AktualAzərbaycanMərkəzi QurumlarMi-TVVideo

Diplomatlar dağıntıların törədildiyi ərazilərdə müşahidə aparıblar

Azərbaycandakı diplomatik korpusun nümayəndələriGəncədə və Mingəçevirdə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazilərdə olublar

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə və Mingəçevirdə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazilərdə olublar. Onları Prezidentin köməkçisi Hikmət Hacıyev müşaiyət edib. Səfərin məqsədi Ermənistanın mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etmək olub.

Diqqətə çatdırılıb ki,  Gəncədə yaşayış ərazisinin raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs ölüb, 40-dan çox insan yaralanıb. Xarici diplomatlara hadisələrlə bağlı məlumat verən Hikmət Hacıyev bildirib ki, Gəncə şəhəri 4 oktyabrdan başlayaraq, Ermənistanın raket zərbələri altındadır. “Gəncəyə atılan “SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, çox unikal hallardan biridir ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik olan raket atılsın”,- deyə Hikmət Hacıyev əlavə edib və vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur və bütün bunlar vandalizm və barbarizm aktlarıdır.

Prezidentin köməkçisi humanitar atəşkəslə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, düşmən bir tərəfdən humanitar atəşkəs istəyir, digər tərəfdən Azərbaycanın mülki insanlarına qarşı hücumlar həyata keçirir: “Eyni zamanda, qoşunların təmas xəttində də Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azəbaycanın mövqelərinə qarşı hücumlar həyata keçirilir. Onlar bizim işğaldan azad edilmiş torpaqlarımızı yenidən ələ keçirmək üçün bunu edirlər. Azərbaycan Silahlı Qüvvələri burada onlara layiqli cavab vermək məcburiyyətindədir”.

Tədbirdə iştirak edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov da baş verənlər barədə nümayəndələri məlumatlandırıb. ANAMA-nın direktoru bildirib ki, Gəncəyə atılan raketin qalıqları Mingəçevirdə partlayan raketin qalıqları ilə eynidir.

***

Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədən sonra Mingəçevirə səfər ediblər. Onlar Ermənistanın mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə yerində tanış olub, dağıdılmış ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.

Həyatının 36 ilini Mingəçevirdəki İstilik  Elektrik Stansiyasında çalışan və düşmənin raket zərbəsi nəticəsində evi dağılan Fizuli Həsənov deyib ki, hazırda iki övladı da cəbhədə döyüşür: “Biz isə  burada enerji istehsal edirik. Bizim vətəndaşlıq borcumumz var. İstəyirik ki, itirilmiş torpaqlarımızı azad edək.Uzun illər ermənilərlə birlikdə yaşamışıq. Biz bütün xalqlarla qonşuluq şəraitində yaşamışıq. Düşmənin bu həmlələri bizi qorxutmur. Biz sadəcə olaraq öz torpaqlarımızı istəyirik”.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev diqqətə çatdırıb ki, Azərbaycanın ümumi enerji təminatında Mingəçevirdəki İstilik  Elektrik Stansiyasının payı 15% təşkil edir. Onun sözlərinə görə, bu stansiya əsasən elektrik enerji ixracı üçün yenidən qurulub və istifadə olunur: “Bildiyiniz kimi, Azərbaycan Gürcüstana, eləcə də Türkiyə üzərindən Avropa ölkələrinə elektrik enerjisini ixrac edir…“Düşmənin  məqsədi hamıya aydındır. Azərbaycan əhalisi arasında inamsızlıq yaratmaq, bu strateji obyekti hədəf nöqtəsinə çevirməklə ölkə iqtisadiyyatına zərbə vurmaq. Mən çox böyük şərəflə demək istəyirəm ki, bu gün bizim bu cür elektrik stansiyalarımız Azərbaycanda çoxdur. Azərbaycanın 20 min energetiki arxa cəbhədə Ali Baş Komandanın bütün göstərişlərini yerinə yetirməyə hazırdır. Biz Azərbaycan xalqını enerjisiz qoymayacağıq, cəbhədə necə, burada da uğurlarımız həmişə yüksək səviyyədə olacaq”.

Qonaqlar “Azərenerji”nin Qarabağ müharibəsində şəhid olmuş 23 əməkdaşının xatirəsinə ucaldılan  komplekslə də tanış olublar.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close