Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan Milli Mətbuat günü ərəfəsində bir qrup media nümayəndələri ilə görüşdü. Aramızda səmimi söhbət oldu. İntiqam bəylə onu və bizi narahat edən məsələləri müzakirə etdik, teatrın qısa müddət ərzində əldə etdiyi uğurlarından danışdıq. “Mən məmurlara deyil, mətbuata güvənirəm”, – deyən İntiqam bəy, həmkarlarıma “Teatrın dostu”, mənə isə “Ən fəal tamaşaçı” mükafatını təqdim etdi. Bu diqqətə görə İntiqam Soltana təşəkkür edirik.
Əslində ən fəal tamaşaçı adını qazanmaq hər insana nəsib olmur. Bunun üçün teatrı sevmək, tamaşalara gəlmək, səhnədə oynanılan taleləri öz içindən keçirmək, onları duyub, yaşamaq lazımdır.
Teatrın yaşaması və inkişaf etməsi üçün tamaşaçıların fəal olması çox önəmlidir. Onların həm maddi, həm də mənəvi dəstəyi teatrın büdcəsinə və aktyorların motivasiyasına təsir edir. Bu da teatrın mövqeyini gücləndirir və cəmiyyət üçün əhəmiyyətli bir təşkilat olduğunu sübut edir. Nəticədə daha çox insanın teatra maraq göstərməsinə və teatrın yaşamasına kömək edir.
Arzu edirəm ki, hamımız fəal tamaşaçı olaq. Teatrın təşkilatçıları ilə sıx əlaqə saxlayaq. Onlarla əks əlaqəmiz olsun. Teatra dəstək göstərmək üçün tədbir, festival və sərgilərə qoşulaq. Bu, teatrın yaşaması və bizim daha çox tamaşa təcrübəsi qazanmağımızı təmin edər.
“Hərənizin iki əli var. Mən xahiş edirəm, gələn mövsümdə hər əlinizlə bir nəfərin əlindən tutub, teatra gətirin”. İnanıram ki, İntiqam Soltanın bu çağırışı gələn mövsümdə fəal tamaşaçıların sayını xeyli artıracaq.
Şərhlər bağlıdır.