Əczaxanalar kağız reseptləri qəbul etməyəcək
“Regionlarda Əczaçılıq Biznesinin inkişafı və elektron resept tətbiqinin maarifləndirilməsi” mövzusunda növbəti konfrans Mingəçevirdə keçirilib
“Yaxın bir neçə ay ərzində ölkədə Elektron Resept sistemi işlək vəziyyətdə olacaq. Mövcud yenilik tibb müəssisələrindən vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bununla da kağız şəklində həkimlərdən xəstələrə əl ilə verilən kağız reseptlərin qəbulu dayandırılır”.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi Aqşin Səmədov 24 may 2024-cü ildə Mingəçevir Dövlət Universitetində “Regionlarda Əczaçılıq Biznesinin inkişafı və elektron resept tətbiqinin maarifləndirilməsi” mövzusunda keçirilən konfransda danışıb. O, diqqətə çatdırıb ki, bu, bir çox pozitiv dəyişikliklərə səbəb olacaq: “İlk növbədə həkimlə aptek arasındakı qeyri-sağlam münasibətlərin aradan qaldırılmasında nəzarət sistemi formalaşacaq. Bundan sonra hansı həkimin xəstəni daha çox hansı aptekə yönləndirdiyini yoxlamaq mümkün olacaq. Hansı dərman vasitəsinə tələbatın çox olduğu və ya hansının çatışmadığı barədə həm səhiyyə müəssisələri, həm də dərmanı topdan satış edənlər vaxtında xəbər tutacaq. Sistemin aktiv iştirakçısı olan müştəri (xəstə) də prosesə şəxsi kabineti vasitəsilə qoşulacaq. Bütün bunlar dərman bazarının tənzimlənməsinə müsbət təsir edəcək”.
Əczaçılar klubu İctimai Birliyinın təşkilatçılığı, Səhiyyə Nazirliyi və KOBİA-nın dəstəyi ilə baş tutan konfransda İctimai Birliyin İdarə Heyətinin sədri Sövqü Bünyatov, KOBİA-nın Göyçay üzrə nümayəndəsi Rahim Məmmədov, MDU-nun elmi işlər üzrə prorektoru, professor Veysəl Eyyubov çıxış ediblər. Bundan sonra əczaçılıq məhsullarının satışı ilə məşğul olan “Stada”, “Azfarma” və “Diamed” şirkətləri nümayəndələri Mina Avşar, Nizami Hüseynov və Gülnarə xanımın məhsullarının tanıdılması məqsədilə geniş təqdimatları olub.
Konfransda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Şirin Şahbazov və Əczacilar sektorunun nümayəndəsi Rüstəm Məmmədov da fikirlərini çatdırıb və iştirakçıların suallarını cavablandırıblar.
Sonda tədbirin iştirakçısı olan 200-dən çox həkim, əczaçı və digər səhiyyə işçisinə E-resept təlimi ilə bağlı sertifikat verilib. Bundan öncə digər bölgələrdə də eyni mövzuda keçirilən konfranslar davam etməkdədir.
Şərhlər bağlıdır.