“Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə”
Mingəçevir şəhər Gənclər Evində “Erkən nikahların qarşısının alınması”sahəsində maarifləndirici görüş keçirilib. “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin icraaçı direktoru Kəmalə Aşumova məişət zorakılığı, erkən nikahların yaranma səbəbləri, onların qarşısının alınması yolları barədə məlumat verib: “Erkən nikah ölkəmizdə mövcud olan aktual problemlərdən biridir. Respublikamızda yuxarı siniflərdə təhsil alan qız uşaqlarının təhsildən yayınması, erkən yaşda ailə qurmağa məcbur edilməsi hallarına hələ də rast gəlinir. Belə nikahlar isə sonradan müxtəlif ciddi fəsadlar yaradır. Erkən hamiləlik təkcə sonradan doğulan körpənin deyil, ananın da həyatını təhlükə qarşısında qoyur. Bu cür nikahların yaratdığı daha bir problem də gənclərin təhsildən yayınması və cəmiyyət üçün sağlam olmayan nəslin yetişməsi, əlilliyi olan uşaqların doğulmasıdır. Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər. Həm beynəlxalq sazişlər və konvensiyalar, həm də milli qanunvericiliyə əsasən erkən nikahların yolverilməz olduğu aydın görünür”.
Kəmalə Aşumova deyib ki, son illərdə ölkədə erkən nikahların qarşısının alınması və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb: “Qeyd olunan problemləri nəzərə alaraq, “Ümidli Gələcək” Gənclər təşkilatı Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 2016-cı ilin avqust-dekabr ayları ərzində Mingəçevir, Yevlax, Quba, Xaçmaz, Qusar, Lənkəran və Masallı rayonlarında “Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə” layihəsini həyata keçirməyi planlaşdırır. Layihənin əsas məqsədi ucqar kənd və qəsəbələrdə yaşayan uşaqların (əsasən də, qız uşaqlarının) insan alveri və erkən nikahın qurbanı olmamaları üçün maarifləndirici seminar və təlimlərin təşkili, psixoloji dəstək mexanizmlərinin işlənməsi, uşaq qaynar xətt xidmətinin təşviqi ilə uşaqların psixoloji və emosional dəstək mexanizmlərinin əlçatanlığının təmin edilməsi, erkən nikahların bəzən səbəb olduğu uşaq intiharlarının profilaktikasının aparılması və sağlam ailə və sağlam nəslin yetişməsinə dəstək verməkdir.
Şərhlər bağlıdır.