Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Dördillik fasilədən sonra Avropa Şəhərciyi şənbə günü, mayın 14-də Bakı bulvarına qayıdır

Avropa Şəhərciyi ziyarətçilərə Avropa İttifaqı, onun dəyərləri və fəaliyyəti, Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlığı barədə daha çox məlumat əldə etməyə imkan verəcək

318

Rəsmi açılış saat 13:00-da Avropa İttifaqının Azərbaycandakı səfirlərinin, Avropa İttifaqına üzv dövlətlərin və Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavininin Elnur Əliyevin iştirakı ilə baş tutacaq.

Avropa Şəhərciyi 2022 tədbirinin təşkilatçıları Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-nin Bakıda akkreditə olunmuş üzv dövlətlərinin səfirlikləridir. Tədbirdə Aİ-nin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən layihələri də iştirak edəcək.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib: “Avropa Şəhərciyi Avropaya açılan pəncərədir, Avropa İttifaqının təşkil etdiyi zəngin mədəniyyət və müxtəliflikləri görmək, öyrənmək və zövq almaq imkanıdır. Biz bu bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən və onlara Aİ ilə Azərbaycanın birgə qurduqları möhkəm tərəfdaşlıq haqqında məlumat verməkdən məmnunuq.”

Avropa Şəhərciyi şənbə günü 11:00-dan 17:00-a qədər ziyarətçilər üçün açıq olacaq. Tədbirin zəngin və hərtərəfli proqramı bütün yaş qruplarını əhatə edir. Bu il həm də ” Avropa Gənclər günü ” kimi qeyd olunduğu üçün bir çox gənc tədbirə könüllü, iştirakçı, layihə əməkdaşı və gənc Avropa səfir kimi qoşularaq öz töhfələrini verəcəklər.

Avropa Şəhərciyinin ziyarətçiləri Fidan Hacıyevanın Vokal məktəbində Avropa mahnıları ifa edəcək, Uşaq kitab guşəsində nağıl personajları ilə kitab oxuyacaq, Məmmədyarovlar Şahmat Məktəbində yarışlara qatılacaq, mini-qatarla pulsuz səyahət edəcəklər. Hamı üçün Sağlam Həyat stendindəki maraqlı yarışları zumba məşqləri əvəz edəcək. “Neftçi” futbol klubunun kapitanı Emin Mahmudov və onun komanda yoldaşları AFFA-nın  qurduğu mini-futbol meydançşasında futbol həvəskarlarına əvəzolunmaz dəqiqələr bəxş edəcəklər.

Əsas səhnə gün boyu bir-birindən maraqlı ifalar, yarışlarla hadisələrin mərkəzinə çevriləcəkdir. Gənc Avropa Səfirlərinin və tədbirin aparıcısı Fuad Axundovun keçirəcəyi viktorinalarda və müsabiqələrdə də iştirak edənlər müxtəlif hədiyyələr qazana biləcəklər.

Avropa Şəhərciyi yolunuzu gözləyir

Ziyarətçilər Aİ-yə üzv dövlətlərin stendlərindən daha çox məlumat əldə edəcəklər. Aİ-nin Azərbaycanda dəstəklədiyi layihələrlə yaxından tanışlıq onlara suallara cavab aramağa imkan verəcəkdir. ERASMUS + layihəsi Avropada təhsil yolları barədə gənclərə məlumat və məsləhət verəcəkdir. Layihələrin stendlərində ziyarətçilər fotosərgilərlə tanış olacaq, misgərlik məmulatlarının hazırlanması, vitraj rəsmlərinin çəkilməsi kimi ustad dərslərinə qatılacaqlar.”Avropa Şəhərciyi 2022″ axşam saatlarına qədər ziyarətçilərə açıq olacaq. Saat 18:00-dan axşam saat 21:00-dək möhtəşəm axşam konserti ilə Avropa Şəhərciyi 2022-nin bağlanış mərasimi baş tutacaq.  Konsertdə tanınmış  müğənnilər Dilarə Kazımova, Ülviyyə Rəhimova, Yelena Naumova, həmçinin DJ Ruslan və DJ Azad çıxış edəcəklər. Konsertin aparıcısı Natella Kərimova da tamaşaçıları bir neçə viktorina proqramları ilə əyləndirəcək. Bakıda  Avropanı kəşf etmək üçün Avropa Şəhərciyi 2022-də bizə qoşulun!

ŞƏRH YAZIN