Məryəm Məcidova: “Biz uşaqlıqdan Qarabağ mahnılarıyla böyümüşük. Eyni zamanda Qarabağın acısını çəkmişik”
Oktyabrın 15-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Mingəçevirli gənclərlə görüşüb. Onlarda vətənpərvərlik ruhu aşılamaq yönündə söhbətlər aparılıb, məcburi köçkün ailələrindən olan gənclərdən müsahibələr alınıb.
133 gənclər təşkilatını özündə birləşdirən Milli Şuranın sədri Məryəm Məcidova Goranboy, Naftalan, Gəncə və Mingəçevir gənclərini ziyarətə gəldiklərini və bölgələrdə gənclərlə ruhlandırıcı görüşlər keçirib, onlara mesajlar vermək istədiklərini deyib: “Gənclərimiz sosial şəbəkələrdə saxta məlumatlara inanmasınlar və doğru, düzgün məlumatları cəmiyyətimizə və beynəlxalq aləmə çatdırsınlar. İnternet limiti var. Amma buna baxmayaraq, istər səngərdə əsgər kimi, istərsə də informasiya müharibəsində gənclərimiz daha fəal və nikbin olmalıdırlar. Son 17 gündə bu fəallıq daha çox hiss olunur. 30 ildir bu qələbəni gözləyirik. Təbii ki, artıq hamının səbr kasası dolub. Hamı istəyir ki, öz torpaqlarına geri qayıtsın. Biz uşaqlıqdan Qarabağ mahnılarıyla böyümüşük. Eyni zamanda Qarabağın acısını çəkmişik”.
Məryəm Məcidova Gəncədə də itki ilə üzləşən insanların olmasına baxmayaraq, yerli sakinlərin qələbəni gözlədiklərini və bunun qürurverici bir hiss olduğunu nəzərimizə çatdırıb. O, Ermənistan ordusunun atdığı raket zərbəsindən Mingəçevirdə zərərçəkən ailələrlə görüşəcəyini də deyib: “Biz “İşıqlı gələcək” İctimai Birliyinin də üzvləri ilə birgə onlara yardım da çatdıracağıq”.
Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimovun fikrincə, Qarabağ müharibəsində bütün Azərbaycan həmrəydir və Azərbaycan gəncliyi də son dövrlərin ən böyük birliyini yaşayır: “Bugünlərdə cəbhədə gedən uğurlu qələbələrimiz və cənab ali baş komandanın qətiyyətli çixişları və addımları gənclər arasında böyük ruh yüksəkliyi yaradib. Məhz bu vətənpərvərlik ruhunun yüksək olmasıdır ki, əsgərlərimiz əmzlə irəliləyir və şanlı qələbələr qazanırlar. Biz də təskilat olaraq, bu işə öz töhfəmizi verməyə çalışırıq. Gənclərimizi həm ön cəbhədə, həm də arxa cəbhədə aktiv olmağa cağırır, bunun üçün əlimizdən gələni edirik”.
Tədbirin yekununda aktiv gənclərdən olan Etiram Sadıqzadə “Mən daha məcburi köçkün deyiləm” deyib. O, qələbə xəbərlərini böyük sevinclə qarşılayıb: “Oktyabrın 14-də işğaldan azad olunan ərazilərimiz arasında 27 il həsrətində olduğum, bu günə qədər yalnız şəkillərdə və yuxularımda gördüyüm, dədə-baba yurdum olan Füzuli rayonunun Qarakollu kəndinin adını görəndə yaşadığım hissləri sözlə ifadə edə bilmədim. Bu qürurlu və sevincli tarixi günləri bizlərə yaşatdığı üçün Prezidentimiz başda olmaqla Azərbaycan ordusuna təşəkkür edirəm”.
Məcburi köçkün ailələrindən olan digər gənclər də öz fikirlərini bölüşüblər. Xatirə şəkli bu görüşü yaddaşlara həkk edib.
Şərhlər bağlıdır.