Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Elektriklə diqqətli davranın

Elektriklə bağlı bədbəxt hadisələrin çoxuna nasaz vəziyyətdə olan elektrik cihazları ilə ehtiyatsız davranış səbəb olur

Yaşadığımız dövrdə elektrik enerjisinin böyük rol oynadığı danılmazdır. Lakin onun yarada biləcəyi təhlükə də hamıya məlumdur. Bu səbəbdən elektrik cihazları, şəbəkələri və məftilləri ilə çox diqqətli davranmaq lazımdır.

Təhlükə yaradan vasitələrdən biri yerə düşmüş elektrik məftilləridir. Diqqətli olun, belə məftillər çox təhlükəlidir. Heç vaxt özünüz yerə düşmüş məftili təmir etməyə çalışmayın.

Xüsusilə güclü külək zamanı yerə düşmüş məftillərlə daha ehtiyatlı olun. Çünki bu zaman onun aşağı, orta və ya yüksək gərginlikli məftil olub-olmadığı barədə heç nə bilmək olmur.

Bir sıra təhlükələrdən fərqli olaraq elektrik təhlükəsini müəyyən etmək çətindir, belə ki, onun nə rəngi, nə iyi, nə də səsi var. Burada görmə, eşitmə, iybilmə və dadbilmə duyğuları köməyə gəlmir. Toxunaraq yoxlamağa isə güvənmək məsləhət deyil. Çünki bu sizə həyat bahasına başa gələ bilər. Məftilin şəbəkəyə qoşulu olub-olmadığını yoxlamaq üçün barmağınızı ona toxundurmayın.

Yüksək voltlu məftillərə toxunan zaman çox ağır elektrik zədəsi alınır. Əgər yüksək voltlu kabel qırılıb yerə düşürsə, o zaman onun ətrafında 25 m-ə qədər radiusda təhlükəli zona yaranır.

Əgər yerə düşmüş elektrik məftili görmüsünüzsə, özünüz bu maneəni aradan qaldırmağa çalışmayın. Xüsusən də ağacla kontaktda olan belə məftil gördükdə ağacı çəkməyə və ya aradan götürməyə səy göstərməyin. Bu çox təhlükəlidir.

Nəm ağac elektrik enerjisinin yaxşı keçiricisidir və ona toxunmaq olmaz.

Yerə düşmüş məftillərə qarşı valideynlər xüsusi diqqətli olmalıdır. Belə ki, valideynlər uşaqlara mütləq başa salmalıdırlar ki, onlar elektrik xətlərinin yaxınlığında oynamasınlar və qəti olaraq onlara toxunmasınlar.

Elektriklə bağlı bədbəxt hadisələrdən uzaq olmaq üçün bir sıra qaydalara riayət etmək lazımdır:

– Elektrik cihazlarını və məftillərini nasaz vəziyyətdə saxlamayın.

– Eyni bir vaxtda həm elektrik cihazı, həm də metal predmetlərdən tutmağa çalışmayın. Elektrik cihazlarına yaş əllə toxunmayın.

– Uşaqlara elektrikin təhlükəlilik dərəcəsini izah edin.

– Yüksək gərginlikli xətlərin bağlı olduğu dirəklərə çıxmayın. Belə xətlərin altında uşaqların oynamasına icazə verməyin.

Elektriklə bağlı bədbəxt hadisələrin çoxuna nasaz vəziyyətdə olan elektrik cihazları ilə ehtiyatsız davranış səbəb olur. Bu səbəbdən öz təhlükəsizliyiniz üçün elektriklə ehtiyatlı və diqqətli davranın.

 

 

FHN Aran Regional Mərkəzi

Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.