Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dr. Jelisaveta Blagojevic: “Dünyanı dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq”

Mayın 20 və 21-də Avropa Şurası və AŞ-ın Bakı Ofisinin dəstəyilə Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi layihəsi şərçivəsində iki günlük onlayn təlim baş tutub. “Gender-əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar” mövzusunda təlimə müxtəlif media orqanlarından nümayəndələr qatılıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, AŞ-ın Bakı Ofisinin nümayəndəsi Vüsal Behbudov, JuHİ sədri Müşfiq Ələsgərli ölkədə mətbuatın durumu, gələcək perspektivləri haqda danışıblar. Təlimçi Dr. Jelisaveta Blagojevic gender-əsaslı zorakılığın qarşısının alınması və onun aradan qaldırılmasında medianın rolu, bunun üçün istifadə olunan hüquqi alətlər barədə danışıb, qanunvericilik aktlarını xatırladıb, o cümlədən İstanbul Konvensiyasının 17-ci maddəsini (Özəl sektor və medianın iştirakı) şərh edib. Ekspert gender-əsaslı zorakılıq hallarına dair reportajların hazırlanması zamanı etik prinsiplər və konkret təlimatlar haqqında da məlumat verib.

İnteraktiv formada keçən müzakirələrdə media təmsilçiləri bəzi yazılarda cinslərin fərqləndirilməsi, hadisə iştirakçıların hüquqlarının pozulması və oxucularda xoşagəlməz təəssürat yaradılması hallarına yol verdiklərini etiraf ediblər. Vurğulanıb ki, jurnalistlərin peşəkarlıqlarının artırılması yönündə belə təlimlər çox faydalıdır.

Jelisaveta xanım KİV təmsilçilərinə özlərini hadisələrin içində görməyi, yazılarının cəmiyyətə təsirini analiz etməyi və bununla dünyanı dəyişə biləcəklərini tövsiyə edib: “Dünyanı dəyişmək istəyiriksə, ilk olaraq özümüzdən başlamalıyıq”.

Şərhlər bağlıdır.