aşkarlanması” təşəbbüsü çərçivəsində gerçəkləşir.
Şərhlər bağlıdır.