“Eko-TES” növbəti layihəsini başa çatdırdı
“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Biomüxtəlifliyin qorunması ərzaq təhlükəsizliyi və sağlamlığımızın əsasıdır” adlı layihəsi çərçivəsində şəhər sakinləri ilə görüş keçirib. Birliyin və layihənin rəhbəri Çingiz Nəzərov bildirib ki, biomüxtəliflik təkcə ekoloji amil deyil, həyat və yaşayış üçün əsas amillərdən biridir: “Biomüxtəlifliyin qorunması təkcə bitki və canlıların növ müxtəlifliyinin qorunması deyil, həm də insan həyatının, yaşayışının təmin edilməsi baxımından zəruridir. Biz insanlar biomüxtəlifliyi qorumaqla davamlı inkişafa nail ola bilərik. O bizim həm sağlamlığımız, həm də ərzaq təhlükəsizliyimizdir”.
Mingəçevir Bələdiyyəsinin yerli-sosial məsələləri üzrə daimi komitəsinin sədri, layihənin mütəxəsisi Zahid Qasımlı 4 ay davam edən layihə çərçivəsində Mingəçevir televiziyası ilə verlişlərin, dəyirmi masaların hazırlandığını, şəhərdəki 3 saylı orta məktəbdə açıq dərslərin keçirildiyini nəzərə çatdırıb. O, bildirib ki, təbii fəlakətlərin baş verməsi, insanların öz işlərini genişləndirmək məqsədilə meşələri qırması, geni dəyişmiş məhsulların süfrəmizdə çoxalması biomüxtəlifliyi zədələyən məsələlərdəndir: “Əgər ağaclar qırılıb, hansısa heyvanın kökü kəsilərsə, bu hamımızın problemidir.Təbiətin qoynunda yaşayan bütün canlıları qorumalıyıq”.
“Qurtuluş” teleradio şirkətinin regional direktoru İnqilab Şirinbəyli, Əfqanıstan Veteranları İctimai Birliyi Mingəçevir filialının sədri Elşən İbrahimli, Mingəçevir şəhər xəstəxanasının həkimi Vüqar Xuduyev, təqaüdçü Cəfər Sadıqov, mühəndis proqramçı Çingiz Bağırov mövzu ətrafında fikirlərini bölüşüblər.
Bu ilin may ayından başlayan layihə artıq yekunlaşmaq üzrədir.
Şərhlər bağlıdır.